NATO Baş katibi Yens Stoltenberq Əfqanıstana əvvəlcədən elan edilməmiş səfərə yola düşüb. TASS xəbər verir ki, bu barədə Alyansın nümayəndəsi Oana Lungesku "Twitter"də məlumat verib.
"Onu NATO Hərbi Komitəsinin rəhbəri Stüart Piç və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrin komandiri Körtis Skaparotti müşayiət edir", - o yazıb.
Məlumata görə, Y.Stoltenberq Əfqanıstan Prezidenti, hökumət üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir. Bundan əlavə, Baş katib NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının komandanı Skott Miller, NATO-nun baş mülki nümayəndəsi Kornelius Tsimmerman və missiyanın hərbi qulluqçuları ilə görüşəcək.
Diplomatik mənbələrin məlumatına görə, NATO-nun Əfqanıstan hökuməti ilə müzakirə edəcəyi əsas mövzular NATO təlimçiləri və müşavirlərinin missiyasının mümkün genişləndirilməsi, "Taliban"la danışıqların perspektivləri və ildə, təxminən, 4 milyard dollardan çox tələb edən Əfqanıstan ordusunun xarici maliyyələşdirilməsi məsələləri olacaq.






