Yeni Zelandiyanın Ali Məhkəməsi ölkənin iki məscidində terror aktı törətmiş Brenton Tarrantın fotolarının kütləvi informasiya vasitələrində dərc olunmasına qadağanı ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Stuff” yerli portalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, əvvəllər telekanallar, qəzetlər və informasiya saytları B.Tarrantın fotolarını yalnız onun sifəti retuş edilmiş şəkildə dərc edə bilərdi.
“Bu barədə qərar ittiham tərəfinin cinayətkarın üzünün örtülməsinə daha ehtiyacın olmaması barədə bildirişinə görə ləğv edilir”,- deyə hakim Kemeron Mander bildirib.
Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Cənub adasında iki məscidə hücum edən B.Tarrant 51 nəfəri öldürüb, daha 50 nəfəri isə yaralayıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bunu terror aktı adlandırıb.






