Bu gün prezident İlham Əliyev Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.
Sözügedən tunelin inşasında məqsəd günün pik saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Bu layihənin icrası ərazidə yarana biləcək tıxacların qarşısının alınmasında mühüm rol oynayır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri Böyük Şor yol qovşağına daxil olmadan, həmçinin metronun “Koroğlu” stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcək.
Yollarda tıxacların azaldılması məqsədilə layihə çərçivəsində Heydər Əliyev prospektində - Sabunçu yol qovşağından Böyük Şor yol qovşağınadək olan hissədə təmir-tikinti işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan yolun bu hissəsinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir.
Musavat.com-un müxbiri açılışı olan yeni yoldakı son vəziyyəti müşahidə edib . İlk növbədə “Koroğlu” metrostansiyası ətrafındakı vəziyyətlə maraqlandıq. Bildiyiniz kimi, istər günorta, istərsə də axşam saatlarında metrostansiyanın qarşısında daim sıxlıq müşahidə olunurdu. Hazırda isə metronun “Koroğlu” stansiyasının ətrafındakı bütün avtobuslar digər keçidin yaxınlığında olan dayancaqlara köçürülüb və nəqliyyat vasitələrinin burada dayanması qadağan edilib. Öyrəndik ki, qaydalara əməl etməyən sürücüləri 100 manat məbləğində cərimə gözləyir. Bu səbəbdən də nəqliyyat vasitələri dayanmadan birbaşa hərəkət etməlidirlər. Sərnişinlər rahatlıqla avtobus dayancaqlarına gedərək, istədikləri istiqamətdə gedən avtobuslara minirlər.
Yeni yolun çəkilməsi “Koroğlu” metrostansiyası yaxınlığından keçən nəqliyyatın da işini asanlaşdırıb. Zabrat istiqamətində hərəkət etmək istəyənlər artıq bu nöqtəyə çatanda sürəti azaltmalı olmurlar. “Koroğlu” istiqamətindən müəyyən edilmiş sürətlə birbaşa hərəkət edirlər. Belə olan halda sıxlıq da müşahidə edilmir. Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri Böyük Şor yol qovşağına daxil olmadan, həmçinin metronun “Koroğlu” stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edirlər.
Burada inşa edilən tunelin qapalı hissəsinin uzunluğu 130, açıq hissəsinin uzunluğu 366 metr olmaqla, ümumi uzunluğu 496 metrə bərabərdir. Tunelin hərəkət hissəsinin eni 10 metrdir. Layihə çərçivəsində 193 metr yanaşma yolları inşa olunub, həmçinin Sabunçu yol qovşağınadək uzunluğu 702, eni isə 12 metr olan yeni yol hissəsi salınıb. Layihə zamanı inşa olunan biraşırımlı körpünün uzunluğu 27 metr, eni isə 12 metrdir. Bu yol qovşağının inşası zamanı genişmiqyaslı tikinti-quraşdırma işləri görülüb, tunel və yan yollarda sutkanın qaranlıq saatlarında təhlükəsiz hərəkət etmək üçün işıq dirəkləri qoyulub, iki nasosxana quraşdırılıb, tikinti sahəsinə düşən kanalizasiya və rabitə xətləri köçürülüb. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qovşağın inşası texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.
Maşrut avtobuslarının və digər nəqliyyat vasitələrinin yeni təşkil olunan dayanacağa gedib, vətəndaşlarla həmsöhbət olduq. Vətəndaşlar aparılan işlərdən razı qaldılarını bildirdilər: “Koroğlu” metrostansiyasının qarşısında dəqiqələrlə gözləməli olurduq. İndi əksinə, avtobuslar sərnişinləri gözləyir. Çünki hamısı təyin olunmuş vaxtla işləyir. Rahat şəkildə marşrut dayanacaqlarına gedib, öz marşrutumuza minirik. Digər tərəfdən, sərnişin avtobuslarının xətləri də dəyişib. Əvvəllər Heydər Əliyev prospekti ilə hərəkət edirdik. İndi Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə gedirik. Çox rahatdır, heç bir tıxacla qarşılaşmırıq. Düzdür, marşrut dayanacaqlarına gəlmək üçün bir xeyli yol qət edirik. Lakin bu problem deyil, zaman-zaman öyrəşəcəyik. Əsas odur ki, tıxac və sərnişin sıxlığı olmasın”.
Məğrur MƏRD
Fotolar müəllifindir






