Bu gün yeni yaradılan Azərbaycan Yüksəliş Partiyasının (AYP) idarə heyətinin təmsilçiləri “Yeni Müsavat” Media Qrupunu ziyarət ediblər.
Musavat.com bildirir ki, bu günlərdə yaradılan AYP üzvləri Anar Əsədli və Şəmsəddin Rəhimli “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə görüşüblər. Görüşdə AYP üzvləri partiyaları haqqında geniş məlumat veriblər.
Anar Əsədli bildirib ki, hazırda partiyanın 50-yə yaxın qurucusu var:
“Artıq partiyamızın üzvləri formalaşmağa başlayıb. Pandemiya vəziyyətindən asılı olaraq bu il noyabr ayının sonu, dekabrın əvvəlində qurultay keçirməyi planlaşdırırıq.
Adından da göründüyü kimi AYB yüksəliş partiyasıdır. Partiyanın ideologiyası sağ mərkəzli və milliyətçilikdir.
Partiyanın nüvəsi əsasən Xalq Hərəkatının 90-cı illərdə siyasi meydana atılan üzvləri və bu hərəkatın 2-ci və 3-cü nəslindən ibarətdir”.
Anar Əsədli xüsusilə vurğulayıb ki, təmsil etdikləri partiya seçkinin nəticəsində yaranmış siyasi təşkilat deyil:
“Bəzən deyirlər ki, parlament seçkilərindən sonra siyasi partiyaların ortaya çıxması gözlənilən idi. Amma bir daha qeyd edirəm ki, biz hələ 90-cı illərin əvvəllərində fəaliyyətdə olmuşuq. Şəxsən mən 20 yaşımda Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olmuşam. 1999-cu ilin dekabrında sonuncu sərəncam da bizimlə bağlı olub. Sadəcə bir müddət passiv fəaliyyət göstərirdik və düşünürdük ki, təxminən 15 il sonra yenidən siyasətə dönmək lazımdır.

Beləliklə, son iki ildə yenidən siyasi fəaliyyətə başlamağımız haqqında düşündük və qərar verdik. Qərara gəldik ki, təşkilatlanma olacaqsa, seçkilərdə iştirak edək. Yəni, seçkilərdə iştirak etməyimizin əsas məqsədi siyasi təşkilatlanma oldu”.
Anar Əsədli media orqanlarının ölkənin siyasi həyatında çox mühüm rol oynadığını da vurğulayıb: “Ölkədə siyasətin əsas qaynağı media orqanlarıdır. Bu səbəbdən arzulayırdıq ki, media qurumlarını ziyarət edib, onların xeyir-duasını alaq”.
"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə qeyd edib ki, yeni partiyanın yaradılması pandemiya dövrünün ən yaxşı xəbərlərindən biridir: “Bu onu göstərir ki, ölkədə daha bir yeni siyasi iddia, partiyalaşma prosesinə töhvə var. Düşünürəm ki, artıq iqtidar da anlayır ki, partiyaların rolunu kiçiltmək və onları siyasi həyatdan kənarda qoymaqla idarəetmə prosesini həyata keçirmək mümkün deyil. Partiyalaşmanın önəmini iqtidar da qəbullanıb və son islahatların əsas hədəflərindən biri də siyasi partiyalar seqmentidir. İqtidar müxalifətlə, partiyalarla münasibətlərinə əlaqələrinə yenidən baxır və bunun üçün yeni bir şöbə də yaradıb”.

Rauf Arifoğlu görüş zamanı diqqət çəkən proqnozlarını da dilə gətirib: “İnanıram və əminəm ki, yaxın iki ildə partiyaların siyasi həyatda iştirakını təmin etmək, onları ölkənin əsas səhnəsinə qaytarmaq üçün yeni bir parlament seçkiləri keçiriləcək. Bu çox önəmli, vacib və mühümdür. Dünyanın demokratiya elementləri olan ölkələrində əsas amil siyasi partiyalardır. Xalq, toplum, narazı elektorat rəsmi qeydiyyatdan keçən siyasi partiyalarda qruplaşmasa, fərqli paytaxtlara bağlı fərqli ideologiyalar, gizli təşkilatlar ətrafında qruplaşar”...
Görüşün sonunda Rauf Arifoğlu yeni yaradılan partiyaya uğurlar arzulayıb və media orqanının hər zaman bu prosesə dəstək verdiyini nəzərə çatdırıb.
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com






