İllər keçib, nəsillər dəyişdikcə Azərbaycanda toy adətləri də dəyişir. Artıq toylarda muğam və milli musiqilərin səslənməsindən çox əcnəbi mahnılara və ya pop musiqiyə üstünlük verirlər. Hazırda valideynlər başda olmaqla qohum, dost və qonşuların toy boyu çıxış etməsi cütlüklər tərəfindən arzu olunmur.
Reper Ramil Nabran da saytımıza müsahibəsində reperlərin toy biznesinə daxil olduğunu etiraf edir: “Əvvəllər dinləyici rep sevmirdi. Bu gün toylara rep gedir. İnsanlar tələb edir. Biz də sevərək tədbirlərində oxuyuruq”.
DJ Roşka da toyda onlara olan tələbatdan danışıb: “Son illər saat 21:00-u keçdisə, gənclər diskoteka istəyir. DJ-lərə olan tələbat artıb. Hazırda DJ-lərin sayı da günü gündən artır. Bizə olan sevginin çox olması hər baxımdan gözəldir. Bu hal məni sevindirir”.
Bəs, milli toy adətlərimizin dəyişməsinin cəmiyyətə hansısa mənfi təsirləri varmı?
Musavat.com mövzu ilə bağlı sosioloq Zəminə Səfərovanın fikirlərini öyrənib. O, deyib ki, toylar Azərbaycan xalqının mədəniyyətində ən mühüm yerlərdən birini tutur: “Dövlətçiliyimiz, tariximiz milli adət -ənənələrdən qaynaqlanır. Son illər çox təəssüflər olsun ki, bu adət-ənənələrimizi itirmək təhlükəsi ilə üz-üzəyik. Bunun da bir çox səbəbləri var. Ən birinci valideynlərin övladların fikri ilə razılaşmasıdır. Biz dəfələrlə bu problem haqqında danışsaq da, hər kəs öz istədiyi kimi toy edir. Qoruqları, muzeyləri, abidələri qoruduğumuz kimi toylarımızın da milliliyini qorumalıyıq.
Toyların necə olması barədə bizə qadağa qoyulmayıb. Milli adətlərimizi qorumaqla yanaşı israfçılıqdan da qaçmalıyıq. Toylarımıza dövlət tərəfindən nəzarət olunmalıdır. Yas mərasimlərində israflıq qadağan edildiyi kimi toylarda da israflığın qarşısını almalıdır. Avropasayağı toy etmək istəyənlər birinci onların süfrəyə az təam düzməyini və israflıqdan uzaq toylarını nümunə götürməlidir. Gənclər uzun-uzadı ritmik musiqi altında rəqs edirlər, amma orta və yaşlıları düşünmürlər. Hər məclisin ağsaqqalları olmalıdır. Hər toyun ssenarisini ağsaqqallar yazmalıdır.
Gəlin məclisə girən kimi rəqs etməməlidir. Əvvəllər toyun sonunda oğlan evi güclə qaldırırdı ki, bir qol qaldırıb oynasın. Amma indi elə deyil. Gəlin zala daxil olur, birinci masaları süzür ki, kim var, kim yox. sonra da başlayır əcaib mahnılara rəqs etməyə. Bu gəlinin özünə hörmətsizliyidir. Gəlinlik bir dəfə geyinilir. Ağ libas saflıqdır. O libasda həqiqi gəlin, xanım olmalısan. Əllərini neçə dəqiqəyə qaldırmalısan. Sonda bəylə, valideynlə rəqs etməlidir.
Gül atmaq da yersizdir. O haradan bizim toylara qoşulub bilmirəm. O vaxt, gəlin buğda, düyü atırdı. Onu da subayların adını deyərək səpirdi. Onu heç kim görmürdü. İndi yeni adət yaranıb, toyun ortasında xınayaxdı mərasimi keçirirlər. 40 dəqiqə mənasız haqıştalar dinləyirik, ağsaqqalların yanında gəlinə xoşagəlməz sözlər deyilir. Kişilər utanır, foyeyə çıxırlar. Yaxşı olar ki, xınayaxdıları toy məclisindən yığışdırılsın”.
Könül,
Musavat.com






