“Yeni Müsavat”ın reportyor qrupu olaraq, bir neçə gün öncə Xətai rayonu, Əhmədli qəsəbəsi, Naximov küçəsi 6 və 6a ünvanlarının problemlərini işıqlandırmış, yolların asfaltlanmasına, binaların arasındakı həyətin abadlaşdırılmasına, burada uşaqlar üçün oyun meydançasının, istirahət parkının yaradılmasına ehtiyac olduğunu bildirmişdik.
Sakinlər həmçinin binaların fasadının və dam örtüyünün, o cümlədən ərazinin kanalizasiya xətlərinin də yenilənməsinin zəruri olduğunu bildirmişdilər.
Bu materialın “Yeni Müsavat”da dərc olunmasından sonra rayon icra hakimiyyəti məsələyə operativ reaksiya verib və artıq binaların həyətinin abadlaşdırılmasına başlanılıb. Burada oyun meydançası, oturacaqlar, uşaq əyləncə vasitələri qoyulacaq.
Həmçinin binaların həyətindəki köhnə, baxımsız bağlar da sakinlərin özlərinin iştirakı ilə ləğv olunur. Onların yerində avtomobillər üçün park yerləri yaradılacaq və yaşıllıqlar salınacaq. Həmçinin tezliklə məhəlləarası yolun və binaların fasadlarının təmirinə də başlanacaq.
Sakinlər də görülən işlərdən məmnunluqlarını gizlətmirlər. Son 30 ildə ilk dəfə həyətlərində bu cür böyük yenidənqurma işlərinin aparılmasından dolayı rayon rəhbərliyinə və problemi gündəmdə saxlayan Yeni Müsavat Media Qrupuna təşəkkürlərini bildirdilər.
Nərgiz LİFTİYEVA,
Məğrur SALMANOV,
Məhəmməd TÜRKMƏN






