İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat”ın yeni ofisə köçməsindən 7 il ötür – köhnə-yeni fotolar

2102 02.02.2016 17:49 Media A A
7 il bundan öncə “Yeni Müsavat”çıların həyatında ciddi, amma bir o qədər də gözəl bir gəlişmə yaşandı. Qəzet redaksiyası yeni ofisə köçdü və bununla da yeni mərhələyə qədəm qoydu. Yerləşdiyi Müsavat Partiyasının qərargahından “Neftçilər” metrosu yaxınlığındakı ofisə köç edən “Yeni Müsavat”çılar bununla da rahat iş şəraiti ilə tanışlıq fürsəti qazandılar. 

Qəzetin redaksiyasında təşkil olunan müsahibələr, debatlar, bir-birindən fərqli layihələr... rəngarəng fotoların, videoların müşayiəti ilə oxuculara təqdim olundu. Daha rahat iş şəraiti daha yaxşı yazılar,  daha məhsuldar iş qrafiki deməkdir, bilənlər bilir. Bəli, aradan 7 il keçib və indi ölkənin tanınmış siyasətçiləri də, redaktorları da, şikayətçilər də bu ünvanı çox gözəl tanıyır. Etibarlı tribuna qazanmaq üçün R.Rüstəmov küçəsi, 2528-ci məhəlləsi, ev 44/d ünvanına üz tutanlar isə gündən-günə çoxalır. 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu tarixin onlar üçün əlamətdar olduğunu söylədi. “Obrazlı desək, biz ofisimizi illər boyu bizə atılan daşlardan inşa etdik”,   -  baş redaktor ilk cümləsini belə söylədi: “Bəziləri bizim çökəcəyimizi gözlədiyi halda, ən ağır şərtlər, həm iqtidar, həm müxalifət düşərgəsindən olan basqıların fonunda belə biz inkişaf etməyi bacardıq. 7 il ərzində ən böyük nailiyyətimiz isə mövcud olmağı bacarmağımızdır. Bəzən 7 il bir qəzetin ömrü belə olmur. Qəzetlər açılır, bir-iki il sonra bağlanır. Biz 27 ildir mövcuduq, onun cəmi 7 ilini normal şərtləri olan redaksiyada keçirmişik. Bunun daha uzun olması iddiasındayıq”.

Müsahibimiz dedi ki, bu illər ərzində ofisi də genişləndirmək imkanı qazanıblar: “Ən əsası müsavat.com saytı 7 il ərzində böyüyüb, MDB məkanındakı qəzet saytları sırasında  ciddi reytinq yığmağa nail olub. Düzdür, Azərbaycandakı şərtlər qəzetimizin çap versiyasını inkişaf etdirməyə imkan vermədi. Əksinə, Bakıda qəzet satışı obyektlərinin qapadılmasına görə o sahədə gerilədik. Lakin onlayn versiyamızın tirajını yüksəldə bildik. İndi bizi dünyanın hər yerinə səpələnmiş azərbaycanlılar rahatlıqla oxuyurlar. Üstəlik, rus dilində də saytlarımız var. O baxımdan müsavat.com bu iqtisadi çöküşə baxmayaraq, özünün ən tirajlı dövrünü yaşayır. 


Gündəlik unikal İP-imiz 100 min civarındadır. Son vaxtlar tiraj daha da artıb.  Çünki son dövrlər Azərbaycanda baş verən hər şey sadə insanlardan tutmuş, məmurlara qədər, hər kəsi dərindən maraqlandırır. Onlar da etibar etdikləri mənbədən xəbər almaq istəyirlər. Bu da musavat.com saytının tirajını artırır. Biz bu illər ərzində kadr bazası da yarada, onu qismən yeniləyə bilmişik. Veteran əməkdaşlarımıza yeni nəsil qoşulub. Redaksiyamız yeni yerə köçəndə universitetə hazırlaşan gənclər hazırda bizimlə birgə işləyirlər. Həyat davam edir, çətinliklər çoxdur, lakin biz bundan daha ötəsini görüb, yaşamışıq. Bu arada, bizim yıxılmağımızı gözləyə-gözləyə özləri yıxılan bəzi siyasi dairələrin də çöküşünü ürək ağrısı ilə izləməkdəyik, onlar üçün dua edirik...” 


“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də hesab edir ki, 7 il öncə “Neftçilər” metro stansiyasının yaxınlığındakı özəl ofisimizə köçməyimiz qəzetin daha bir uğuru olub: “Təbii ki, istənilən müəssisədə iş şəraitinin yaxşı olması əməkdaşların işgüzarlığının artmasına səbəb olur. Nəzərə alsaq ki, jurnalistika yaradıcılıq sahəsidir, bu baxımdan qələm əhlinin daha rahat, komfortlu otaqlarda çalışması faydalı iş əmsalını şübhəsiz ki, yüksəldir. Həmçinin, soyuq qış ayında, 2009-cu ilin 1 fevralında, yağmurlu bir gündə yeni redaksiyaya köçməyimiz bir növ yaradıcı ruhumuzun təzələnməsinə də səbəb ola bildi. İstənilən bir yenilik iş əmsalına pozitiv təsir göstərir. Eyni zamanda, bir qəzetin müstəqil fəaliyyətini qurması üçün özünün ofisi, redaksiyası olmalıdır ki, kimsənin minnətini, təsirini üzərində hiss etməsin”.



E.Məmmədli dedi ki, yeni ofisimizə köçdükdən sonra çox qısa müddətdə yeni şəraitə uyğunlaşa bildik. Çünki redaksiya heyəti bura köçənə qədər bütün sistem qurulmuşdu, telefon, internet xətləri ilə təchiz olunmuşdu: “Biz sadəcə öz otaqlarımıza yerləşib işimizi davam etdirdik. Əlbəttə, bir qəzet üçün özünə ofis almaq asan başa gələn məsələ deyildi. Baş redaktor, müəssisə rəhbəri kimi Rauf Arifoğlunun buna nail olmaq üçün böyük əziyyətlər çəkdiyi də şübhəsizdir. Redaksiya heyətinin rahat iş mühitində çalışmasını təmin etdiyi üçün əlbəttə ki, ona təşəkkürlərimiz var”. 


Qəzetimizin əməkdaşı Etibar Seyidağa üçünsə bu 7 il çox sürətlə keçib: “Rahat iş şəraitinin necə vacib olduğunu məhz bu ofisə köçdükdən sonra əyani olaraq gördük. "Yeni Müsavat" üçün və mənim üçün ilk günlərdən bura uğurlu oldu”.



Sevinc, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR