“Yeni Müsavat”ın özəl reportajını ATV xəbər niyə istinadsız verdi?
İki gün öncə “Yeni Müsavat” ciddi plagiatlığın qurbanı olub. Özü də bu dəfə sayı gün-gündən, göbələk misalı artan saytlar yox, ATV kanalının xəbərlər proqramı tərəfindən. Reportyorlarımızın uzun zamandır izinə düşdüyü və böyük əziyyət hesabına hazırladıqları “Bakıda vətəndaşları aldadan pul fırıldaqçıları peyda olub” başlıqlı yazısı əsasında süjet hazırlayan həmkarlarımız heç bir yerdə “Yeni Müsavat”a istinad etməyiblər.
İstinad bir tərəfə, ATV-çilər əməkdaşlarımızın hadisə ilə bağlı çəkdiyi və müsavat.com-da yayılan gizli videoçəkilişdə də “kosmetik” dəyişikliklər ediblər. Belə ki, süjeti yayımlayan həmkarlar ekranın sol küncündə, eləcə də aşağısında yer alan “Yeni Musavat” sözü yazılan lenti də yox ediblər. Xəbərin mətnində isə bu mövzuya toxunmalarının mənbəyini “sosial şəbəkədə yer alan xəbərlər” olaraq göstəriblər.
Hər gün qarşımıza çıxan, bəzi saytlar tərəfindən gündəlik iş qrafikinə çevrilən, istinadsız xəbər yayma ənənəsini indi də televiziyaçılar həyata keçirir. Üstəlik, ortada ciddi əmək və eksklüzivlik olan bir layihə mənimsənilib.
“Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan dedi ki, ATV-nin xəbərlər proqramında “Yeni Müsavat” və müsavat.com-un reportyorlar qrupunun müəllifi olduğu reportajın istinadsız verilməsini talehsiz xəta hesab edir. Müsahibimizin fikrincə, ATV xəbərin peşəkar heyətinin bilərəkdən və qəsdən bu addıma gedəcəyinə inanmır: “Onlar özləri də bizimlə telefon əlaqəsi saxladılar və təəssüflərini bildirdilər ki, xəbərləri olmadan texniki heyət belə yanlışa yol verib. Mən də inanmaq istəyərdim ki, bu, özfəaliyyətdir və ATV rəhbərliyinin bundan xəbəri yoxdur. Onlar etiraf etdilər ki, bu, yaxşı hal deyil və eksklüziv material hər saat olmur. Belə eksklüziv material hazırlananda da ona istinad edilməməsi müəllifə, eləcə də onu yayan KİV rəhbərinə pis təsir edir. Bu xəbəri ikinci-üçüncü kateqoriyalı sayt hazırlayıb versəydi, ATV kimi nüfuzlu kanalın ona istinad etməməsini hardasa başa düşərdim. Bunu qarşı tərəf də bizimlə telefonla danışanda etiraf etdi ki, ”Yeni Müsavat" kimi nüfuzlu mətbu orqanın materialına istinad etməmək mümkün deyil. İstinad bütün tələblərə görə olmalıdır. İnanıram ki, növbəti dəfə belə üzücü və qeyri-peşəkar yanaşma ilə rastlaşmayacağıq. ATV xəbər rəhbərliyi bu cür məsələlərdə bir qədər də məsuliyyəti artıracaq və reportyorlara lazımi göstərişi verib, bu işlərə nəzarəti gücləndirəcək".
ATV Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu isə “Yeni Müsavat”a açıqlamasında baş verənləri anlaşılmazlıq adlandırıb. Deyib ki, istinad onların da yaralı yeridir: “Bir çox elektron KİV-lər və portallar da bizim informasiyanı götürür, istinad etmədən yayımlayırlar. İstinad bir mədəniyyətdir və həmkarlara münasibətdə buna ciddi riayət etməliyik. Sözügedən məsələ ilə bağlı baş verənlər isə texniki heyətin yanlışlığıdır”.
Xatırladaq ki, sözügedən reportaj 8-ci kilometr bazarında sadə vətəndaşların əlində olan 5-10 manatını oğurlayan şəxslər barədə hazırlanmışdı. Gizli çəkiliş vasitəsilə üzə çıxarılan bu fakt əsasında məlum olmuşdu ki, bu şəxslər özlərini meyvə-tərəvəz satıcısı kimi göstərib, əslində fırıldaqçılıqla məşğul olurlar. Həmin adamlar müştərilərə böyük pul əsginazlarını xırdalamağı təklif edirlər. Bu təkliflə razılaşan vətəndaşların əksəriyyəti mütləq aldanır. Onlara hər dəfə xırdaladıqları pul 1-2 manat, bəzən hətta 5-10 manat əskik olaraq qaytarılır.
Sevinc TELMANQIZI






