Kukla teatrı mövsümü başa vurdu, əməkdaşlarını və jurnalistləri mükafatlandırdı
İyulun 15-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da respublikanın digər teatr-konsert müəssisələri kimi mövsümünü başa vurub. “Teatrın bayramı premyeradır” prinsipini rəhbər tutan yaradıcı kollektiv bağlanış tədbirini də tamaşaçılar üçün yaddaqalan etməyə çalışıb. Belə ki, gün ərzində teatr üç seans olmaqla premyera tamaşa, o cümlədən M.Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərini Azərbaycan və rus dillərində təqdim edib.
Tamaşalardan sonra teatrın yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşların rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi baş tutub.
Mərasimdə çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qeyd edib ki, teatrın 86-cı mövsümü də repertuar tamaşalarının nümayişi ilə yanaşı yaradıcılıq planına uyğun olaraq hazırlanan yeni səhnə əsərləri, yerli və xarici beynəlxalq teatr festivalları və müsabiqələrdən uğurlu nəticələrlə zəngin olub: “Teatr il ərzində həm yerli, həm də beynəlxalq festivallarda iştirak edib. Belə ki, kollektiv teatr İranda və Salyanda uğurla çıxış edib. İl ərzində teatr 4 tamaşa hazırlayıb. Həmçinin sevindirici haldır ki, bu il teatrımızın iki əməkdaşı prezident mükafatına layiq görülüb. Media nümayəndələrinə də təşəkkür edirik ki, daim bizim yanımızda olub. Teatrın tədbirlərini, gördüyü işləri, müvəffəqiyyətləri daim onların vasitəsi ilə insanlara çatdırmışıq”.
Daha sonra məhsuldar aktyor, ilin aktyor və aktrisası, mövsümün perspektivli aktyoru, uğurlu fəaliyyətinə görə seçilən əməkdaşı, həmçinin, ilin rejissoru, rəssamı təltif olunub, diplomlara layiq görülüb.
Həmçinin teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də onunla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri “Teatrın dostu” mükafatı ilə təltif edib Təltif olunan jurnalistlər arasında “Yeni Müsavat”ın müxbiri Xalidə Gəray da var.
Xalidə Gəray,
Musavat.com






