“Yeni Müsavat”ın əməkdaşı taxıl zəmisində nələr gördü...
Məlum olub ki, taxıl biçini ilə bağlı durum bərbaddır, kəndlinin gözünü dikdiyi ruzisi zəmidə batır, texnika çatışmazlığından taxılı vaxtında yığmaq mümkün deyil.
Qəbələ rayonunda söhbətləşdiyimiz kəndlilər deyirlər ki, həm kombaynın az olması, həm də düşən yağıntılar məhsulun vaxtında biçilməsinə imkan verməyib: “Məhsuldarlıq aşağıdır, bu il necə dolanacağıq, bilmirəm. Göz görə-görə məhsul sahədə batdı”.
Sakinlərdən Məmməd deyir ki, hektara heç 2 sentner məhsul götürməyib: “Kombayn tapa bilmədim, zəmi vaxtında biçilmədi. Başqa xərcləri demirəm, heç biçin və daşınma xərcini ödəmir”.
Əli adlı sakin də deyir ki, məhsulu yığmağa kombayn yoxdur: “Sahəm batıb gedir, kombayn çatışmır. Heç icarəyə götürməyə də kombayn yoxdur”.
Adil isə deyir ki, taxılı ailəsinin çörəyə olan ehtiyaclarını ödəmək üçün əkib: “Satmaq üçün deyil. Ancaq ailəmin dolanışığı üçün əkirəm, bu il taxıl zəmidə batdı”.
Kombayn işlədənlər də texnikanın çatışmazlığını təsdiqləyirlər. Onların sözlərinə görə, kəndlilərin çəkdiyi zəhmət hədər olub: “Texnika çatışmır, camaat çıxılmaz durumdadır. Əkin sahələri arasında xeyli məsafə var, buna görə biz də çətinlik çəkirik, sahələrə gedib çıxmaq olmur”.
Qeyd edək ki, ekspertlər kombayn çatışmazlığı ilə üzləşən fermer və kəndlilərin çox olduğunu bildirirlər. Ekspertlərin sözlərinə görə, fermerlər 80 manatlıq subsidiya ilə hektar yarım - iki hektarlıq sahələrdə taxıl əkməyə çalışır. Halbuki ekstensiv deyil, intensiv yola üstünlük vermək, yəni az sahədən daha çox məhsul götürməyə çalışmaq lazımdır. Bu halda kombayndan məhsuldar istifadə etmək olar. Ekspertlərin fikrincə, hökumət qurumlarında çalışan oliqarxlar bu sahədə süni yolla inhisarçılıq yaradıb. Məqsəd kiçik sahibkarları sıradan çıxarmaq, özlərini inhisarçıya çevirməkdir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, iyulun 8-nə qədər payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin biçini 73 faiz təşkil edir. Biçiləcək 1032306 hektar sahənin 751239 hektarı biçilib. Ümumilikdə isə 1990404 ton məhsul istehsal olunub. Məhsuldarlıq hər hektardan 26,5 sentner təşkil edir.
Buğda biçininə gəldikdə isə ümumi sahənin, yəni 690817 hektar ərazinin 443854-i, yəni 64 faizi biçilib. 1229949 ton məhsul yığılıb və məhsuldarlıq hektardan 27,7 sentner olub.
“Aqrolizinq” ASC-dən isə mətbuata bildirilib ki, respublikada 2660 kombayn var, bir hissəsi köhnəlib. Cəmi 1352 təzə kombayn ölkənin taxıl sahələrinə çatmır. Qeyd edək ki, iyulun 4-də dövlət başçısı İlham Əliyev taxılyığan kombaynlara ehtiyacı təmin etmək üçün “Aqrolizinq” ASC-yə 15 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Kənd təsərrüfatı naziri İsmət Abbasov iyulun 5-də Qax rayonunda keçirdiyi qəbulda gələn il 150 təzə kombayn alınacağını söyləyib. Həmin görüşdə Balakən sakinləri bütün rayonda cəmi 3 kombaynın olduğunu bildiriblər. İsmət Abbasov gələn il belə halların təkrarlanmayacağını vəd verib.
İqtisadçı Azər Mehdiyev isə facebook səhifəsində bunları yazıb: “Çox əzabverici siyasətdir. Fermerə bundan ağır əzab düşünmək olmazdı: taxıl yığımının gur dövründə məlum olub ki, kombayn çatışmazlığından fermerlər becərdiyi taxılı toplaya bilmir, taxıl sahələrdə batır... ”Aqrolizinq"in bütün texnikası hazırda məmurların iri təsərrüfatlarında məşğuldur. Bu qurumda fermerlərə elə qiymətlər oxuyurlar ki, fermer heç yaxın düşə bilmir. Problemin həlli üçün prezident büdcədən 15 milyon manat ayırıb, amma “Aqrolizinq”ə, yəni problemi yaradana pul ayırıb ki, onu çözsün... Təsəvvür edin ki, susuzluqdan ölmək üzrə olan adama bir səhəng su göstərirsən, sonra da həmin suyu onun gözü qarşısında yavaş-yavaş yerə tökürsən..."
Ekspertlər bildirirlər ki, alınacaq 150 kombayn problemi həll etməyəcək. Çünki ölkədə 4 min kombayna ehtiyac var.
Ekspertlərin fikrincə, ayrılan vəsait kənd təsərrüfatında hər hansı bir dirçəlişə səbəb olmayacaq.






