İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat”ın döyülən əməkdaşından barəsində yayılan qərəzli fikirlərə sərt reaksiya... - FOTOLAR, VİDEO

2613 28.04.2014 15:43 Reportaj A A

Fərahim İlqaroğlu: “Bu fikirlər sadəcə, gülüncdür”

Xəbər verdiyimiz kimi, aprelin 25-də saat 10:30 radələrində “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu yaşadığı binanın bloku önündə naməlum şəxslərin hücuma məruz qalmışdı. Həmin naməlum şəxslər tərəfindən döyülən jurnalistin bədəninin müxtəlif nahiyələrinə ciddi xəsarətlər yetirilmişdi və onun dişləri sındırılmışdı.

Bu cinayət hadisəsi zorakılığa məruz qalan jurnalistin şəxsi avtomobilində yerləşdirdiyi vedioregistrator tərəfindən anbaan qeyd alınıb. Ancaq olayın üzərindən 3 gündən artıq vaxtın keçməsinə baxmayaraq, jurnalisti döyənlər hələ də tapılmayıb.

Hadisənin dəhşət doğuran tərəflərindən biri də sosial şəbəkələrdə bəzi şəxslərin, baş vermiş olayın jurnalistin özü tərəfindən təşkil edilməsi ilə bağlı ortaya atılan versiyalardır. Həmin versiyalarda iddia olunur ki, guya jurnalist əvvəlcədən avtomobilinə kamera quraşdırıb və hadisə baş verən zaman isə özü qəsdən kameranı açıq qoyub. Halbuki reallıq budur ki, müasir dövrdə avtomobillərin əksəriyyətində təhlükəsizlik baxımından kameralar qoyulur.

Təbii ki, bu versiyaları gördükdən sonra insan təəssüflənməyə bilməz. Bir ölkənin jurnalisti döyülürsə və onu müdafiə etmək əvəzinə şər-böhtan atılırsa, insan sadəcə, təəssüf hissi keçirir.

Barəsində ortaya atılan bu fikirlərlə bağlı Fərahim İlqaroğlunun münasibətini öyrəndik. 

O, bildirdi ki, həmin fikirlərdəki iddialar reallıqdan tamamilə uzaqdır: “Səhər vaxtı mühərrik 5 dəqiqə qızmalıdır. Maşını işə salan zaman onlar məni çağırdılar. Elə zənn etdim ki, tez qayıdacam. Ona görə də, mühərriki söndürmədən onlarla söhbət etməyə getdim. Əvvəl qonşu olduğunu güman etdim. Küləkli hava olduğu üçün öz adımla çağırıldığımı düşündüm. Jurnalist olduğuma görə kimsə məndən nəyisə xahiş etmək üçün çağıra bilər. Kamerada göründüyü kimi, mən onunla əl verib, görüşürəm. Onunla ədavətim olsaydı, yaxınlaşmazdım. Hətta ondan problemi olub-olmamasını soruşmuşam. Sonra qara paltarlı birisi bizim yanımızdan keçən zaman ona əmr verir. O da qəflətən məni vurur. Mən bunun qarşılığında ona “məni niyə vurursan”, “məni kimlə dəyişik salırsan” kimi sözlər deyirəm. O, isə məni cüdo fəndi ilə yerə yıxır və başıma 10 zərbə vurur. Ondan sonra adamın heysiyyatı tamamilə ölür. Müqavimət belə göstərməyə halın qalmır. Bizə yaxınlaşan bir adamın mənə kömək edəcəyini ümid etdim. Amma qaçan zaman onların birlikdə olduqları aydınlaşdı. Kamera içəri səsi yazır. Maşının şüşəsi açıq qaldığına görə bəzi səslər düşüb. Barəmdə səsləndirilən fikirlər reallıqdan tamamilə uzaqdır. Mühərrik işə düşən kimi kamera açılır. Kameranı guya ki, qəsdən açıq qoymağım barədə fikirlər səslənir. Hətta mənim mühacirətə getmək üçün hadisəni təşkil etdiyimi deyənlər də var. Xaricə getmək üçün çox imkanlarım olub. İstəsəm, indiyə kimi gedərdim. Əvvəllər də hücumlara məruz qalmışam. Mənim üçün bu, ilkin hadisə deyil. Dəfələrlə döyülmüşəm, fiziki xəsarətlər almışam. Müxalif fikirli jurnalist olduğuma görə xarici dövlətlər partiya üzvü olan insanlardan fərqli olaraq, jurnalistlərə oturumu daha tez verirlər. Bu fikirlər sadəcə, gülüncdür. Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır. Xüsusi əməliyyat qrupu yaradılıb. Daim diqqətdə saxlayırlar”.

Döyülən jurnalist özü və ailəsi üçün narahat olduğunu da bildirdi: “Özüm və ailəm üçün çox narahatam. Ailəmlə qalıram və ailəmizin hər bir üzvü işləyir. Hər gün nəqliyyat vasitələrindən istifadə edirlər. Axşamlar işdən gec çıxdıqlarına görə özüm evə aparıram. Növbəti hücumdan qorxuram. Bilirəm ki, məni öldürmək üçün yaxınlaşmamışdılar. Əslində mənə siqnal verirdilər. Görüntü yayılandan sonra həmin insanların yenidən mənə hücum edəcəklərindən çəkinirəm. Hadisədən 2 gün öncədə maşınım vurulmuşdu. Bununla bağlı da ciddi şübhələr var idi. Maşınımda olan kameranın köməkliyi ilə avtomobilimə zərər yetirən insan tapıldı. O, hər şeyi boynuna aldı və uşağının xəstə olduğuna görə maşını sürətlə idarə etdiyini bildirdi. Onun xəstə övladını gördükdən sonra şikayətimi geri götürdüm. Ümumiyyətlə, o hadisə ilə əlaqəsinin olduğunu güman etmirəm. Çünki kameralara baxdığımız zaman məni döyən 3 nəfərin 2 gün əvvəldən məni izlədikləri məlum oldu”.

Həmkarımız hazırda ağrılarının günü-gündən şiddətləndiyini və həkim müalicəsində olduğunu söylədi: “Başımda ağrılar var. Həkim başımda ağrılarımın bir müddət davam edəcəyini bildirdi. Bədən nahiyələrimdə axşamlar şiddətli ağrılar olur. Zərbə nəticəsində dişlərim sınıb. Ağzımdan, burnumdan qan açılır. Gecələr yata bilmirəm. Hadisədən sonra iki gün yaşadığım şok məndə psixoloji xəstəliyə səbəb ola bilər. Tez-tez əsəbləşirəm. Yaxın insanlarla danışanda sərt cavab verirəm. Bütün bunlar məndə əvvəllər olmayıb. Hadisədən sonra tamam fərqli insan olmuşam”.

Baş verən hadisəni araşdıran Nizami rayonu 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov ilə də əlaqə saxladıq. O, bildirdi ki, araşdırmada hələlik hər hansı bir yenilik yoxdur: “Araşdırma davam edir. İndidən bir söz söyləmək çətindir. Əlimizdən gələni edirik və bütün vasitələrdən istifadə olunur. Kamerədə çox şey düşə bilər. Amma vuran insanın üz cizgiləri açıq-aşkar düşməyib. Bu baxımdan, göründüyü kimi asan iş deyil. Başqa kamera görüntülərini izləyirik. Səbəbkarların tapılması üçün bütün vasitələrdən istifadə edəcəyik”.

Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR