İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat”ın 6000-ci sayı... qonaqlar, təbriklər və yola davam... - FOTOLAR

2127 28.11.2014 19:00 Media A A

Və... gözlənilən tarix yetişdi. Noyabrın 28-də “Yeni Müsavat” qəzetinin 6000-ci yubiley sayı işıq üzü gördü. Bu əlamətdar tarixi redaksiya kollektivi öz iş yerlərində qeyd etdilər, təbii dostların və  qonaqların əhatəsində... 

Səhər saatlarında redaksiyada yenə də müsahib vardı. Politoloq Ərəstun Oruclu bu əlamətdar tarixi təbrik etməklə yanaşı, son günlərin aktual olayları ilə bağlı müsahibə verirdi.
Günortadan sonra isə kollektiv çay süfrəsi arxasında bu tarixi qutladı. 

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu dedi ki, 6000 rəqəmi ilk baxışda sıfırlarla görünsə də, əslində olduqca ciddi bir mübarizə xronologiyasıdır, gərgin əməyin, yuxusuz gecələrin  göstəricisidir. Onun sözlərinə görə, indən belə bu qədər nüsxəmiz dərc edilsə, 16 il 4 ay gözləməliyik: “Bu, o deməkdir ki, bizim yaşımız 60-ı keçəcək. Burdakı cavanlar 40-ı haqlayacaq. Qəribə təsadüfdür ki, qəzetin bu cür əlamətdar tarixlərində bizə savaş açanlar, bizi söyən, üstümüzə gələnlər olur. Bu, bir qəzet üçün həyatdır, reaksiyadır, illərdir bu cür şərtlərlə qəzet çıxarmışıq, bu cür də yolumuza davam edəcəyik. Azərbaycanlılar televiziya baxmaq mədəniyyətini mənimsəyiblər. Bəyənmədikləri kanala baxmırlar. Daha söymək, tənqid yoxdur. Qəzetlə bağlı isə təəssüf ki, bu vərdişi mənimsəməmişik. Söyə-səyə oxumaqda davam edirlər. Amma bu da ötüb keçəcək”.

R.Arifoğlu “Yeni Müsavat”ın bir ailə kimi yol getdiyini deyib, bu yolda hamıya uğurlar arzuladı. 

Qonağımız politoloq Ərəstun Oruclu isə sosial şəbəkədə zarafatla onu “Yeni Müsavat”ın politoloq”u adlandırdıqlarını bildirdi. Onun fikrincə, qəzet çıxarmaq, oxucuya təqdim etmək indi çətin məsələdir: “Yeni Müsavat” ona nail oldu ki, cəmiyyətin bütün kəsimlərin mövqeyini əhatə edə bildi. Mətbuat əslində buna çalışmalıdır. Sizdə auditoriyanı genişləndirmək məqsədi uğurlu alınıb. Rauf bəyin bu işdə zəhməti var. Hər halda bütün fərqli münasibətlərə baxmayaraq, “Yeni Müsavat” hazırda ən oxunan qəzetdir. Bunun özü hər şey deyir”.
 
“Yeni Müsavat”ın redaktoru Zahid Səfəroğlu kollektivə, oxuculara qəzetin 10 mininci sayını görməyi arzuladı. 

Redaktor Nazim Sabiroğlu isə 6000 nüsxənin hazırlanmasında  iştirak etdiyini, qəzetlə Rauf Arifoğlu adının birgə assosiasiya edildiyini qeyd edərək, bu təbriklərdən ən böyük payın baş redaktora düşdüyünü dedi. 

O, əməkdaşımız Kənan Rövşənoğlunun qəzetimiz barədə dediyi maraqlı bir sözü  xatırlatdı: “Kənan bəy deyir ki, “Yeni Müsavat” Hollivud filmi kimidir – insanlar tənqid etsələr də, hər zaman baxırlar”.  

Baş redaktorun birinci müavini Azər Ayxan isə iki yerdə - evində və kollektivdə özünü çox rahat hiss etdiyini dedi: “Burda o qədər mehribanlaşmışıq ki, insan bəzən heç evə getmək istəmir. Saatlarla oturub işləyirik, çalışırıq. Hamı bu qəzetdə öz sözünü deyir. Bəzən bizi haqsız tənqid edənlər də olur. Amma nə etməli, bu da bu da bizim işimizin, missiyamızın bir hissəsidir”. 


“Yeni Müsavat”ın baş danışmanı, sabiq baş nazir Pənah Hüseyn kollektiv haqda xoş sözlərini çatdırdı və 10 minici  sayı çıxarmağı arzuladı. Beləliklə, tort kəsildi, hərə öz payını götürüb iş başına döndü...
  
Gün ərzində isə “Yeni Müsavat”çıları təbrik etməyə xeyli qonaq gəldi. Onların arasında siyasi məhbus ailələri də vardı. Tofiq Yaqublunun qızı Nigar Yaqublu və Fərəc Kərimovun atası Raqif Kərimov da bu əlamətdar gündə kollektivin yanında oldu. Onlar da qəzetə məhbuslara, məhbus ailələrinə göstərdikləri dəstəyə görə “çox sağ ol” dedilər. 

Axşam saatlarında isə Qarabağ Qazilər Birliyinin üzvü, tanınmış döyüşçü-jurnalist Rey Kərimoğlu və “Kəko Vahid” kimi tanınan Qarabağ qazisi redaksiyaya gəldi. R.Kərimoğlu qəzetdə çalışdığı dönəmdə yazdığı layihələr, reportajlardan danışıb, xatirələrinin “tozunu” təmizlədi. Kəko Vahid isə R.Arifoğlu ilə ön cəbhədə birgə vuruşduqları günlərdən xeyli hekayələr anlatdı. 

Ən maraqlı detal isə baş yazarla döyüş yoldaşı arasındakı bu dialoq idi: 

-“Vahid, sənin soyadın necə idi?” 
- “Kəko...”

Bununla da daha bir əlamətdar tarix yekunlaşdı... Biz 6000-ci sayımızı bu cür – oxucular, redaksiyanın qonaqları ilə birgə qeyd etdik. Qarşıda isə daha uzun bir yol var...
Necə deyərlər, uzun, çətin bir yol... 

Sevinc 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR