“Yeni Müsavat” Gültəkin Hacıbəylinin həbs qoyulan mənzilini tapdı
G.Hacıbəylinin həbs qoyulan mənzili Maliyyə Nazirliyi ilə üzbəüz, yaraşıqlı, qırmızı rəngli binada yerləşir. Yaşayış kompleksindən ibarət olan bu binalar Türkiyə səfirliyinin arxasındadır. Sabiq deputatın əlindən alınan mənzili S.Vurğun küçəsi, 92 A, mənzil 12 ünvanında yerləşir.
Maraqlı bir fakt isə həmin binada digər sabiq deputat, hazırda həbsdə olan Gülər Əhmədovanın mənzilinin olmasıdır. Əldə etdiyimiz məlumata görə, G.Əhmədovanın mənzili sabiq həmkarından fərqli olaraq əlindən alınmayıb. Əksinə, mühafizə xidmətindən öyrəndik ki, G.Əhmədovanın ailəsi hələ də mənzildə yaşayır. “Azadlıq” qəzeti isə yazıb ki, həbsdəki sabiq deputatın əmlakının siyahıya alınması prosesi gedir və mülklərinin müsadirə olunacağı gözlənilir.
Hüquqşünas Müzəffər Baxış məhkəmənin vəsatətin geri qaytarıldığı tarixə həmin vəsatətin təmin edilməsi barədə qərardad qəbul etməsini qanunsuzluq sayır: “Çünki məhkəmə tərəflərə belə bir vəsatətin müzakirəsi barədə məlumat verməyə və onların iştirakını təmin etməyə borcludur. Görünür, hakimə göstərilən təzyiqlər nəticəsində o, belə bir qərardad qəbul edib”.
Ekspertin sözlərinə görə, iddia müddətinin tətbiqi ilə bağlı G.Hacıbəyli məhkəməyə müraciət edə bilər və məhkəmə araşdırmalarından sonra artıq qətnamə çıxarılacaq. Bu qətnamədən də narazı qalsa, yuxarı instansiya məhkəməsinə müraciət edə bilər: “Burda əsas saxtakarlıq ondan ibarətdir ki, hakim həmin məhkəmə iclasında təqdim edilmiş vəsatəti geri qaytarıb, amma sonradan isə həmin tarixə, yəni 28 iyun tarixli qərardad qəbul edib.
Bu bir daha təsdiq edir ki, Azərbaycanda müstəqil məhkəmələr mövcud deyil. Hakimlər məhkəmə iclasında bir qərar qəbul edib, məhkəmədən sonra onlara edilən təzyiqlər nəticəsində başqa qərar verir. Tam məsuliyyətlə bildirirəm ki, Nəsimi Rayon Məhkəməsində hakimlər tərəfindən çoxlu sayda belə qanunsuz qərarlar qəbul edilir. Bu da bir daha təsdiq edir ki, Nəsimi Rayon Məhkəməsi bütövlükdə siyasi sifarişə boyun əyən məhkəmələrdən biridir".
Sabiq deputatın vəkili Bəhruz Bayramov “Azadlıq”a bildirib ki, məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə sorğu göndərmək niyyətindədir: “Məhkəmə zalında videokamera var. Biz həmin prosesin videoyazısını tələb edəcəyik. Əgər bunlar saxtakarlıq etməyiblərsə buyurub videoyazını təqdim etsinlər. Digər tərəfdən vəsatət qəbul edilib qərardad çıxarılanda onun bir nüsxəsi də Gültəkin xanımın nümayəndəsinə verilməlidir və o həmin nüsxəni imzalamalıdır. Amma belə bir fakt ortada yoxdur. Çünki vəsatət ümumiyyətlə müzakirə olunmayıb. Hakim dərhal vəsatəti rədd edib. Həmçinin qərardadla bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət verəcəyik. Əgər baxılmasa o zaman apelyasiya şikayəti verəcəyik”.
Qeyd edək ki, G.Hacıbəylinin keçmiş qayınanası Məmmədova Nəhayət Vəli qızı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
Nəhayət Məmmədova iddiasında bildirir ki, Gültəkin Hacıbəyli 2003-cü ildə ondan 50 min dollar məbləğində borc alıb. 28 iyun 2013-cü il tarixində Nəsimi rayon məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə keçən hazırlıq iclasında Nəhayət Məmmədovanın nümayəndəsi iddianı təmin etmə tədbiri kimi G.Hacıbəyliyə məxsus maşın və ev, eləcə də onun həyat yoldaşına məxsus və baş etibarnamə ilə idarə edilən maşın üzərinə həbs qoyulması ilə bağlı vəsatətlə çıxış edib.
Hakim, G.Hacıbəylinin nümayəndəsi Sahil Quliyevin də iştirak etdiyi hazırlıq iclasında vəsatəti müzakirə etmədən geri qaytarıb. Lakin 12 iyul tarixində G.Hacıbəyli özünə məxsus ev və maşın, eləcə də həyat yoldaşına məxsus maşın üzərinə həbs qoyulması ilə bağlı Nəsimi rayon məhkəməsinin 28 iyun tarixli qərardadını alıb. Amma inanmıram ki, şikayətimiz təmin olunsun. Ümumiyyətlə, sabah Gültəkin xanımı həbs etsələr, məni güllələsələr təəccüblənmərəm. Bu ölkə cəngəllik qanunları ilə idarə olunur".
İctimaiyyətdən də G.Hacıbəyliyə dəstək gəlib. AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin xeyli vaxtdır MŞ üzvünə qarşı heç bir əxlaqa sığmayan hücuma başladığını deyib: “Bu da Gültəkin Hacıbəyli hakimiyyət düşərgəsini tərk etdiyinə, hakimiyyəti tənqid etdiyinə və onun mahiyyətini cəmiyyətə çatdırdığına görədir”.
Milli Şura üzvü Mehriban Vəzir isə atılan şərə ad tapa bilmədiyini deyib: “Bu şəxsin siyasi fəaliyyətinə görə cəzalandırıldığı bəllidir. Bu, siyasi cəzadır. Burda məhkəməlik heç bir iş yoxdur. İnsanların pis vəziyyətə düşməsindən istifadə edib onların əli ilə ortaya siyasi iradə qoymuş adamları cəzalandırırlar. Bunun başqa heç bir adı yoxdur. Buna ancaq təəssüflənmək olar”.
Jurnalist Xədicə İsmayıl qeyd edib ki, G.Hacıbəyli boyun əymir: “İşin detallarını öyrəndim, bu məsələni hüquqşünaslardan soruşdum, tamamilə qanunsuz bir şeydir. Adam deməyə də söz tapmır. Həmin ailə müstəqilliyini nümayiş etdirən xanım bir siyasətçiyə qarşı hökumətin əlində bir silaha çevrilib. Bu çox biabırçı bir hadisədir".






