İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Müsavat”çılar Avropada sirr kimi gizlədilən qaçqın düşərgəsindən yazır - REPORTAJ, VİDEO, FOTOLAR

5522 22.03.2016 14:23 Reportaj A A


“Mən burda qalmaq istəmirəm” deyən əfqanların ən böyük arzusu Almaniyada, Fransada... yaşamaqdır 

Bir neçə ay bundan öncəyə qədər miqrantların axınına uğrayan, qaynar hadisələrin, çəkişmələrin... mərkəzinə çevrilən Macarıstan indi sakit günlərini yaşayır. 2015-ci ilin sentyabrında Şərq ölkələrindən – Suriyadan, Əfqanıstandan....... Avropaya köç edən miqrantlar Macarıstan hökumətinin sərt münasibəti ilə üzləşmişdi. Avstriyaya Macarıstan üzərindən keçmək istəyən miqrantların macar polislər tərəfindən saxlanılması, qatardan düşürülüb, qaçqın düşərgələrinə aparma cəhdləri, sonuncuların buna qarşı çıxmaq üçün özlərini qatar relslərinin üzərinə atması... 

Bütün bunların üzərinə “duz-bibər” misalı, miqrantların olduğu qələbəlikdə onlardan birinə təpik atan və bu hərəkətinə görə dünya mediasında ciddi tənqidlərə tuş gələn, nəticədə işini itirən xanım macar jurnalist. Dünya xəbər məkanı bu foto, videogörüntülərlə, xəbərlərlə uzun müddət “qaynadı”...


ORDA BİR KÖY VAR UZAQDA – MACARLAR MİQRANTLARI BİÇKƏ KƏNDİNDƏ QONAQ EDİR  

“Yeni Müsavat”ın reportyor qrupunun Avropa səfəri zamanı ilk dayanacağı Macarıstan oldu, daha öncəki reportajlardan bilirsiz. Amma biz Macarıstana, onun paytaxtı Budapeştə gəldiyimiz günlərdə macarlar artıq miqrant yükünü çiyinlərindən atmışdılar. Bir neçə ay öncəyə qədər paytaxt parklarındakı skamyaları, bəzəkli küçələri zəbt edən şərqlilər onların qonağı deyildi. Onların kiçik bir qismi, Budapeştdən 40 kilometr məsafədə yerləşən Biçkə kəndindəki miqrant düşərgəsində yaşayırdı. Bu isə Macarıstan dövlətinin, ölkə mediasının o qədər də sevimli mövzusu sayılmazdı. 

Taktika budur – belə bir düşərgənin olması barədə nə qədər çox yazılsa, ölkəyə yeni miqrant axını yenidən güclənə bilər. Baxmayaraq ki, Macarıstan şərq insanının yaşamaq üçün heç də tərcih etdiyi ölkələrdən deyil. Sentyabr ayında baş verən polis-miqrant toqquşması, macar hökumətinin onlarla bağlı sərgilədiyi sərt mövqe və ən önəmlisi miqrantlara münasibətdə səxavətli olmaması sonuncuların üzünü bu ölkədən soyudub. Bu haqda bir qədər sonra... 


JURNALİSTLƏRƏ QADAĞA, “FİLM ÇƏKƏN TƏLƏBƏLƏRƏ” DÖZÜM... 

Budur, şəhərdən 40 kilometr aralıda yerləşən Biçkə kəndindəyik. Yaşıllıqlar içində, sakit bir kənd. Yolun kənarında isə dəmir məftillərlə hasara alınmış, üzərində macar dilində “Miqrantlar üçün müvəqqəti sığınacaq yeri” sözləri yazılmış lövhələr. Girişi mühafizə edən polislərə özümüzü jurnalist kimi təqdim etmirik. Daha öncədən məlumatlıyıq çünki – yerli və xarici mediaya bu məkan qapalıdır. Polislərə “tələbəyik, miqrantlarla bağlı qısa film çəkməliyik, imtahan üçün lazımdır” bəhanəsini deyirik. Bir bizə baxırlar, bir əlimizdəki həvəskar kameraya, bir də üzümüzdəki “tələbə sevincinə”... Jurnalist olmadığımıza inanır, razılıq verirlər, amma bir şərtlə - “Düşərgənin qapısından içəri keçməyəcəksiz. Kim istəyirsizsə, darvazaya tərəf çağırın, danışdırın...”

Öncə darvazadan içəri göz atırıq. Əlindəki kiçik şarlarla həyətdə var-gəl edən miqrant balası, futbol oynayan, skamyada oturub söhbətləşən gənclər. Ümumiyyətlə, düşərgənin əsas kontingenti gənc yaşdakı ərəblərdir. Biri çəkiliş etdiyimizi görüb, əli ilə “noo, noo” deyə etiraz edir. Əksəriyyəti danışmağa həvəsli deyil. Necə ki, heç burda qalmağa da ürəklərinin getmədiyi hər hallarından bəlli olur. 


“GÜNDƏ İKİ DƏFƏ YEMƏK VERİRLƏR, GÜNORTA ÇOX YEYİRİK Kİ, AXŞAM ACMAYAQ”

“Heyyy, aranızda ingilis, türk dilini kim bilir?” Bircə dəfə bu çağırışı ingilis dilində səsləndirəndən sonra darvazaya tərəf bir neçə nəfər gəlir. Növbə ilə hekayələrini danışmağa başlayırlar.  

17 yaşlı, türk dilini aşağı səviyyədə də olsa bilən gənc yaxınlaşır öncə. Özünü Zahidulla Ahmedi kimi təqdim edir. Deyir ki, ailəsi ilə birgə Əfqanıstandan gəlib. Birbaşa yox təbii ki. Öncə İrana, ordan Türkiyəyə, ardınca Yunanıstana, sonra Serbiya və Makedoniyaya gəlib. Bir neçə gün də orda qalandan sonra Macarıstana gəliblər. 

Hələlik bu səfərin hansı ölkədə yekunlaşacağını bilmirlər: “Mənim 17 yaşım var, bu məsələdə sərbəst qərar verə bilmərəm. Buna atam qərar verəcək”.

Müsahibimiz düşərgənin daxilindəkilərdən də danışır. Deyir ki, burdakı adamların sayı daim dəyişir. Bəzən içəri miqrantla dolu olur, bəzənsə boş: “Bir də görürsən, bir maşın adam tökülür içəri. Amma bir neçə gün sonra içəridə bir nəfər də olmur. Elə evlər var ki, onun içində 15 nəfər var, amma eləsi də var ki, cəmi bir nəfər. Bizim ailə 9 nəfərdən ibarətdir. Bir evdə qalırıq. Yaşam şərtləri yüksək deyil. Gündə iki dəfə yemək yeyirik. Səhər yeməyi olur, sonra günorta yeməyini bir az çox verirlər. Camaat da günorta yeməyində axşam üçün özünə azuqə götürür”. 


Zahidulla Ahmedinin dediyinə görə, qaldığı düşərgədə suriyalı və əfqanlılar çoxdur. 17 yaşlı gənc bu ölkədən getmək istəyir: “Buranı tanımıram və bələd deyiləm. Başqa, bələd olduğum bir ölkəyə getsəm, daha yaxşı olar”. 

ATASI DEPUTAT OLA BİLMƏDİ, AVROPADA YAŞAMAĞI SEÇDİLƏR 

Hər miqrantın Avropanı seçmək üçün bir hekayəsi var. Z.Ahmedinin hekayəsi isə bir qədər “azərbaycanvari”dir. Belə ki, atası parlament seçkilərində namizədliyini verib və uduzub. Ondan sonra isə ailyə qarşı təzyiqlər baş verib. “Nə formada təzyiqlər” deyə soruşuram, “uzun hekayədir” deyir. Əslində bizimlə danışdığı türk dilində fikrini o qədər də yaxşı ifadə edə bilmir, o səbəbdən hekayəni də bütün detalları ilə danışmaqdan çəkinir. 


HASAN CAN: “MƏN BURDA QALMAQ İSTƏMİRƏM, ƏN QISA ZAMANDA ALMANİYAYA GETMƏKDİR ARZUM”

Adı Hasan Can olan başqa bir mühacir yaxınlaşır bizə. Yarıingilis-yarıtürk dilində sualları cavablamağa çalışır. Məlum olur ki, onun Macarıstan həyatının hələlik bircə günlük ömrü var. 

Çünki bu ölkədə qalmaq istəmir: “Almaniyaya gedəcəm. 6 ay əvvəl çıxmışam Əfqanıstandan. 2 ay Suriyada qalmışam. Taliban problemi, təzyiqlər çox olduğu üçün orda qalmaq istəmirəm. Hamı deyir ki, Almaniya daha yaxşıdır. Həm puluna görə, həm də şəraitinə görə. Ailəm hazırda Pakistandadır. Bura qrupla gəlmişik. Qrupdakı hər kəs gənclərdən ibarətdir”. 


MACARISTANIN MİQRANT PROBLEMİ –HARADAN HARAYA...? 

STOP: Macarıstanın “Hungary Today” qəzetinin yazdığına görə, Macarıstan hökuməti ölkədə qaçqın və miqrantlar üçün nəzərdə tutulan bütün düşərgələri qapatmağı planlaşdırır. Bura Nadxe, Kişkunxalaş, Bekeşşabe və Nirbator, eləcə də Biçkedə yerləşən düşərgələr daxildir.

Buna səbəb ölkənin miqrantlar məsələsində tutduğu rəsmi mövqeyin sərtliyidir. Bu ilin fevral ayının məlumatlarına görə, Serbiya ilə sərhəddə qurulmuş ülgüc məftilli hasarı keçən miqrantların sayı artmaqda olub. Yanvar ayında sərhədi keçən 550 nəfər yaxalanıb. Fevral ayının son 20 günündə isə 1200-dən çox miqrant saxlanıb. Macarıstan sentyabrda sərhəddə dörd metrlik maneəni yaratmaqla mübahisələrə səbəb olmuşdu. Lakin bundan sonra bir neçə digər ölkələr də miqrant axınının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirib. 

Macarıstanın keçən il Serbiya ilə sərhəddə 175 km-lik hasar quraşdırmasından sonra sərhəddi keçən miqrantların da sayı azalıb. Lakin polisin bildirdiyinə görə, indi miqrantlar səddi yararaq və ya məftilin üzərindən aşaraq sərhədi keçirlər. Miqrantların əksəriyyəti Pakistan, İran və Mərakeşdəndir. Bu ölkələrin vətəndaşlarına digər yollarla Avropada sığınacaq almaq imkanları məhdudlaşdırılıb.


2015-ci ildə Avropa İttifaqına bir milyondan çox miqrant gəlib. Bu, II dünya müharibəsindən sonra Avropanın qarşılaşdığı ən böyük qaçqın böhranıdır.

Miqrantların əksəriyyəti Türkiyə və Yunanıstandan keçməklə Almaniya və İsveç kimi ölkələrə üz tuturlar. Onlardan bir çoxu Suriyadakı münaqişədən qaçırlar.

Mart ayının əvvəllərində isə Macarıstan miqrant axını ilə əlaqədar bütün ölkədə böhranlı vəziyyət elan edib. Yaranmış vəziyyətlə əlaqədar ölkənin cənub sərhədlərinə əlavə ordu və polis qüvvələri göndəriləcəyi nəzərdə tutulub. Bundan başqa, Rumıniya ilə sərhəddə divarların inşası nəzərdə tutulub. 


Yunanıstan-Makedoniya sərhəddində miqrantların aksiyası başlayıb. Makedoniyanın Sloveniya, Xorvatiya və Serbiya ilə sərhədində də minlərlə miqrant cəmləşib. Bu arada Egey dənizində miqrantları aparan qayıq batıb. Nəticədə 5 nəfər ölüb. Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları 9 nəfəri xilas edib. Hazırda isə itkin düşən 2 nəfərin axtarışları davam edir.

14 martda Macarıstanın baş naziri Viktor Orban ölkədə referendum keçirilməsini istisna etməyib. Baş nazir hədd təyin etmə prinsipi əsasında Avropa İttifaqı ölkələrində qaçqınların yerləşdirilməsinin məqsədəuyğunluğu haqqında məsələni ümumxalq rəy sorğusuna çıxarmaq istəyib. 


Baş nazir deyib: “Biz əminik ki, əhalinin müvafiq dəstəyi olmadan miqrantlara norma təyin etmə hakimiyyət həddini aşmadır”. O, əlavə edib ki, hədd təyin etmə labüd olaraq Avropa və Macarıstanın etnik, mədəni və dini xəritəsinin dəyişməsi ilə nəticələnəcək”.

Avropa İttifaqının 120 min qaçqının bölüşdürülməsi haqqında qərarına əsasən, Macarıstan iki il ərzində təxminən 2 min miqrantı qəbul etməlidir. Rəsmi Budapeşt fəal şəkildə bu qərarın əleyhinə çıxır. Ötən ilin dekabrında ölkə Avropa Məhkəməsinə hədd təyin etmənin ləğv edilməsinə dair iddia ərizəsi təqdim edib. Bir ay əvvəl Avropa Parlamentinin sədri Martin Şults bildirib ki, miqrasiya böhranın həllində Avropa daha rəsmi Budapeştə bel bağlamamalıdır.


ŞRİ LANKADAN GƏLƏN ALİ: “BURDA BİZƏ BU KARTDAN BAŞQA HEÇ NƏ VERİLMİR, HEÇ NƏ”

Söhbətə davam. Adı Ali olan bir başqa əfqan mühacir isə danışır ki, ölkəsini tərk etməsinin səbəbi xaricdə daha yaxşı həyat qurmaqdır. 

O isə həyatının bundan sonrakı hissəsini Macarıstanda keçirə biləcəyini deyir: “Vətəndaş müharibəsi 5 ildir qurtarıb. Amma həyatım, təhsilim üçün vətənim yaxşı deyildi. Dostumla gəlmişəm. Ailəm Şri Lankadadır. Almaniya, Amerikanı istəmirəm. Burda qalacam”. 


“İçəridəki şəraitiniz necədir” sualına cavabda deyir ki, bəlkə də siz içəri girsəz, içərinin necə olduğunu anlayardız. Sual dolu baxışımızı görüb əlavə izahat verir: “Bəlkə də siz fikirləşərsiz ki, çox pisdir. Amma bizim üçün pis sayılmaz. Gündə iki dəfə yemək verirlər. Yeməklər yaxşıdır mənə görə. Problemlərə gəlincə, əslində bizə heç nə verilməyib. Bu kartdan başqa. (əlindəki müvəqqəti saxlanma məntəqəsi tərəfindən verilən kartı göstərir-S.T) Eləməyə heç nə yoxdur. Mənimçün, burdakı insanlar üçün əlavə heç nə yoxdur. Hərdən çölə çıxırıq, gəzirik, o qədər. Biz nə üçünsə gözləyirik. Yaxşı bir şeyin ümidi ilə gözləyirik. Burda hər ölkədən var: İran, İraq, Əfqanıstan, Suriya, Banqladeş. Amma Suriyadan gələnlər üstünlük təşkil edir”.


Söhbətin uzandığını görən düşərgənin üç nəfər polis əməkdaşı bizə yaxınlaşır. Çox güman ki, silsilə müsahibələrdən narahat olaraq bildirirlər ki, “əlimizdəki aparatın yaddaşını silə də bilərlər. Amma tələbə olmamızı nəzərə alıb, bunu etmirlər”. İncə mesaj verirlər ki, düşərgənin sərhədini nə qədər tez tərk etsək, bir o qədər yaxşı olacaq. 

Mübahisə etmədən tələblərini yerinə yetiririk. Bütün hallarda hökumətin macarlara, eləcə də dünyaya belə varlığını unutdurmağa çalışdıqları qaçqın düşərgəsinin qapısı önündə yarım saat belə olmaq bizə bəs edir. Az-çox hekayələrini öyrənə bilirik. Ağrılı, acılı, peşmançılıq... dolu hisslərdən ibarət yaşantı, gözləntilər, ümidlər. Hamısının üzündə bu ifadələri tapmaq mümkün idi. İstisnasız həm də... 

Sevinc TELMANQIZI,
Fotolar, video Aytən ABBASLInındır 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR