İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni məmurlardan kimlər əyri yola gedir, sabiqlər həbsdə niyə namaza başlayır? - Partiya sədri CANLI-da

298 18.01.2022 15:00 Gündəm A A

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində kadr islahatlarından danışmışdı. Dövlət başçısının sözlərinə görə korrupsiya ilə bağlı məsuliyyətdən heç kim boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq: “18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir.

Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır. Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”.

Göründüyü kimi, ölkə başçısı yeni təyin olunan kadrların da bir müddət sonra əyri yollara meyl etdiklərini bildirib. Məlumdur ki, dövlət başçısı bir çox hallarda kadr təqdimatlarına baxır sonra qərar verir. Bunun üçün hansı addımlar atılmalıdır ki, yüksək postlara yalnış təqdimatlar Prezidentə verilməsin?

Bu arada iri məmurlar həbs olunandan sonra ibadətə başlayırlar, “Allah yoluna” gəlirlər. mətbuatda yayılan məlumatlara görə, hazırda həbsdə olan Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədov keçən ilin sentyabrından namaza başlayıb, sabiq başçının şeir yazdığı, idmanla məşğul olduğu da deyilir.

Onu da bildirək ki, sabiqlər arasında namaza başlayan, şeir yazan yalnız A.Məmmədov deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədov da nazir vəzifəsindən azad ediləndən sonra namaz qıldığını, ibadətlə məşğul olduğunu, şeirlər yazdığını deyib.

Korrupsioner və oliqarx məmurlar kimi tarixə düşən sabiqlərin çoxunun namaz qılması, şeir yazması cəmiyyətdə də qəribə qarşılanır. Ekspertlər deyir ki, sabiqlərin demək olar ki, hamısının imici zədəlidir, özlərini yeni obrazda təqdim etsələr də, xalq onları bağışlamır və səmimiyyətlərinə inanmır.

“Bunlar həbsxanada namaz qılıb, şeir yazırlar ki, insanların bunlara yazığı gəlsin. Yəni səmimiyyətlərinə inanmıram” .Bunu nasir Xeyrəddin Qoca deyib. X.Qoca məmurların atdıqları müsbət addımlarının səmimiyyətinə inanmadığını bildirib.

Bu gün TVMusavat-ın saat 15:00-da “Həftə içi”verilişində aparıcı Emil Salamoğlu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu sədri Ağasif Şakiroğlu ilə yeni kadrlar arasında da özünü doğrulda bilməyənlərdən, sabiqlərin ibadətə üz tutmasından, hökumətin idarəçilik sistemindən, ölkədəki qiymət artımlarından danışır.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR