Yeni icra başçısı sahibkarla polislərin qarşıdurmasına müdaxilə etdi - FOTOLAR
“Laçın” Ticarət Mərkəzinin rəhbərliyi ilə Dövlət Yol polisi arasında bir neçə gündür ki, davam edən parkomat problem həll edilib. Problemin həlli üçün Nizami rayonuna yeni icra başçısı təyin olunan Arif Qasımov hadisə yerinə gəlib.
Musavat.com xəbər verir ki, ticarət mərkəzinin qarşısındakı səkidən uzun illərdir ki, dayanacaq kimi itifadə olunur. Dayanacaqdan əsasən ticarət mərkəzinə alış-verişə gələn müştərilər istifadə edirdilər.
Daha sonra əraziyə parkomat qoyulması üçün Dövlət Yol Polisinin və rayon İcra Hakimiyyətinin əməkdaşları gəliblər. Bazar rəhbərliyi isə bununla razılaşmayıb.
Bir müddət DYP həmin ərazidə maşın saxlanılmasına icazə vermədi. Əsas olaraq isə səkidə maşın saxlamağın qadağan olduğu göstərilirdi.
Maraqlısı isə o idi ki, səkidə maşın saxlamağın qadan olduğunu deyən DYP və icra hakimiyyəti nümayəndələri əraziyə parkomat qoymaq istəyirdilər.
Oktyabrın 3-də İcra Hakimiyyətinin nümayəndələri yenidən ticarət mıərkəzinin qarşısına parkomat qoymaq məqsədi ilə əraziyə gəliblər. Bu zaman da bazar işçiləri ilə icra nümayəndələri və polis arasında gərginlik yaşanıb.
Bir neçə bazar işçisi polislər tərəfindən saxlanılıb. Hadisəyə digər satıcılar da müdaxilə ediblər. Gərginlik böyüyəndən sonra saxlanılan şəxslər buraxılıblar.
Daha sonra əraziyə rayonun yeni icra başçısı Arif Qasımov gəlib. Arif Qasımov bazarın rəhbəri Maqsud adlı şəxslə görüşüb. Tərəflər arasında danışıq razılıqla nəticələnib. Razılığa görə, bazarın qarşısına parkomat qoyulmayacaq və ərazidə maşın saxlanılmasına icazə verilib.
Qeyd edək ki, satıcılar musavat.com-a bildirmişdilər ki, bir neçə gündür, bazarın qarşısında maşın saxlamağa qadağa qoyulduğundan müştərilərin sayı xeyli azalmışdı. Maşınını saxlamağa yer tapa bilməyən alıcılar bazara gəlmirdilər.
İlkin Muradov,
Musavat.com,
Fotolar müəllifindir.






