MTK rəhbərləri ilə söhbət əsnasında öyrəndik ki, yeni tikilən binaların zirzəmisi əvvəldən başqa məqsəd üçün nəzərdə tutulub. Onların əksəriyyəti binanın çertyojunda avtomobil qarajı kimi göstərilib. Ancaq bununla belə, əksər binaların zirzəmisi kafe-bar, bilyard zalı və digər əyləncə mərkəzləri kimi istifadə edilməkdədir.

Adının çəkilməsini istəməyən MTK sədri məsələ ilə bağlı deyib ki, sığınacağın inşası çoxmərtəbəli binadan baha başa gəlir. Odur ki, FHN-in bu arzusu həm də mənzillərin qiymətini bahalaşdıra bilər: “Birincisi, zirzəmi quru olmalıdır ki, orada yaşamaq üçün şərait yarada biləsən. Ancaq bizdə zirzəmilərin əksəriyyəti su işindədir. Sığınacaqda yaşamaq üçün normal şərait yaradılmalıdır. Məsələn, insanlar bir neçə gün, hətta bir ay orada daldalana bilsin. Bunun üçün orada hər bir şərait, su, telefon xətti, xəstələr, yaralılar üçün yerlər olmalıdır. Bütün bunlar isə kifayət qədər vəsait tələb edir. Havaya zəhərli qaz buraxılarsa, sığınacağa təmiz havanın daxil olması üçün filtrlər, xüsusi avadanlıqlar qoyulmalıdır. Hətta sığınacağın qapısı xüsusi qaydada hazırlanmalıdır. Bu, elə-belə və hamının bacara biləcəyi bir məsələ deyil. Həm də bütün binalarda bunu tikmək mümkün deyil”.

Paytaxtın Xətai rayonunda yaşayan sakinlər isə yeni tikilən binalarda bir qayda olaraq əyləncə mərkəzlərinin açılmasından narahatdırlar. Onlar bildirirlər ki, gecə yarısına qədər səs-küydən və söyüş-təhqirdən qulaq tutulan əyləncə mərkəzlərinin olmasındansa sığınacaqların olması məqsədəuyğundur.
Nizami rayonunda sovet dövründə sığınacaqların tikilməsində iştirak edən ekspert isə bildirir ki, həmin sığınacaqların əksəriyyəti də hazırda yararsız vəziyyətdədir: “Biz müharibə vəziyyətində olan ölkəyik. Bu cür məsələlərə həssas yanaşılmalıdır”. O, yeni tikilən binaların zirzəmisində sığınacaq quraşdırılması məsələsindən xəbərsiz olsa da, gələcəkdə tikiləcək binalar üçün bunun keçərli olacağını istisna etməyib.
Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bir neçə il əvvəl sığınacaq məsələsinə toxunmuşdu. O, ölkənin bütün bölgələrində kifayət qədər sığınacaqların və bu kimi obyektlərin olduğunu bildirib. Nazir qeyd edib ki, mülki müdafiə obyektləri olan sığınacaqlar baxımından Azərbaycan müharibəyə tam hazırdır. Nazir həmçinin paytaxt Bakıda və ölkənin digər iri şəhərlərində bəzi binaların zirzəmilərindən iaşə obyekti və başqa məqsədlə istifadə olunmasını tənzimləmək üçün müvafiq tədbirlər planının hazırlandığını da bildirmişdi.
Nəzərə çatdıraq ki, hələ sovet vaxtından Bakıda və bölgələrdə tikilən çoxmərtəbəli binaların zirzəmiləri mülki müdafiə sığınacaqları kimi nəzərdə tutulub. Ümumiyyətlə, bu, bütün dünyada qəbul olunmuş normadır ki, hər hansı bir müharibə, təbii, ekoloji fəlakət zamanı insanların təhlükəsizliyini təmin etmək üçün sığınacaqlar yaradılır.

Ölkədə isə mülki müdafiə sığınacaqları ilə bağlı ciddi problemlər var. Bunu bir vaxtlar Mülki Müdafiə Qoşunlarında xidmət etmiş bir zabit də təsdiqləyir. Adının çəkilməsini istəməyən keçmiş zabit bildirdi ki, paytaxtın bir neçə yerində böyük sığınacaqlar var: “Məsələn, nazirliklərin, həbsxanaların, xəstəxanaların, bəzi məktəblərin sığınacaqları var. Bundan başqa, bir neçə metro stansiyasından mülki müdafiə sığınacağı kimi istifadə edilə bilər. Şəhərin demək olar ki, bütün rayonlarında ümumi sığınacaqlar var. Bunlar daha çox hərbçilər üçün nəzərdə tutulub, yəni hərbi təyinatlıdır. Bu sığınacaqların konkret ünvanını mətbuatda dərc etmək yolverilməzdir, çünki bunlar xarici kəşfiyyat orqanlarının əlinə düşə bilər. Lakin bu sığınacaqlara Bakı sakinlərinin hamısını yerləşdirmək mümkün deyil. Bu işə ciddi yanaşılmalıdır. Hər bir binanın zirzəmisi mülki müdafiə sığınacağı kimi hazırlanmalıdır. Həyət evlərinin çox olduğu ərazidə isə hansısa inzibati binaların zirzəmisindən bu məqsədlə istifadə edilməlidir”.






