İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən döyüşçülərinə görə Azərbaycan neftinin nəqli qəlizləşdi - ziyanın həcmi

4116 06.02.2024 10:28 İqtisadiyyat A A

Yaranmış şəraitdə ölkəmiz Avropa İttifaqı ölkələri bazarına “qara qızıl” və neft məhsullarının əsas ixracatçılarından birinə çevrilir

Yəmən döyüşçüləinin Qırmızı dənizdə beynəlxalq ticarət gəmilərinə hücumları səbəbindən Azərbaycan neftinin Asiyaya nəqli marşrutu da dəyişib. Bu barədə “Reuters” xəbər yayıb.

Agentliyin yazdığına görə, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR öz neftini Afrikanın cənubundakı Ümid burnu vasitəsilə tankerlə Taylanda çatdırır. LSEG və “Kpler konsaltinq” şirkətlərinin məlumatına görə, “Tilos I” gəmisi hazırda yanvarın 22-də Türkiyənin Ceyhan limanına yüklənmiş təxminən bir milyon barel Azərbaycan BTC xam neftini daşıyır. Malın martın 8-də Siraçda (Tailand) boşaldılması gözlənilir. LSEG-ə görə, yükün meneceri Yunanıstanın Dynacom gəmiçilik şirkətidir.

File:Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binası.jpg - Wikimedia  Commons

Yəməndə Bədrəddin əl-Husi davamçılarının Qırmızı dənizdə və Ədən körfəzində gəmiçiliyə hücumları yükdaşıma xərclərini artırır və qlobal ticarəti pozur. Husilərin ticarət gəmilərinə hücumları səbəbindən dünyanın ən böyük gəmiçilik şirkətləri bu marşrutdan istifadə etmir və Afrikanın cənubundan keçən dəniz yoluna üstünlük verir. Bu da malların daşınmaı xərclərini artırır və ən azı 10-15 gün gecikmə ilə müştəriyə çatdırılmasına gətirib çıxarır.

Mövcud vəziyyətlə əlaqədar BP də Qırmızı dənizdən neft nəqlini dayandırıb. ABŞ və Böyük Britaniyanın husilərin hədəflərinə aviazərbələri isə vəziyyəti dəyişmək üçün kifayət etmir. Yəmənin böyük hissəsinə nəzarət edən İranın dəstəklədiyi husilər hələ də Qırmızı dənizdən keçən gəmilərə hücum etmək qabiliyyətini saxlayır.

Qeyd edək ki, ilk vaxtlar husilər yalnız İsrailə yük daşıyan gəmilərə hücum edirdilər. Lakin sonradan Çin və Rusiya istisna olmaqla, bütün ölkələrin gəmilərinə hücum etməyə başladılar. Böyük Britaniya və ABŞ-ın husilərin düşərgələrinə zərbələri gəmilərə hücumları daha da intensivləşdirib. 

Husilərin Qırmızı dənizdəki hücumları dünyanın əksər iri daşımaçı şirkətlərini bu dənizlə yükdaşımalardan müvəqqəti də olsa yayındırıb. Hücumlar səbəbi ilə Küveytin neft və neft məhsulları daşıyıcısı Kuwait Oil Tanker Süveyş kanalından keçən marşrutları müvəqqəti olaraq tərk edib. Dekabrın sonunda logistika şirkətləri 35 milyard dollar dəyərində yükü Qırmızı dənizdən kənar marşrutlarla daşıdıqlarını açıqlayıblar.

Qırmızı dənizin yeganə alternativi Afrikanın ətrafından dolanaraq Ümid burnundan Hind okeanına daxil olmaqdır. Afrika ətrafında bu uzun marşrutla 1 gəminin hər səfəri daşınma xərcinin 1 milyon dollar artması, çatdırılma müddətinin isə 10-15 gün uzanması ilə nəticələnir.

Avropanın ən böyük daşıyıcıları husilərin ilk hücumlarından sonra gəmiləri Qırmızı dənizdənkənar ərazilərlə Asiyaya yönləndirəcəklərini açıqlayıblar. Bu qərar artıq qiymətlərdə öz əksini tapıb. “Optimaloq” şirkətinin baş direktoru Georgiy Vlastopulonun sözlərinə görə, Türkiyədə bir həftə yarım ərzində yükdaşımaların qiyməti min dollar artıb, əvvəllər bu, 200 dollara yaxın idi. Nəzərə alsaq ki, malların maya dəyərinin 10 faizə yaxını daşıma xərcinin payına düşür, onda bahalaşmanın qaçılmaz olduğunu demək olar. 

"Bloomberg" Agentliyinin yaydığı məlumata görə, Qırmızı dəniz böhranı səbəbindən 12 yanvardan bəri Yaxın Şərqdən Asiyaya bəzi yanacaq və maye karbohidrogenlərin daşınmasının dəyəri 182 faiz artıb. Belə ki, bəzi gəmilərin Yaxın Şərqdən Asiyaya bir sıra neft məhsullarının daşınması üçün tələb etdiyi tariflər cəmi 11 gün ərzində 30.000 dollardan gündə təxminən 3 dəfə artaraq 83.000 dollara çatıb.

Bundan əlavə, bir sıra neft tədarükü şirkətləri tədarükləri müvəqqəti olaraq dondurub və ya xərclərini artırıb, bu da Asiyada istehlakçılar üçün qiymətlərin artmasına səbəb olub. Belə ki, Səudiyyə Ərəbistanı və İraqdan təxminən 9 milyon barel neft daşıyan tankerlərin Afrika ətrafında uzun bir səfər edəcəkləri üçün gəliş limanlarına planlaşdırılandan təxminən iki həftə gec çatacaqları məlum olub.

Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndeb boğazı neft və qazın nəqli üçün mühüm mərkəzdir. 2023-cü ilin birinci yarısında qlobal dəniz neft ticarətinin 12 faizi və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 8 faizi bu boğazdan keçir. Avropa və Asiya arasında tranzit gəmilər Bab əl-Məndəb boğazından keçməlidir.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, ötən il noyabrın ortalarından etibarən Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə hücumları bir çox şirkətləri bu təchizat marşrutundan yayınmağa məcbur edib. Bu şirkətlərə "Equinor", BP, "Euronav", "QatarEnergy", "Torm", "Shell" və "Reliance" daxildir. Tankerlər indi Ümid burnu vasitəsilə Cənubi Afrikanı dövrə vurmalıdırlar ki, bu da səyahət vaxtını xeyli artırır. Fars körfəzindən Süveyş kanalı ilə Amsterdam-Rotterdam-Antverpen neft ticarət mərkəzinə səyahət 19 gün, Ümid burnu ilə isə demək olar ki, 35 gün çəkir. Bundan əlavə, quraqlıq və Panama kanalındakı məhdudiyyətlər ABŞ-ın Meksika körfəzindən Yaponiyaya gedən böyük LNG daşıyıcılarını Süveyş kanalı və Ümid burnu ətrafından keçməyə məcbur edir, marşrutları müvafiq olaraq 17 və 21 gün uzadır. Eyni zamanda Qırmızı dəniz vasitəsilə LNG tədarükü 2022-ci illə müqayisədə 2023-cü ildə 59 faiz artıb.

Babül-Məndəb boğazı - Wikiwand

Noyabr ayında hücumlar başlayandan bəri Bab əl-Məndəb boğazından keçən neft, neft məhsulları və təbii qaz axını yavaşlayıb. Dekabr ayında Bab əl-Məndəb boğazı ilə orta hesabla müqayisədə təxminən 18 faiz az neft nəql edilib. 2023-cü ilin yanvar-noyabr ayları arasında neft ticarəti marşrutlarının əksəriyyəti Bab əl-Məndeb boğazından keçirdi.

Süveyş kanalı vasitəsilə Aralıq dənizinə gedən marşrut xam neftin nəqli üçün böyük əhəmiyyət kəsb edir. Jefferies investisiya bankının analitiklərinin hesablamalarına görə, dünya üzrə xam neft tədarükünün təxminən 8 faizi Süveyş kanalından keçir.

Daha uzun marşrutlar yanacaq xərclərinə görə yükdaşıma tariflərini artırır. Yanacaq xərclərini artırmaqla yanaşı, daha uzun marşrut eyni çatdırılma cədvəlini saxlamaq üçün daha çox gəmi tələb edir və mövcud olan gəmilərin sayının az olması yanacaq qiymətlərinin artmasına və xərclərin artmasına səbəb olur.

ABŞ Energetika Nazirliyi 2023-cü ilin dekabrında Bab əl-Məndeb boğazı və Süveyş kanalı vasitəsilə neft məhsullarının daşınması tariflərinin noyabr ayı ilə müqayisədə orta hesabla 20 faiz artdığını vurğulayıb. Eyni zamanda neft tankerlərinin tarifləri noyabrda qiymət artımından sonra demək olar ki, dəyişməz qalıb.

Onu da qeyd edək ki, Qırmızı dənizlə daşımaların dayanması ilk növbədə ərəb dövlətləri və ABŞ-ın  Asiyaya neft və maye qaz ixracına mənfi təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, bu, digər regionlardan olan tədarükçülər üçün Asiya bazarlarına maye karbohidrogenlərin ixracını artırmaq şansı yaradır ki, bu da qısa müddətdə qiymətlərin artmasına səbəb olacaq. Belə şans əldə edənlərdən birincisi Rusiyadır. Husilər bu ölkənin məhsulunu daşıyan gəmilərə toxunmurlar deyə Rusiya rahatlıqla Asiyaya neft ixracını artıra bilər. Son aylarda qiymət və ABŞ-ın ikincili sanksiyalarına görə Rusiyadan neft alışını azaldan Hindistan daha çətin durumdadır. Analitik mərkəzlərin proqnozlarına görə, bu il Hindistanda neft istehlakı artacaq - OPEK-in proqnozuna görə, gözlənilən iqtisadi imkanlar sayəsində ölkədə neftə tələbat 2024-cü il ərzində 4,1 faiz artaraq sutkada 5,5 milyon bareldən çox olacaq. Bu şəraitdə ərəb və ABŞ neftinin uzun yola görə bahalaşması Hindistanın yenidən Rusiyaya üz tutmasına gətirib çıxaracaq. 

Qırmızı dənizdəki problem Azərbaycanın əsas neft alıcılarından ikisinə çatdırılmalarda problemə səbəb olub. Söhbət İsrail və Hindistandan gedir. 2023-cü ildə Azərbaycan İsrailə 1 milyard 394 milyon 267.62 min dollar dəyərində 2 milyon 270 min 342.65 ton, Hindistana 1 milyard 227 milyon 40.85 min dollar dəyərində 2 milyon 25 min 82.15 ton neft ixrac edib. İsrailə neft Aralıq dənizindəki Hayfa və Aşkelon limanları vasitəsilə çatdırılır. Bu limanlar "Hizbullah" və HƏMAS-ın hədəfində olsa da, qısa müddət istisna olmaqla, daşımalarda problem yaranmayıb. Lakin daşınan yüklərin sığorta xərclərində artımlar baş verib. 

Hindistana neft ixracının Ümid burnu vasitəsilə reallaşması Azərbaycan üçün xərclərin ən azı 20 faiz artması deməkdir. Nəzərə alsaq ki, ölkənin neft hasilatı və ixracı getdikcə azalır, Qırmızı dəniz böhranının uzunmüddətli xarakter alması halında, bu problemin neftdən əldə olunan gəlirlərin ciddi şəkildə azalmasına gətirib çıxara biləcəyini söyləmək olar. Bu aqibətdən qurtulmaq üçün Azərbaycan Hindistan, Vyetnam, İndoneziya, Malaziya və digər alıcılardan diqqətini Avropaya yönəldə bilər. Qırmızı dənizdəki böhran ərəb neftinin Avropaya çatdırılmasına ciddi əngəl yaradır. Bu isə Avropanın digər mənbələrə - o cümlədən də Azərbaycana üz tutmasına səbəb olur. Azərbaycan bu gün Avropa İttifaqı ölkələri bazarına “qara qızıl” və neft məhsullarının əsas ixracatçılarından birinə çevrilir.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR