İnsanlara hürriyət, millətlərə istiqlal!

YƏMƏN DİKTATORU HAKİMİYYƏTİ ORDUYA VERMƏYƏ RAZILAŞDI

4529 28.03.2011 02:55 Gündəm A A

“Mən hakimiyyəti iki saata təhvil verə bilərəm, ancaq ləyaqətimin qorunacağına təminat almalıyam”, - deyə o bildirib. Xəbərlərə görə, Salehin hakimiyyəti müxalifətin tərəfinə keçmiş tank diviziyasının komandanı və yaxın qohumu olan Əli Möhsen əl-Ahmarın təmsil olunduğu Hərbi Şuraya təhvil verməsinə dair danışıqlar gedir. Danışıqlara ABŞ və Avropa təmsilçilərinin də qoşulduğu bildirilir.

***

Əbd Rabbi Mansur HadiDigər məlumata görə, Saleh bütün səlahiyyətlərini vitse-prezident, general Əbd Rabbi Mansur Hadinin rəhbərliyi ilə yaradılacaq Şuraya təhvil verərək hakimiyyətdən iki ay ərzində çəkilməyə hazırdır. Həmçinin ölkədə konstitusion islahatlar həyata keçirmək üçün keçid hökuməti də formalaşdırılmalıdır. Lakin paytaxt Sənada aksiyaları davam etdirən Yəmən müxalifəti Salehin dərhal istefaya getməsini tələb edir. Dünənə olan xəbərlərə görə, vəziyyət hər an dəyişə və Saleh hakimiyyətdən çəkilə bilərdi. Bildirilir ki, “Əl-Qaidə”nin güclü özəklərindən birinin fəaliyyət göstərdiyi Yəməndə hakimiyyətin Misirdəki kimi müvəqqəti olaraq orduya təhvil verilməsi variantını Qərb dəstəkləyir. Hələlik, ABŞ və digər Qərb ölkələri Yəmən prezidentinə istefaya getmək üçün Misir və ya Liviyadakı kimi güclü təzyiq göstərməyiblər. Analitiklərə görə, Qərb hakimiyyətin ondan sonra kimin əlinə keçəcəyini yəqinləşdirməyib və Yəmənlə bağlı tərəddüdləri var. Lakin situasiyanın daha da pisləşməsinə imkan verməmək üçün hakimiyyətin generallara təhvil verilməsi ən optimal seçim hesab edilir. İndiyədək Yəməndə hakimiyyət əleyhinə nümayişlərdə 100-dən çox adam öldürülüb. Ordunun böyük hissəsi müxalifətin tərəfinə keçib, ölkənin nüfuzlu qəbilələri də Salehdən üz döndərib.

***

Bəşər ƏsədYəməndə Salehin hakimiyyətdən getməsinin an məsələsi olduğu bir vaxtda Suriyada da vəziyyət dramatik şəkildə gərginləşir. Prezident Bəşər Əsəd ölkədə qəfil başlayan etirazlar qarşısında siyasi islahatlara başlamağı qərara alsa da bu onun rəhbərlik etdiyi BƏƏS Partiyasının yarım əsrlik iqtidarına qarşı narazılığı azaltmağa kifayət etməyib. Digər tərəfdən Əsədin və onun rejiminin davranışları ziddiyyətlidir. Bir tərəfdən o islahatlara başladığını göstərmək istəyir, digər tərəfdən isə Suriyanın təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı xüsusi amansızlıqla rəftar edir və artıq onlarla adamın öldürüldüyü məlumdur. İnternetdə etirazların başladığı Dəraa şəhərində zirehli texnikanın altında əzilərək başları və qolları qopmuş nümayişçilərin cəsədlərinin görüntüləri yayımlanıb. Martın 27-nə keçən gecə isə Suriya hakimiyyəti liman şəhəri Latakiyəyə nümayişləri yatırmaq üçün ordu yeridib. Xəbərlərə görə, bu şəhərdə əsasən gənclərdən ibarət kütlə hakim partiyanın yerli qərargahını yandırıb. Təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb və azı iki nəfər öldürülüb. Hakimiyyət isə iddia edir ki, öldürülənlər snayperlə vurulublar və bunda naməlum təxribatçıları günahlandırır. Suriya dövlət televiziyası ölkədə vəziyyəti gərginləşdirmək istəyən “silahlı elementlər” barədə xəbər yayıb, lakin təfərrüatları bildirməyib. Digər xəbərə görə, etirazların təşkilində rol aldığı deyilən iki amerikalı tutulub. Suriyanın cənubundakı Tufas şəhərində də nümayişçilərin hakim partiyanın binasını yandırdıqları, inzibati binalara hücum etdikləri məlum olub. Dəraa şəhərində isə etirazlar səngimək bilmir. Şəhərdə gənclərdən ibarət kütlə prezidentin atası Hafiz Əsədin heykəlinin üzərinə çıxaraq “Xalq bu rejimin devrilməsini istəyir!”, “Allah, Suriya, azadlıq!” şüarları qışqırıblar.

***

Abdel Halim HəddamMühacirətdəki Suriya müxalifətinin də fəallaşdığı müşahidə edilir. Belə ki, keçmiş vitse-prezident, 6 il əvvəl Fransaya mühacirət etmiş Abdel Halim Həddam bəyan edib ki, azadlıq uğrunda mübarizlərin qanının axıdılması despotik rejimin sonunu yaxınlaşdırıb. Onun sözlərinə görə, Suriya xalqı qorxu baryerini aşıb və azadlıq yolundadır. Bu arada Facebook sosial şəbəkəsində yayılan məlumatlara əsasən, Livan xəbər agentliklərindən biri Suriyanın vitse-prezidenti Faruk əs-Şaraanın öldürüldüyünü yayıb. Onun Suriyanın məxfi xidməti tərəfindən öldürüldüyü güman edilir. İnformasiya başqa mənbələrdən hələlik təsdiqlənməyib. ABŞ da Suriyada baş verənləri yaxından izləyir. Pentaqon rəhbəri Robert Geyts bəyan edib ki, Suriyada nümayişçilərə atəş açılması barədə xəbərlər narahatlıq doğurur. O, Suriya ordusunu Misir ordusundan nümunə götürərək nümayişçilərə atəş açmamağa və onların təhlükəsizliyini təmin etməyə çağırıb. Ağ Ev rəsmisi Cey Karni isə bəyan edir ki, Vaşinqton Suriyadakı hadisələrdən dərin narahatlıq keçirməkdədir: “Biz Suriya hakimiyyətinin nümayişləri yatırmaq və etirazçıları qorxutmaq səylərini qətiyyətlə pisləyirik. Suriya hakimiyyəti zorakılığı dərhal dayandırmalı, dinc nümayişlərə imkan yaratmalı və həbslərə son qoymalıdır”. BMT-nin baş katibi Pan Gi Mun da Suriya prezidentinə zəng edərək onu nümayişçilərə qarşı “maksimum təmkinli olmağa” çağırıb. Baş katib deyib ki, Suriya iqtidarı vətəndaşların fundamental azadlıqlarına hörmət etməlidir. Venesuela prezidenti Uqo Çaves də Suriyada baş verənlərdən bərk narahatdır. O bildirir ki, imperialistlər Suriyada hakimiyyəti devirmək üçün düyməyə basıb və məqsədləri bu ölkənin təbii sərvətlərini talamaqdır.

***

QəzzafiPolkovnik Qəzzafini hakimiyyətdən uzaqlaşdırmaq üçün beynəlxalq koalisiya tərəfindən hərbi əməliyyatların aparıldığı Liviyada isə əsas yenilik müxalifət qüvvələrinin toparlanaraq daha iki şəhərə nəzarəti geri qaytarmasıdır. Bir gün əvvəl ölkənin şərqindəki strateji əhəmiyyətli Əcdabiyə şəhərinə nəzarəti ağır döyüşlərdən və koalisiya aviasiyasının Qəzzafinin qüvvələrinə endirdiyi güclü zərbələrdən sonra ələ alan müxalifətçilər irəliləyərək neft liman şəhəri Breqanı da geri qaytarıblar. Aralıq dənizi sahillərində yerləşən Breqada Liviyanın əsas neft ixrac limanlarından biri yerləşir. Breqadan sonra irəliləməyə davam edən müxalifətçilər bu istiqamətdəki neft şəhəri Ras əl-Ranufu da tutublar. Həmin şəhər Əcdabiyədən 210 kilometr qərbdə yerləşir. Qəzzafinin qüvvələri ağır itkilər veriblər və polkovnikin doğma şəhəri Siirtə doğru geri çəkilirdilər. Xəbərlərə görə, ölkənin qərbindəki Misurata şəhəri uğrunda ağır döyüşlər isə davam etməkdədir. Qəzzafinin əsas qüvvələri hazırda bu şəhərdə cəmləşib, onlar iki istiqamətdən tankların və artilleriyanın köməyi ilə şəhərə həmlələr edir. Koalisiya aviasiyası havadan Qəzzafinin qüvvələrinə yeni zərbələr endirib. BBC xəbər verir ki, koalisiya aviasiyası bazar gününə keçən gecə Liviyada onlarla hədəfi vurub, Qəzzafinin doğma şəhəri olan Siirtə, paytaxt Tripoli ətrafındakı hərbi hədəflərə, Tunislə sərhəddəki Zintan şəhərinə zərbələr endirilib. Misurata şəhəri istiqamətində isə Fransa aviasiyası Qəzzafinin qüvvələrinin 5 təyyarəsini və bir vertolyotunu vurduğunu açıqlayıb. Fransa hərbi komandanlığı təyyarələrin və vertolyotun Misurata aeroportunda vurulduğunu, onların müxalifətçiləri bombardman etmək üçün əməliyyatlara hazırlaşdığını açıqlayıb.

***

Robert GeytsQəzzafinin televiziyası koalisiya aviasiyasının zərbələri nəticəsində yüzdən çox dinc sakinin öldüyünü bildirir. Lakin ABŞ müdafiə naziri Robert Geyts bildirib ki, Pentaqon bombardmanlar zamanı dinc sakinlərin öldüyünə dair heç bir fakta malik deyil. Bununla belə Amerika kəşfiyyatı müəyyən edib ki, Qəzzafinin adamları müxalifət qüvvələri ilə toqquşmalarda ölənlərin cəsədlərini bomba zərbələri endirilən yerlərə atır və onları jurnalistlərə göstərir. CNN telekanalı isə Tripolidə bomba zərbələrindən öldüyü deyilən insanların dəfn mərasiminin keçirildiyini, lakin mərasimdə ölənlərin heç birinin yaxınlarının gözə dəymədiyini, tabutlardan birinin isə ümumiyyətlə boş olduğunu xəbər verib. Liviya əməliyyatlarına komandanlıq bu həftədən NATO-ya keçir. Lakin əməliyyatların hamısının, yoxsa təkcə hava məkanına nəzarət və silah embarqosunun alyansın tabeçiliyinə veriləcəyi məsələsi açıq qalır. ABŞ-ın Liviyada quru əməliyyatlarına hazırlaşması barədə xəbərləri isə həm prezident Obama, həm Dövlət Departamenti təsdiq etməyib. Obama hərbi əməliyyatların bir həftəsinin başa çatması ilə bağlı deyib ki, nəticələr uğurludur. O, ABŞ-ın əməliyyatda iştirakını azaldacağını da deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR