İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən daxili müharibəyə sürüklənir - Bakıdan görünənlər

3214 20.03.2015 23:00 Son xəbər A A

Cümə günü Yəmənin paytaxtı Sənada iki məsciddə terror aksiyası törədilib. Sənanın əl-Cəraf rayonunda əsasən şiə zeydilərin getdiyi əl-Haşhoş və Bədr məscidlərində cümə namazı zamanı baş verən partlayışda ölənlərin sayı son məlumata görə 137 nəfərdir. Partlayış zamanı daha 340 nəfər isə yaralanıb. 
"Röyters" agentliyi terror hücumunu İŞİD-in öz üzərinə götürdüyü haqda məlumat yayıb. Ölü və yaralı sayının daha da artacağı güman olunur. Cümə günü Səna ilə yanaşı ölkənin şimalında, şiələrin çoxluqda olduğu, husi hərəkatçılarının mərkəzi hesab olunan Səda şəhərində bir hüseyniyyəyə terror hücumu olub. Hücum nəticəsində onlarla insanın öldürüldüyü qeyd olunur. 



Məsələ ilə bağlı açıqlama verən husilərin "Ənsarullah" hərəkatının sözçüsü Məhəmməd Əbdussalam terror müharibəsi ilə qarşılaşdıqlarını bildirib. Onun sözlərinə görə, terror qruplaşmaları partlayışlar, silahlı hücumlar və bomba yüklü avtomobillər vasitəsilə hücumlar təşkil edir. Eyni zamanda, təşkilatın sözçüsü bildirib ki, onlar terrora qarşı necə savaşacaqlarını da bilirlər. Təşkilatın yaydığı açıqlamada isə qeyd olunur:  “Yəmən xalqını hədəfə alan terror hücumlarının sifarişçiləri və icraçıları məlumdur. Təhdidlər, qorxutmalar və şəhidlərin sayının artması Yəmən xalqını inqilab yolundan döndərməyəcək. Biz özümüzü müdafiə edərkən kimdənsə icazə gözləməyəcəyik. Bu terrorçulara və qatillərə qarşı necə savaşacağımızı çox gözəl bilirik”.



Xatırladaq ki, Yəməndə “ərəb baharı” nəticəsində baş verən hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn prezident Mansur Hadi hökuməti ötən ilin sentyabrında husi "Ənsarullah" hərəkatı silahlılarının paytaxt Sənanı tutmasından sonra faktiki olaraq iflic olub. Bu ilin fevralında isə M.Hadi devrilərək ölkənin cənubunda yerləşən Ədən şəhərinə qaçıb. Hazırda Ədəndə möhkəmlənən Hadinin tərəfdarları Sənadakı yeni hökumətə qarşı müharibəyə hazırlaşır. Ancaq son məlumata görə, Ədəndə Hadi ilə keçmiş prezident Əli Abdullah Salehin tərəfdarları arasında qarşıdurma var. 



Mərkəzi hökuməti ələ alan husi üsyançıları isə bütün daxili və xarici təzyiqlərə baxmayaraq yeni hökumət qurmaqda israrlıdır. Körfəzin ərəb ölkələri İrana yaxınlığı ilə tanınan və İran tərəfindən silahlandırılan husilərin ərəb yarımadasının önəmli ölkəsində hakimiyyətə sahiblənməsi ilə barışmaq istəmir. Hətta bir qədər əvvəl Ədən körfəzinin təhlükəsizliyini əsas gətirərək Yəmənə Misir ordusunun yeridilməsi gündəmə gəlmişdi. Ancaq ümumilikdə isə Yəməndə əl-Qaidənin Yəmən qolu, husi silahlı qruplaşmaları, indi isə İŞİD var. Buna qədər isə Yəməndə tayfaların hər birinin silahlı qrupları olub. Məhz bu cür qruplaşmalar sayəsində Yəmən artıq neçə ildir ki, istiqrardan məhrumdur. 



Son hücumların İŞİD-in öz üzərinə götürməsi onu göstərir ki, Yəməndə yaxın zamanlarda qanlı savaş başlayacaq. Savaşmaq üçün artıq indidən xeyli sayda silahlı və xarici qüvvələr tərəfindən dəstəklənən qüvvələr var. 


Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR