Bakıda iki milyonluq dələduzluqda ittiham edilərək həbs edilən turizm şirkətinin direktorunun vəkili açıqlama verib. Vəkil müdafiə etdiyi şəxsin günahsız olduğunu deyir.
Musavat.com xəbər verir ki, “Avangard Travel” MMC-nin direktoru Yeganə Nağıyeva xüsusilə külli miqdarda dələduzluqda ittiham edilir.
Məlumata görə, Yeganə Nağıyeva həmin şirkətin təsisçisi olan əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti qurub, yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə 2 milyondan çox ziyan vuraraq dələduzluq ediblər.
Yeganə Nağıyevanın vəkili Ceyhun Yusifov müdafiə etdiyi şəxsin günahsız olduğunu deyir. Bildirir ki, iş üzrə zərərçəkmiş hesab edilən şəxslər Y.Nağıyevaya faizə pul verən şəxslərdir.

Vəkilin sözlərinə görə dəfələrlə həmin cinayət işi üzrə ayrı-ayrı şəxslər tərəfindən müxtəlif şikayətlər olub.
“Qaradağ, Nərimanov rayon Polis İdarələrində, Bakı Baş Polis İdarəsində müdafiə etdiyim şəxsin pulu artıqlaması ilə qaytardığı sübuta yetirilib. Amma Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladı”,- deyə vəkil bildirib.
Onun sözlərinə görə Yeganə Nağıyeva yüksək faizlə pul verən şəxslərin təzyiqlərindən intihar həddinə çatıb: “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi faiz verən şəxslərin əməlini araşdırıb qiymət verməlidir. Pulların faizə verilməsini sübut edən yazışmalar var”.
Yeganə Nağıyevanın əri Ədalət Nağıyev barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
“Ədalət Nağıyev şirkətin təsisçisidir deyə cinayətdə əli olmalıdır? O, tamamilə başqa sahədə çalışır”- vəkil bildirib.
Musavat.com-un əldə etdiyi məlumata görə zərərçəkmiş şəxslərdən biri Vergilər Nazirliyinin Audit idarəsinin 2-ci şöbəsinin keçmiş rəisi Ceyhun Tağıyevdir. O, Yeganə Nağıyevaya 400 min dollar verdiyini iddia edir.
Digər zərərçəkmiş kimi tanınan şəxslərdən biri olan Rəşad Mirzəyev Ceyhun Tağıyevin şərikidir. O isə Yeganə Tağıyevaya 500 min dollar verdiyini deyir. İş üzrə ümumi zərərçəkən şəxslərin sayı 14 nəfərdir.
İlkin Muradov
Musavat.com






