Fikrət Qoca: “AYB ittifaqı olmasa da olar...”
Vüqar Əhməd: “Özlərinin qəbul etdiyi şair və yazıçılara qayğı göstərirlər”
Şəhriyar Del Gerani: “Qurumdur da, onun kimə nə ziyanı var?”
Kəramət Böyükçöl: “Üzvlərin sayı azalsın, yaşlılar gənclərlə əvəzlənsin”
Son vaxtlar Azərbaycan Yazıçılar Birliyinin (AYB) adı daha çox qalmqallarda hallanmaqdadır. Bir-birinin ardınca şair və yazıçılar ya qurumu tərk edir, ya da qovulurlar. Onlar arasında Şair Qismətin, Salam Sarvanın, Şərif Ağayarın, şairə Elnar Eyvazlının, gənc şair, publisist Kəramət Böyükçölün və digərlərin adını qeyd etmək olar. Təbii ki, AYB-dən ayrılanların hər birinin özünə məxsus səbəb və şərhləri var. Lakin bütün bu olaylar qurumun ətrafında söz-söhbətlərin, tənqidi fikrilərin yaranmasına səbəb olur. Bir neçə gün bundan öncə tanınmış şair Rüstəm Behrudinin qalmaqallı şəkildə AYB-dən getməsi isə qurum ətrafında olan ittihamları daha da alovlandırdı. Məsələ ilə bağlı mətbuatda, sosial şəbəkələrdə gedən müzakirələrdə yalnız sovet dönəmindən qalma şair və yazıçılara qayğı göstərildiyini, bu baxımdan artıq heç bir işə yaramadığını, beləliklə də AYB-nin bağlanılmasını tələb edənlər oldu. Bəzilərinin isə iddialarına görə şair və yazıçı, bir sözlə yaradıcı insan azad olmalı və heç bir qurumdan asılı olmayaraq fəaliyyətlərinə davam etməlidir. Beləliklə, AYB bağlanılsınmı? Bu sualla bir sıra şair və yazıçıların rəyini öyrənməyə çalışdıq.
AYB sədri, xalq şairi Fikrət Qoca məsələyə bu cür münasibət bildirdi:
“Sovet dövründən biz də qalmışıq, biz yaşlılar. Atamız anamız da o dövrdən olub. İndi danışanların da ata-anası sovet dövründən qalıb. Elə Behrudinin özü də sovet dövründən qalıb. Sovet dövründən qalmaq... biz həyatımız yaşamışıq. O dövrdə də, bu dövrdə də insan olmuşuq. Behrudi üzüntü çəkir ki, “niyə məni təbrik etmirsiz?”. Mən neyniyim, hərə bir cür yaşayır. Onun ad günü olduğunu mən heç bilmirdim. Ümumiyyətlə mən onu təbrik etməyəcəm. Baxdım siyahıya, gördüm ki, yoxdur. Ümumiyyətlə yaddan çıxıb. Onu şair kimi heç vaxt tanımamışam, heç tanımayacam da. 59 yaşı qeyd etmirlər, 50, 60, 65, 75 yaşlar qeyd olunur. Niyə belə tələsir, nə olub? İdarə ad gününü təbrik etməyib deyə, adam başlamalıdır hay-küy çıxartmağa?! Mətbuatda mənə ağzına gələni deyib. Sən qurumun rəhbərini saymırsansa, niyə oranın üzvüsən?
AYB birliyi haqqında tənqidi fikirlər səsləndirən kimlərdir, orda olmayanlar! “Mən yaxşıyam, sən yaxşı deyilsən” deməklə olmur. Ədəbiyyat 5-10 gündən, 50-60 yaşla ölçülmür. İllər keçir, hər şey ələkdən keçir, insanlar nəyi bəyənir, nəyi istəyir onu yaşdırlar. Bizim hamımızın taleyi budur.
Ümumiyyətlə heç dövlət də olmasa olar, insanlar qrup, pərakəndə şəkilində də yaşayıblar. Hər şey olmasa da olar. Bu AYB olmasa bunların nəyi artacaq, mənə maraqlıdır. Bunların istedadı artacaq? Əsərləri daha gözəl, oxucusu daha çox olacaq? AYB onları yazmağa qoymur, qələmlərini alıb sındırır, ya gizlədir, yoxsa nə? Bax bunu mən bilmək istəyirəm. AYB ittifaqı olmasa da olar, hər kəs evində oturub yazacaq. Demək ki, bu ev deyil. Yaxşı, otur evdə yaz da, özünü sübut elə”.
Daha çox nəğməkar şair kimi tanınan, filologiya elmləri doktoru, professor Vüqar Əhməd isə AYB-nin bağlanılmasının tərəfdarı olmadığını dedi:
“İstəməzdim. Çünki onun tarixi var, istər qanlı olaylarda istər müsbət olaylarda, repressiyalarda canlı şahid olub. Bir çox yazıçılarımız, müşfiqlər, cavidlər bu qurumun üzvü olub, oradan gediblər, güllənib, Sibirdə ölüblər və sairə. Eyni zamanda AYB-nin yazıçıların inkişafında da böyük xidmətləri olub. Onlar birliyin üzvü olublar ki, kitabları dövlət xətti ilə çap olunub. İndi də uzun illərdir ki, Anar müəllim qurumun rəhbəridir. Mən də 21-22 ildir ki, oranın üzvüyəm.. Yəni mən heç bir qayğı görməsəm də, dövlət xətti ilə bir çox yazıçılara təqaüd, ev verilib. Bəs indi bağlanılsa necə olacaq? Bizə ev verməsələr də heç olmasa öz dost-tanışlarına edirlər də. Özlərinin qəbul etdiyi şair və yazıçılara qayğı göstərirlər.
Anar mənim uşaqlıqdan sevdiyim yazıçıdır. 30 ildir ki, quruma rəhbərlik edir, elə ömrünün axırına qədər də rəhbərlik etsin.
Bir daha qeyd edirəm ki, AYB-nin bağlanılmasının tərəfdarı deyiləm. Quruma ehtiyac var. Bəlkə indi gələcəkdə kreslo dəyişdi, qurumun bütün üzvlərinə qayğı götərildi və yaxud da “təmizlik işi” aparıldı?
Yazıçı var nazirlikdə şöbə müdiridir, gömrük işçisi var, gündə nə qədər qazanır, onun nəyinə lazımdır ki, keçiriblər ora? Anar kimi görkəmli yazıçının, İsa Hüseynovun, Səməd Vurğunun üzvü olduğu qurumda indi məmurlar üzv olmamalıdır.
Bəlkə də gələcəkdə bütün yazıçılara qayğı göstəriləcək... Ümidlə yaşamaq lazımdır, nə bilmək olar”.
Ötən il quruma üzv seçilən yazar Şəhriyar Del Gerani isə səslənən iddiaları əsassız adlandırdı:
“Bu məsələlər bir qədər sadəlövh yanaşmadır, məsələn, “ekologiya nazirliyi bağlanılsın, biz havanın necə olacağını özümüz bilirik” kimi və sairə. AYB sovet dövründə hökumətin yaratdığı bir qurumdur, görünür bu lazımdır ki, yaradılıb. Bilmirəm bu sözü deyənlər nə istəyir? Məncə hər şey bekarçılıqdandır. Hər halda qurumun 100-ə yaxın işçisi var.
Qurumdur da, onun kimə nə ziyanı var?
Deyirlər ki, sovet vaxtından qalan şair və yazıçıları himayə edirlər, etsinlər də. Bunun hamısının kökündə umacaqlıq var. Məsələn deyirlər ki, “niyə orda Fikrət Qocaya maaş verilir, mənə verilmir?!”. Aydındır bu cür fikirlər.
Axı neyləyib sənə AYB? Qalsın da. Gənclərə, yaşlılara təqaüd verir, hər halda funksiyası var. Yox əgər sənin əlindən tutub ədəbiyyat yaratmağın mane olursa hə, onda deyə bilərsən ki, “mənə niyə mane olursan?”. Amma axı qurum heç kəsə mane olmur? Anar kimə mane olur ki, “yazma!”. Get yaz da.
AYB-dən nə vəzifəm, nə gəlirim, nə də ki, himayədarlığım var. Öz imzamı özüm təsdiq etmişəm. Bunda qurumun heç bir rolu olmayıb. Amma həqiqət deyilən bir şey var, bu cür ittihamlar hamısı umacaqlıqla bağlıdır”.
Bir müddət öncə qalmaqallı şəkildə AYB-dən qovulan gənc yazar Kəramət Böyükçöl isə qeyd etdi ki, qurum azad sözə, müstəqil düşüncəyə, yenilikçiliyə qarşı çox aqressivdir:
“Mənim AYB haqqında tənqidi yazılarım çox olub. Elə buna görə qurumun üzvülüyündən çıxarılmışam. Qurum azad sözə, müstəqil düşüncəyə, yenilikçiliyə qarşı çox aqressivdir, qəbul etmir. Ancaq buna baxmayaraq istəməzdim qurum bağlansın, sadəcə islahatlar olmasını daha yaxşıdır. Üzvlərin sayının azalması, yaşlıların gənclərlə əvəzlənməsi və s.
O ki, qaldı Rüstəm Behrudinin istefa məsələsinə, Rüstəm müəllimin özü yeriyən Yazıçılar Birliyidir. Onun hansısa quruma üzv olmağa ehtiyacı yoxdur. Türk dünyasının tanınan şairlərindən biridir. Ancaq düşünürəm ki, onun uzun illər üzv olduğu qurumdan xırda bir məsələyə görə istefa verməsi doğru deyildi.
“Mən qərib, didərgin, kimsəsiz ruham, Göylərdə görünməz qəbrim var mənim. Ölsəm tabutumu mələklər tutar,
Yasımı allahlar saxlayar mənim” - deyən bir şairin Yazıçılar Birliyindən çıxma səbəbinə baxın: onlar mənim ad günümü niyə təbrik etməyiblər. Qəribə səslənir, elə deyilmi?!”
Xalidə Gəray
Musavat.com