İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Mirzə Şəmsiyevə hökm oxundu: O, Xəlil Rza Ulutürkün xanımına, yazıçı Anarın müşavirinə qarşı dələduzluq edib

997 23.10.2018 19:33 Kriminal A A

Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Şəmsiyevin vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, Mirzə Şəmsiyevə qarşı irəli sürülən ittihamların bir çoxu əsassızdır. Zərərçəkmiş şəxslər isə vəkilin çıxışına etiraz ediblər.

Məhkəmədə məlum olub ki, zərərçəkmişlərdən biri Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anarın müşaviri Rauf Aslanovdur. Rauf Aslanov söyləyib ki, vəkilin və təqsirləndirilən şəxsin dediklərindən bəlli olur ki, günahkar elə zərərçəkmişlər imiş: "Mənə sələmçi deyirlər, digər zərərçəkmişə narkoman, digərinə yalançı... Hələ başqa zərərçəkənlər də var. Amma mən Mirzə ilə çörək kəsmişəm deyə onları bura gətirmək istəmirəm. Mənim tələbim odur ki, pulumu qaytarsın. Özü də azadlığa çıxsın. Onun həbs edilməsi heç nəyi dəyişdirməyəcək. Azadlığa çıxsın, mən onun yenə də işə bərpa olmasına kömək edərəm. Amma bilim ki, pulumu qaytaracaq".

Məhkəmə prosesində iştirak edən bir qadın da zərərçəkmiş olduğunu bildirib. Lakin hakim deyib ki, bu iş üzrə zərərçəkmiş kimi tanınmadığı üçün məhkəmə onu dinləyə bilməz. Hakim qadına aidiyyəti üzrə polis bölməsinə müraciət etməsini məsləhət görüb.

Qadın Mirzə Şəmsiyevə 35 min pul verdiyini, lakin geri ala bilmədiyini söyləyib: "Arvadı dedi ki, şikayət eləmə, ödəyəcəyik. Mən də inandım. İndi gedib şikayət edərəm, arvadını da gətirib yanına qoyarlar".

Məhkəmə Mirzə Şəmsiyevə son söz verib. Şəmsiyevə son sözündə Rauf Aslanovadan aldığı pulu faizə götürdüyünü söyləyib. Bildirib ki, aylıq 5 faiz Aslanova qazanc verib: "Mən iradəmdən asılı olmayaraq aldığım puldan sadəcə 18 mini geri qaytara bildim. Qalan pulu ödəyə bilmədiyimdən məni həbs etdirəcəyi ilə hədələdi. Mənə qarşı belə bir ittiham irəli sürdü ki, guya ondan hansısa universitetə magistr təhsilinə düzəltmək üçün pul almışam. Daha sonra pulun Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun olduğunu dedi. Bundan sonra da bununla məni şantaj etməyə başladı. Bu şantajı hər dəfə hiss etmişəm. Bu barədə Məhkəmə Hüquq Şurasına da müraciət etdim".

Şəmsiyev son sözündə Firəngiz Ulutürkə qarşı dələduzluq etməsi ittihamı haqda da danışıb. Qeyd edib ki, Firəngiz Ulutürkdən aldığı pulu kitabın çapına lazım olan xərclərə verib: "Aldığım pulun hamısı kitabın çap işlərinə verilib. Amma Firəngiz xanım Rauf Aslanovun təzyiqi ilə məndən şikayətçi oldu".

Şəmsiyev digər şəxslərdən də aldığı pulları faizə götürdüyünü və illərlə onlara faiz ödədiyini söyləyib. Son sözündə Şəmsiyev qeyd edib ki, ilk dəfədir məhkumluq həyatı yaşayır, azyaşlı uşaqları var, 9 kitab müəllifidir, zərərçəkmişlərin bəzilərinə pul ödəyib, bəziləri ilə isə borc müqaviləsi bağlayıb. O, bütün bunların nəzərə alınmasını xahiş edib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən M.Şəmsiyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib. O, daha bir neçə nəfərə qarşı 100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinir.

M.Şəmsiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Sonuncu iclasda Firəngiz Ulutürk ona dəymiş zərərin ödənilmədiyini bildirib və şikayətçi olduğunu qeyd edib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR