Yazıçı Anar: “Mən yenə də Əkrəm Əylislini yazıçı kimi qiymətləndirirəm, axırıncı əsərindən başqa; onuncun ən yaxşısı bu olar ki, xalqdan üzr istəsin”
“Sovetlərdən akademiya da qalıb, metro da, zavodlar da, aeroport da, vağzal da, onda gəlin, hamısını ləğv edək”
Bu görüş əslində xalq yazıçısı Anarın öz təşəbbüsü ilə baş tutdu. Düzdür, biz də arzulayırdıq ki, böyük yazıçımızın 80 illiyi ərəfəsində onunla rəhbərlik etdiyi Yazıçılar Birliyində görüşüb ondan geniş müsahibə alaq. Ancaq xaricdə olması səbəbindən bu, baş tutmamışdı və telefonla danışa bilmişdik.
Qəzetimizə verdiyi ötən müsahibədən sonra bu sətirlərin müəllifinə özü telefon açdı. Təşəkkür etməklə yanaşı, uyğun zamanda görüşmək təklifini verdi və təbii ki, böyük məmnunluqla qəbul etdim. Görüşdük, söhbətimizin şirin yerində təklif etdim ki, Anar müəllim, bəlkə tarix üçün, həm də yubileyqabağı sizdən həm də bir “növbədənkənar” müsahibə götürüm. Etiraz etmədi...
- Anar müəllim, heç bu barədə düşünmüsünüzmü ki, Rəsul Rzanın övladı olmasaydınız, indiki statusda olardınızmı?
- Statusumu, nə varsa, mən özüm qazanmışam. Amma bilmirəm, bəlkə də mən ədəbi ailədə doğulmasaydım, ədəbi mühitdə, kitabların içində, ədəbi söhbətlərdə yetişməsəydim, yazıçı olmazdım. Yəqin ki, mənim yazmaq həvəsimdə ailənin təsiri olub. Amma ilk addımımda mən ancaq özüm olmuşam. Yəni nə atamın, nə anamın mənə himayəsi, köməyi olmayıb. Onlar sağ olanda mənim Moskvada hekayələrim çıxırdı, kitabım nəşr olunmuşdu, amma Azərbaycan Yazıçılar Birliyinin heç İdarə Heyətinin də üzvü deyildim. Çünki deyirdilər bu ailədən ikisi var: atası, anası. Halbuki mənim tay-tuşlarım, o cümlədən Əkrəm (Əylisli-E.P.) Moskvada Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü idi. Ancaq mən heç Azərbaycanda da üzv deyildim. Nə qədər ki, atam, anam sağ idi, Moskvaya, yazıçıların qurultayına bir dəfə də olsa, nümayəndə kimi getməmişdim. Valideynlərim rəhmətə gedəndən 6 il sonra məni Yazıçılar Birliyinin rəhbəri seçdilər.

- Bəs, siz necə, yazıçı övladlarınıza kömək edirsinizmi?
- Mənim oğlum da yazır, qızım da. Mən onlara heç bir kömək eləmirəm. O cəhətdən kömək eləmirəm ki, bunları qabağa çəkim, ya başqa...
- Amma qızınız, Günel Anarqızı Yazıçılar Birliyinin üzvüdür...
- Tural da üzvüdür, kitabları var. Günelin kitabları artıq 8-9 dilə tərcümə olunub, xaricdə çap olunub. Maraq doğurub. Özü də elə-belə çap olunmayıb, mən tərcümə eləmirəm ki. Özəlliklə “Qarabağ hekayələri” xaricdə maraq doğurur, tərcümə edirlər. Görürsən deyirlər ki, bir ailədən nə qədər yazıçı olar? Nə qədər bacarırlarsa, o qədər olar. Səməd Vurğun Xalq şairi idi, birinci xalq şairi. Yusif Səmədoğlu Xalq yazıçısı idi, bizim ən yaxşı yazıçılarımızdan biri, Vaqif Səmədoğlu Xalq şairi idi, bizim ən gözəl şairlərimizdən biri. Bəs, bunlar olmayaydı ki, bir ailədəndirlər? Nə olsun bir ailədəndir. Bunlar bir ailədən olsa da, hər üçü öz yerində ədəbiyyata böyük töhfələr vermiş sənətkarlardır.
- Nəvələriniz necə, onlar da yazır?
- (gülür) İndi deyəcəyəm, onu qəzet çap eləsə, səhəri gün biri başlayacaq ki, “gör e...” Mənim nəvəm, adı da Anardır, Turalın kiçik oğlu, ingilis dilində roman yazıb. Özü də iki romanı İngiltərədə çap olunub. Mənim də xəbərim yoxdur, romanı da oxumamışam, çünki ingiliscə bilmirəm. Bircə onu bilirəm ki, gətirdi mənə ki, “baba, mənim ilk kitabım çıxıb”.
- Çox gözəl. Nə vaxt olub bu hadisə?
- 5-6 ay bundan qabaq. İndi də üçüncü romanını yazır. Təbii ki, ana dilini, Azərbaycan dilini də təmiz bilir, amma ingilis dilini də ana dili kimi bilir.
- Bəs, Azərbaycanda necə, çap olunmayıb?
- Yox, çap olunmayıb.
- Üstəlik, Yazıçılar Birliyinə də üzv deyil?
- Yox, Yazıçılar Birliyinə yaxın qoymuram. (gülür)

- Anar müəllim, ilk dəfə nə qədər qonorar almısınız, xatırlayırsınız?
- İlk dəfə 60-cı ildə, hekayələrim çap olunanda. Çox sevinmişdim, hekayələrimin çapına görə. Amma qonorarın məbləği yadımda qalmayıb.
- Yəqin nəticəniz də yazıçı olar...
- Nəticəmin 1 yaşı var, hələ yazmır, indi görək də...
- Nəticəyə hansı adı qoymuşunuz?
- Murad. O hələ ancaq yeməklə məşğuldur. İştahası yaxşıdır, təpişdirir nə gəldi. (gülürük)
- Allah saxlasın! Anar müəllim, bayaq da dediyiniz kimi, gənclikdə yaxın dostunuz Əkrəm Əylisli olub...
- Bəli, cavanlıqda çox yaxın dost olmuşuq. İndi demək yaxşı deyil, mən ona çox kömək eləmişəm. Fikirləşirdim ki, rayondan gəlib, burda adamı yoxdur, mənim atam Yazıçılar Birliyinə üzv olmaq üçün ona zəmanət verib. Mənim ilk dəfə Moskva mətbuatında, “Komsomolskaya paravda”da onun haqqında tərifli yazım çıxıb. Sonra bir pyesi Moskva jurnalında çap olunurdu, xahiş etdi, ona da ön söz yazdım. Komsomol mükafatı alanda rolum oldu. Mən o vaxt - Cəfər Cəfərov Mərkəzi Komitənin katibi idi, ondan xahiş elədim, Əkrəm mükafat aldı. Sonra mən bura sədr seçiləndə birinci o mənim namizəd olmağımı təklif etdi, bunu həmişə deyirəm. Onda sədr deyildi, birinci katib postu var idi. Mən də bura gələndən sonra onu katib gətirdim, bir müddət bir yerdə işlədik. Sonra nə isə döndü də...
- Bəlkə istəyirmiş ki, növbəti dəfə siz onun sədr olmasına şərait yaradasınız, ola bilərmi?
- Nə bilim vallah. Bəlkə də istəyirmiş. Ancaq onu açıq deyəydi ki, mən istəyirəm, mən də fikirləşərdim. İndi sizə deyim də, mən yenə də onu yazıçı kimi qiymətləndirirəm, axırıncı əsərindən başqa... Amma burada işləyə bilməzdi.
- Nəyə görə?
- Ona görə ki, o harada işləyibsə, az işləyib, sonra çıxıb gedib. Onun çətinliyə dözümü yoxdur. Əsəbiləşir, papağını götürür, çıxıb gedir.
- Amma “Daş yuxular”ı yazandan sonra onun əleyhinə başlanan hücumda dözdü, heç yerə qaçmadı. Baxmayaraq ki, çoxları ölkədən gedəcəyini gözləyirdi...
- Yox, deyəsən, harasa getmək istəyirdi, buraxmadılar. Özü də niyə ölkəni tərk eləsin ki? Mən elə fikirləşirəm ki, onuncun ən yaxşısı bu olar ki, xalqdan üzr istəsin. Məhz xalqdan, ayrı heç kəsdən yox. Nə hökumətdən, nə yazıçılardan, nə dostlarından. Xalqdan üzr istəsin ki, “mən belə bir əsəri yazmaqla səhv eləmişəm” və o əsərdən imtina eləsin. Onda mənə elə gəlir ki, xalqın da ona münasibəti dəyişər. Çünki bu, xalqa arxadan vurulmuş bıçaq idi, mənə də çox təsir elədi.
- Kitab rəfinizdə Əkrəm Əylislinin kitablarından da varmı?
- Hamısı var evdə. Mənə çox kitablarını bağışlayıb, hamısını da saxlamışam. Hətta mən onun haqqında yazdığımı “LİK”-də də olduğu kimi vermişəm, azərbaycanca çıxanda orda da verəcəyəm onu. Mən yazdıqlarımın heç birindən imtina etmirəm. Bəlkə hansısa yazım səhvdir, hansısa yazdığım zəifdir, ya hansınısa indi yazmazdım. Amma madam ki, yazmışam, onlara həmişə sahib dururam.

- Deməli, Əkrəm Əylislinin də yazdığından imtinası real görünmür...
- Onu bilmirəm. Əkrəm Əylisli indiyə qədər mənim haqqımda heç bir yaxşı şey yazmayıb. (gülür)
- Sonuncu dəfə nə vaxt görüşmüsünüz?
- (düşünür) Çoxdan... Heç yadıma gəlmir. Hər halda bu məsələlərdən çox-çox qabaq.
- Milli Məclisdə siz də təmsil olunurdunuz...
- Yox, mən seçilmədim. Göyçay seçiciləri etimad göstərmədilər mənə, o seçildi.
- Mən sizin əvvəlki dövrdə deputat olmağınızı nəzərdə tuturam...
- Bəli, mən əvvəlki illərdə iki dəfə seçildim. Növbəti dəfə... Mən deputat olanda komissiyanın sədri idim, o vaxt biz 15 qanun qəbul etdik.
- Anar müəllim, illərdir ki, Yazıçılar Birliyi adlı quruma ehtiyac olmadığı haqda fikirlər səslənir, vaxtaşırı müzakirələr gedir. Bununla bağlı münasibətinizi bilmək istərdim. Yeri gəlmişkən, üzvlərinin sayı indi nə qədərdir?
- Artıq 2 minə yaxındır.
- Sovetlərin yadigarı olan Yazıçılar Birliyinə ehtiyac varmı, sualına qıcasa necə cavab verə bilərsiniz?
- Sovetlərdən akademiya da qalıb, metro da, zavodlar da, aeroport da, vağzal da, onda gəlin, hamısını ləğv edək.
Bu vaxt qapı açılır və...
Dəyərli ziyalımız professor Qəzənfər Paşayevin müşayiəti ilə Kərkükdən gələn qonaqlar əvvəlcədən qəbul vaxtını razılaşdırdıqları və səfər qrafiklərinin sıx olması səbəbindən Anar müəllimlə görüşmək üçün içəri daxil olurlar. Xalq yazıçısının təklifi ilə mən də görüşdə iştirakçı oluram. Səmimi salamlaşmadan sonra kərküklü şair Fərrux Köprülü türkmən elinin durumundan, ədəbi əlaqələrdən danışır, Anar müəllimlə əvvəlki görüşlərini xatırlayırlar. O da məlum olur ki, türkmən şair Bakıda imza günü keçirməyə gəlib.

Söhbətin sonunda türkmən şair yazdığı, türkmənlərin xoryat dediyi bir bənd rübaini söyləyir:
Rəsul Rza pınardır, (bulaq)
İşıq kimi yanardı.
Nur evi bir nur doğdu,
O da ədib Anardı...
Anar müəllim məmnunluqla təşəkkür edir. Görüş başa çatandan sonra söhbətimizi qaldığı yerdən davam etdiririk...
- Anar müəllim, Yazıçılar Birliyindən danışırdıq, fikrinizi tamamlamadınız, deyəsən...
- Deyim də sizə. Yazıçılar Birliyi ən azı bir neçə şey üçün lazımdır. Birincisi, ona görə lazımdır ki, bu qurumun mətbu orqanları - 4 jurnalı, 2 qəzeti var. Camaat gedir öz cibindən pul verir, kitabını buraxdırır, bu mətbu orqanlarda isə yazıçılar çap olunurlar və az-çox qonorar alırlar. Demək, vaxtilə Heydər Əliyev onları büdcəyə götürməsəydi, bu jurnallar olmayacaqdı və ciddi ədəbiyyat da olmayacaqdı. Ədəbiyyat jurnalların, qəzetlərin ətrafında yaranır. Birinci buna görə Yazıçılar Birliyi lazımdır. İkincisi, yazıçıların yubileyləri olur, yazıçıların kitabları çıxır, onların təqdimatı keçirilir, yazıçıların kitablarının müzakirəsi olur. Yazıçılar Birliyi olmasa, bunlar harada olacaq? Kimə mane olur Yazıçılar Birliyi? Yazıçılar Birliyi ancaq xeyir verir. Yazıçılar Birliyindən başqa, bizim digər təşkilatlar da var, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı. Heç kəs demir ki, bunlar kimə lazımdır, bağlayaq! Niyəsə hamının gözü dikilib ki, bu Yazıçılar İttifaqını bağlayaq! Bağlayaq, nə kitablarımız, nə jurnallarımız, nə qəzetlərimiz çıxsın, ümumiyyətlə, ədəbiyyat yox olsun! Bunu istəyirik?!
- Elə isə əks-arqumentə cavabınızı bilmək istərdim: Yazıçılar Birliyi olmayan ölkələrdə o kitablar, qəzet-jurnallar necə çıxır?
- Yazıçılar Birliyi olmayan ölkədə, deyim necə çıxır. Birincisi, məsələn, Türkiyədə 6-7 yazıçılar birliyi var. Yazıçılar Sindikatı, Yazıçılar Birliyi, Avrasiya Birliyi, PEN-Klub var və s. Demək, bunlar orda da var. Rusiyada Yazıçılar İttifaqı 7-8 yerə bölünüb. Hansı ölkədə yoxdur Yazıçılar Birliyi? İntəhası, başqa ölkələrdə Yazıçılar Birliyinin üzvləri gəlmirlər ki, “mənə ev ver!” Gəlmirlər ki, “xəstəm var, sən onun müalicəsinə kömək elə!” Sırf yaradıcılıq təşkilatıdır. Bizdə isə sovet dövründən qalma bir şüur var ki, Yazıçılar İttifaqı ancaq yazıçılara sosial cəhətdən xidmət etməlidir. Sosial nazirlik kimi, işsizi işə düzəltməlidir, xəstəsini müalicə etdirməlidir, özünə ad, ya ev verməlidir-filan. Bu, sovet dövründə mümkün idi, amma indi mümkün deyil. Gəlirlər ki, “nə olar, mənə bir otaq ver!” Hardan düzəldim mən sənə otağı, mənim otağım var sənə otaq düzəldəm?!
Özü də burada demokratik mühit var. Müxalifətdən də, iqtidardan da təmsilçilər var. Ancaq biz burada ancaq yaradıcılıq məsələlərini müzakirə edirik, siyasi məsələləri yox, çünki bura siyasi təşkilat deyil. Burada siyasi müzakirələr olsaydı, çoxdan dağılardı. Biz buranı ona görə indiyədək saxlaya bildik ki, dedik bura ancaq yaradıcılıq təşkilatıdır. Burada ancaq yaradıcılıq söhbətləri, kitabların müzakirəsi gedir, yazıçıların yubileyləri qeyd olunur, təqdimat olur, xarici qonaqlarla görüşlər keçirilir və s.
- 1987-ci ildən Yazıçılar Birliyinin sədrisiniz, eləmi?
- Bəli, artıq 31 ildir.
- Növbəti qurultayda yenə də namizədliyinizi irəli sürəcəksinizmi?
- Qurultaya qədər baxarıq da.
- Bəs, sədrlik üçün varisiniz varmı?
- Hələ fikirləşirəm. Olmalıdır. Təbii ki, heç bir yer insanın boynuna ömürlük biçilmir. Bir gün mən ya gedəcəyəm, ya başıma bir iş gələcək, təbii ki, kimsə yerimə gələcək. Amma hələlik fikirləşirəm. Bu barədə çox düşünürəm...
Elşad PAŞASOY
Foto: “Yeni Müsavat”






