İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın böyük Türkiyə yanlışı

5869 24.11.2015 18:17 Yazarlar A A
Türkiyə onun hava sərhədini pozan rus qırıcısını vurmaqla nəhayət, Rusiya qarşısında öz gücünü göstərdi – vaxtında, effektli şəkildə. Daha bundan sonrası, Putinin nə deməsi bir elə önəmli deyil. 

Fakt budur ki, qardaş ölkə bölgədə sıradan bir güc olmadığını əyani ortaya qoydu – öncəliklə də son vaxtlar bölgənin “çağırılmamış qonaq”larından olan, asıb-kəsən Kremlin ambisiyaları önündə.  

Rus hərbi təyyarəsinin vurulub salındığı məqamın başqa özəllikləri də var. Məslə ondadır ki, qırıcı prezident Putin bölgədə, Tehranda qaz OPEC-i sammitində ikən, özü də ABŞ qırıcısı F-16 ilə məhv edilib. Necə deyərlər, bu da Suriya məsələsində özünü göstərməyə başlamış Tehran-Moskva işbirliyinə özünəməxsus sürpriz, hədiyyə sayıla bilər.

İndi artıq Rusiya hərbi təyyarələri də hara uçduqlarını yüz ölçüb-bir biçməli olacaq. Eyni zamanda bölgədəki Suriya türkmənləri (azərbaycanlılar) qismən rahat nəfəs ala biləcəklər ki, rus bombardmançıları onları daha istədikləri vaxt bombalaya bilməyəcək, çünki lap yaxınlıqda Türkiyə var. Bu, həm də o anlama gəlir ki, qardaş ölkə milli maraqları tələb edərsə, istənilən vaxt Suriyaya, İraqa girə də bilər.     

Bütün hallarda bu, əlbəttə ki, Türkiyə tərəfdən güc nümayişidir. Necə olur, Rusiya BMT Nizamnaməsində əksini tapmış  özünümüdafiə hüququndan istifadə edib Xəzərdən, Aralıq dənizindən, öz sərhədindən çox-çox uzaq başqa məkanlardan Suriyaya raket atıb əzələ göstərə, paralel surətdə region ölkələrini hədələyə bilir, NATO üzvü, regional güc Türkiyə öz hava sərhədlərini qorumaq üçün qırıcılarını qaldırıb hava pozucusunu neytrallaşdıra bilmir? 

Təbii ki, bu da Ankaranın haqqıdır. Hərçənd, söhbət Rusiya hərbi təyyarəsindən getdiyindən, vəziyyət daha həssas və mürəkkəb sayılır. Hətta yeni, xoşagəlməz situasiyanın yarandığını söyləmək mümkündür. Belə bir situasiyanın baiskarı isə yenə sərhədlərindən xeyli uzaqda aranı qarışdırmaqla məşğul olub “bulanıq suda balıq tutmaq” istəyən Kremldir... 

Bu nəticəyə doğru o, sürətlə yol gəlirdi, çünki Türkiyə dəfələrlə Rusiyaya rəsmi xəbərdarlıq eləmiş, iki dəfə onun səfirini XİN-ə çağıraraq nota vermiş, sonuncu dəfə Suriya türkmənlərinin bombalanmasına sərt etiraz olaraq BMT Təhlükəsizlik Şurasının təcili yığışmasını tələb eləmişdi. 

Ankara təyyarənin vurulması da daxil, bu addımları atmağa məhkum idi, əks halda onun “regional güc” statusundan danışmağın yeri qalmazdı, Türkiyə haqqında İraq, Suriya kimi taqətdən düşmüş, fağır ölkə imici formalaşardı.

Qalır indi bu presedentdən rəsmi Kremlin hansı nəticəni çıxaracağı. Aydındır ki, təyyarə insidenti iki ölkə arasında müharibəyə-zada gətirən deyil. Çünki Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumu bunu istisna edir. Söhbət ondan gedir ki, Ankara özünün təbii qaza olan ehtiyacının 60%-ni məhz Rusiya mavi yanacağı hesabına ödəyir. Moskva üçünsə qardaş ölkə Qərb sanksiyaları qarşısında çox mühüm və vazkeçilməz iqtisadi-energetik tərəfdaş, hətta “nəfəslik”dir. Kreml bu “nəfəsliyi” elə-belə bağlamaz. 

Türkiyə Rusiyadan ötrü həmçinin, Qərblə münasibətlərdə bir bufer (aralıq) ölkədir. Lakin ikitərəfli münasibətlərdə “qırmızı xətt” deyilən anlayış da var ki, Türkiyə öz köklü maraqlarını əsas götürərək onları gözləmək zorundadır. Rusiya isə son iki ayda  - Suriyaya hərbi müdaxiləyə başladığı andan “İŞİD-lə mübarizə” adı altında həmin maraqlara ciddi təhlükələr yaradır, Bəşər Əsəd rejiminin hərbi uğurlarını təmin eləmək üçün hətta türkdilli əhalinin yaşadığı bölgələri belə bombardman eləməkdən çəkinmir.

Düşmən tapmağa nə var ki, əsas dostu-müttəfiqi qorumaqdır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR