İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümü seçmək

Görünən budur ki, başımıza gələn faciələrin əsas səbəbi təhlükəsizlik qaydalarına əməl etməməyimizlə bağlıdır. Söhbət təkcə “Günəşli” faciəsinin qurbanlarından getmir. Hərçənd, “Azneft” rəsmisi hadisənin təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar baş vermədiyini israrla deyir - bir sıra mütəxəssislər fərqli fikirdə olsa da...
 
Hər gün ölkədə irili-xırdalı onlarla hadisə baş verir, dünyasını dəyişənlərin statistikası artır. Ancaq diqqətlə araşdıranda görürsən ki, ilkin səbəb... təhlükəsizlik  qaydalarına məhəl qoyulmamasıdır. Axı bu qaydalar insanlar üçün yazılıb, hər birimiz ona əməl etməliyik ki, ömürlər yarıda qırılmasın, gözlər yaşlı qalmasın. Ancaq nə faydası? Deyirik, yazırıq, hətta qanunlar, qaydalar sərtləşdirilir, cərimələrim miqdarı artırılır, yenə toplum olaraq öz bildiyimizi etməkdəyik. 

Faktlar hər şeyi deyir... 7 dekabrda iki faciə baş verib. Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər “Azərİşıq” MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşüb. Xəstəxanaya çatdırılsa da, gec olub. 

Həmin gün Abşeronun Saray qəsəbəsində başqa bir faicə yaşanıb. “Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o da hadisə yerindəcə ölüb. Təsəvvür edin, işçi elə bir yerdə çalışır ki, üzərinə transformator düşür! 

Allah rəhmət eləsin, demək istəmirik ki, “günah öləndədir”. Sadəcə onlara görə acıyırıq, özümüzü bir anlıq da olsa, doğmalarının yerində hiss edirik. 

Hərçənd ki, işə qəbulun ən önəmli şərti təhlükəsizlik qaydalarına riayət etməyi öyrənməkdir, ona riayət etməkdir. Üstəlik də hər bir vətəndaşın həyatı təkcə onun özünə məxsus deyil ki, istədiyi vaxt ona son qoysun. Axı dövlət vətəndaşına illər boyu xərc çəkir. Deməli, insanlar da ən azı dövlət qarşısında öhdəliyinə əməl etmək üçün yaşamalıdır. Həm də özlərindən sonra ailələrinə dərd yaşatmamaq, üstəlik, onların da yükünü dövlətin üzərinə qoymamaq üçün... 
Burada iş icraçılarının, müəssisələrin, şirkətlərin də üzərində ciddi məsuliyyət var. Bir çox hallarda təhlükəsizlik qaydaları sadəcə kağız üzərində qalır. Bir əcnəbi göstərin ki, tikintidə baş geyimi, ya kəməri olmadan işləsin. Bizim fəhlələr niyə yıxılır, səbəbi bəlli. Çox vaxt “kaska”ları çəkiliş, ya yoxlama gələndə geyinirlər. 

Təyyarədə elan verilir ki, telefonları söndürün, kəmərləri bağlayın, ancaq bizimkilər məhəl qoymur, şəxsən şahidiyəm... Özümüzə qiymət verməsək, itkilərimiz çox olacaq.
O gün hərbi hissələrdən birində də təsadüfən açılan güllə əsgərin ölümünə səbəb olub. Ancaq baxanda belə hadisələr təkcə hərbiyə aid deyil. Mülki həyatda silahın sərbəst gəzdirilməsinə icazə verilsə, bilirsiniz nə qədər ölüm olar? Çünki biz küll halında QAYDALARI ÖYRƏNMƏK İSTƏMİRİK!

Hər gün təhlükəsizlik kəmərini bağlamayan nə qədər sürücü ilə rastlaşırsınız? Cərimələr artırılıb, qaydalar sərtləşib, xeyri yoxdur. Şəxsən şahidi olmuşam, polis maşını keçən kimi sürücü kəməri açıb kənara atır. Sanki kəmər bağlamaq ayıb işdir. Ancaq düşünmür ki, bu, yol polisi üçün yox, onun öz həyatı üçün vacibdir. Nə qədər faciələr məhz təhlükəsizlik kəmərinin bağlanmadığı üçün baş verir. Ancaq nə faydası? 

Yaxud qazdan istifadə, tüstü bacaların təmizlənməsi, hamamda qaydalara əməl olunması ilə bağlı o qədər xəbərdarlıq edilir, yenə əməl etmirik. Elə bu yazını yazarkən daha bir ölüm xəbəri gəldi, Abşeronda bir xanım dünyasını dəyişib. Hələ qış gəlməyib, dəm qazı canımızı alır. Standartdankənar nə gəldi işlədirik, can əldən gedir. 

Səhiyyə Nazirliyi bildirib ki, 2015-ci ilin 9 ayında Kliniki Tibb Mərkəzinin Toksikologiya şöbəsinə 1804 xəstə daxil olub. Çox adam dərmandan, yeməkdən, nə bilim şorabadan zəhərlənib. Dərman içərkən tarixinə, yemək yeyərkən keyfiyyətinə baxmırıq. 

Biz həyatla ölüm arasındakı seçimdə özümüz bilərəkdən ikincini seçirik, laqeydliyimizlə. Təkcə yol qəzasında həlak olanların sayı artmayıb, həm də dənizdə boğulanlarımızın, kanala yıxılanlarımızın, dəm qazından ölənlərimizin sayı da durmadan artır. Bu itkilər Qarabağ uğrunda savaşda olsaydı, təskinliyimiz olardı. 

Və... budur, bulvarda bir qız selfi çəkdirmək istəyərkən dənizə düşüb. Az qala boğulacaqmış, xilas ediblər. Selfi çəkmək üçün də təhlükəli yer seçirik. Biz hara gedirik? Bizi saxlayan olacaqmı?

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR