İnsanlara hürriyət, millətlərə istiqlal!

O DA BU XALQIN OĞLUDUR

9983 31.01.2011 07:46 Yazarlar A A

(əvvəli 29 yanvar sayında)

Mütəllibovun demokratlığı

Ayaz müəllimin demokratik təfəkkürə sahib olmasından və demokratik dəyərlərə önəm verməsindən uzun-uzadı danışmaq mümkün deyilsə də, o, diktator da deyildi. Mütəllibov totalitar sovet mühitində, partburjuaziya oliqarxiyasında, avtoritarizmə meylli sovet rəhbərlərinin yanında yetişmiş bir dövlət xadimi idi. O da seçkilərdə böyük üstünlüklə qalib gəlməyi sevirdi və bunun yerlərdə nə cür həyata keçirilməsindən (seçki qutularının bülletenlərlə doldurulmasından, protokolların lazımi cür tərtib edilməsindən) xəbəri vardı. Ancaq o dövrün əksər rəhbərləri kimi, Mütəllibov da bölünəcək mandatlara “hamısı mənim” prinsipi ilə yanaşmırdı, hesab edirdi ki, müxalif qüvvələr də parlamentdə təmsil olunmalıdırlar. Ona görə də 1990-cı ilin payızında keçirilən parlament seçkilərində müxalifətin 10-12 faiz yer tutması mümkün oldu. Mütəllibov buna dözümlü yanaşdı. Ali Sovetin növbəti çağırışının tərkibində çoxsaylı raykomlar, prokurorlar, milis rəisləri, hakimlər, DTK işçiləri ilə yanaşı dövrün aparıcı müxalifət təşkilatı olan AXC-nin üzvləri (o cümlədən sabiq üzvləri və tərəfdarları) də vardı.
Mütəllibov 20 Yanvar faciəsindən sonra zərbə almış, entuziazmı azalmış, rus hərbi-kəşfiyyat maşınının təqib-təzyiqlərinə məruz qalmış AXC ilə mübarizədə bəzən sərt olurdu. Hərdən bu təşkilata qarşı zorakılığa əl atılırdı. AXC-nin mərkəzi qərargahı bir neçə dəfə polis hücumuna məruz qalmışdı, ayrı-ayrı funksionerlər, hətta hərəkatın lideri Əbülfəz Elçibəy fiziki təzyiqlə üzləşmiş, “Demblok” üzvü olan deputat Sabir Rüstəmxanlının başı yarılmışdı.
Ola bilər ki, Mütəllibov müxalifətə qarşı sərt tədbirlər görülməsi barədə göstərişlər verməyib,  zorakılıqların arxasında birbaşa özü durmayıb, amma belə hallar vardı və bu, Mütəllibovun yaxın ətrafından idarə olunurdu. Bununla belə, qeyd etmək lazımdır ki, o sayaq zorakılıqlar davamlı olmadı, “Bakının yiyəsi var”, - deyə müxalifətə hərbə-zorba gələnlər, meydan oxuyanlar ram edildilər. 

Mütəllibovun özünüqoruma instinkti

AXC-nin zaman-zaman ölkədə siyasi təşəbbüsü ələ almasına, tanınmış ziyalıları öz ətrafına cəlb etməsinə baxmayaraq, Mütəllibov hakimiyyətdə möhkəmlənirdi. Naxçıvanın faktiki olaraq Azərbaycandan ayrılıb müstəqil dövlət kimi fəaliyyət göstərməsi də ona bir o qədər də sarsıdıcı təsir göstərməmişdi.
Əslində, Mütəllibov Azərbaycanın böyük hissəsində prezidentlik etmək naminə Heydər Əliyev - AXC koalisiyasının idarə etdiyi Naxçıvanın mərkəzi hakimiyyətlə hesablaşmamasına, yaxud az hesablaşmasına dözürdü. Bu vəziyyət Mütəllibovun özünüqoruma instinktinin həssaslığından yaranmışdı.
1991-ci ildə Heydər Əliyev Bakıya, Ali Sovetin sessiyasında iştirak etməyə gələndə mütəllibovçular buna çox kəskin reaksiya verdilər. Ali Sovetin sessiyasında H.Əliyevin sözü kəsildi, onun səsini eşidilməz etmək üçün fəal mütəllibovçular salonda gurultu yaratdılar. Vaxtilə respublikanı idarə edən, o dövrün aparıcı kommunistlərinin çoxunun himayədarı olan şəxsə hörmətsizlik edildi. Əliyev bunu Mütəllibovun təşkil etdiyinə əmin idi.
Mütəllibovçular Əliyevi yeni hakimiyyət üçün təhlükə hesab edirdilər. Əliyev isə həmin iclasda Kommunist Partiyasının fəaliyyətinin dayandırılmasını tələb etməklə közərən ocağın üstünə benzin çilədi. Ali Sovetin fevral sessiyasının ertəsi günü ölkədə kommunistlər iki tirəyə parçalanmışdı. Bir tərəf hesab edirdi ki, ağsaqqal adama o sayaq hörmətsizlik etmək Mütəllibova yaraşmazdı, ikinci tirə isə uzun illər “kompartiyanın gülünü dərmiş” şəxsin birdən-birə partiyaya qarşı çıxmasını sinirə bilmirdi və hesab edirdilər ki, Mütəllibov düz eləyib. “Əliyevi 69-dan 87-yə qədər gördük də, indi də qoy gənc kadrlar işləsin”, - deyənlər kifayət qədər idi.

Mütəllibovun referendumu

1991-ci ilin martında SSRİ-nin saxlanmasına dair keçirilən referendumda Mütəllibovun rəhbərlik etdiyi komanda böyük ruh yüksəkliyi və yekdillik göstərərək, böyük səs faizi ilə Azərbaycanın SSRİ-nin saxlanmasına tərəfdar çıxdığını təsdiq etdi. Hələ Ali Sovetin bu məsələnin ümumxalq səsverməsinə çıxarılmasına həsr olunan sessiyasında “Demblok” üzvlərinin və bir neçə müstəqil deputatın israrla qarşı çıxmalarına baxmayaraq, Azərbaycanın referenduma qoşulmasına dair qərar çıxarılanda bəlli idi ki, referendumun nəticəsi “SSRİ saxlanılmalıdır” olacaq. O zaman AXC liderləri adbaad səsvermə keçirilməsini tələb edəndə və mütəllibovçular bununla razılaşanda bilmirdilər ki, bu, tarixi bir məqamdır və iki il keçməyəcək ki, azlıq bu səsvermədə SSRİ əleyhinə çıxış etməsilə qürur duyacaq, çoxluq isə peşman olacaq.
Heç onu da heç kəs bilmirdi ki, həmin 1991-ci ilin yazında SSRİ-nin saxlanmasının lehinə yekdilliklə səs verənlər payızda Azərbaycanın müstəqilliyinin bərpası barədə konstitusiya aktına eyni yekdilliklə səs verəcəklər.

Mütəllibovun başlıca səhvi

O zaman 54 yaşı olan yeni prezident situasiyanın tam onun xeyrinə olduğunu düşünərkən Moskvada, Kremldə elə bir oyun oynanıldı ki, bu, SSRİ-nin, prezident Qorbaçovun da, Ayaz Mütəllibovun da taleyini demək olar ki, müəyyənləşdirən böyük hadisə oldu.
1991-ci ilin avqustunda “QKÇP qiyamı” adlanan çevriliş baş verdi. Sovet dövlətinin ikinci, üçüncü, dördüncü, beşinci, onuncu adamları birləşib prezident Qorbaçovu vəzifədən kənarlaşdırdıqlarını bildirdilər. Bu, qeyri-qanuni bir hərəkət idi. Ancaq SSRİ tarixində belə bir presedent olduğundan (1964-cü ildə Nikita Xruşşov da istirahətdə olarkən vəzifəsindən götürülüb) məsələnin qanuni tərəfi kommunist liderlərin vecinə deyildi. Ona görə də həmin vaxt İranda səfərdə olan Ayaz Mütəllibov sakit bir şəkildə “QKÇP qiyamı”nı dəstəklədiyini bildirmiş, bu informasiya mərkəzi və respublikanın KİV orqanlarında yayılmışdı. O zaman onun başqa yolu yox idi. “QKÇP”ni dəstəkləməmək mərkəzi hakimiyyətə meydan oxumaq demək idi. Rusiya qoşunlarının tank oynatdığı Bakıda bu, Mütəllibova baha başa gələrdi.
Aradan üç gün keçmədi ki, vəziyyət dəyişdi. Yeltsin başda olmaqla Rusiya demokratları dövlət çevrilişinə etiraz etdilər, xalq və ordunun mühüm bir hissəsi ayağa qalxdı, vitse-prezident Gennadi Yanayevin prezident olması baş tutmadı. Qorbaçov Moskvaya qayıtdı. “QKÇP” üzvləri həbs olundular.  “QKÇP” dəstəkçiləri isə SSRİ prezidentinin gözündən düşdülər.
Qiyamdan iki ay əvvəl Qorbaçov dağılmaqda olan SSRİ-ni toparlamaq üçün müttəfiq respublikalara daha geniş səlahiyyət vermək məqsədilə müttəfiq respublikaların rəhbərlərini, o cümlədən Mütəllibovu  Sov. İKP MK-nın Siyasi Büro üzvü seçdirmişdisə, qiyamdan sonra o, Kommunist Partiyasını yasaqlamağı qərara aldı.
Eyni addımı öz ölkəsində Mütəllibov da atdı. Ancaq deyəsən, o xeyli tələsmişdi. Kompartiyanın yerində başqa bir partiya yaratmamış belə etmək öz dayağından imtina demək idi. (Orta Asiya liderləri yerli kompartiyaların adlarını dərhal dəyişmişdilər).
Moskvada hakimiyyət yavaş-yavaş Rusiya lideri Boris Yeltsinin əlinə keçməyə başladı. Tərs kimi, “QKÇP”yə qahmar çıxdığına görə o da Mütəllibovu sevmirdi. Beləliklə, kommunistlərin uğursuz qiyamı Azərbaycanda Mütəllibovun dayaqlarını xeyli sarsıtdı. İndi o, AXC ilə üz-üzə qalmışdı.

Mütəllibovun qürur duyduğu imza

1991-ci ilin 18 oktyabrında Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının müstəqilliyinin bərpası barədə konstitusiya aktı qəbul edildi və bu sənəd prezident Mütəllibovun imzası ilə təsdiqləndi. Bundan qabaq “Demblok”dan olan deputatların misilsiz israrı nəticəsində milli ordunun yaradılması barədə parlamentdə qərar qəbul edilmişdi.
Orası da var ki, həm Mütəllibov, həm də onun komandası bu həyat əhəmiyyətli qərarları fakt qarşısında qaldıqdan, Moskva ilə üzülüşdükdən sonra qəbul etməyə məcbur olmuşdular.

Mütəllibov üçün ağır zərbə

Həmin il Mütəllibova, o cümlədən Azərbaycan xalqına böyük itki üz verdi. Prezidentin komandasının ən sanballı üzvlərinin mindiyi helikopter Qarabağda, Xocavənd rayonunun Qarakənd kəndinin səmasında erməni terrorçuları tərəfindən vuruldu. Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, sabiq daxili işlər naziri, dövlət müşaviri Məhəmməd Əsədov, PA-nın mətbuat katibi Osman Mirzəyev və başqa yüksək vəzifəli şəxslər həlak oldular. Adları çəkilən şəxslər ictimaiyyət arasında böyük populyarlığa malik idilər və istənilən hakimiyyət komandasına nüfuz gətirmək gücündəydilər.
Mütəllibov bu itkinin qarşısında sarsılmış kimi görünürdü.
Moskvadakı dəstəyinin ardınca, komandasının ən hörmətli üzvlərini itirməsi, fəallaşmış ermənilərin qarşısında aciz qalması vadar etdi ki, o, xalqı yenidən öz ətrafında toparlamış AXC-nin tələbləri ilə razılaşsın və 350-dən artıq üzvü olan Ali Sovetin yerində daimi fəaliyyət göstərən və paritet (25 deputat hakimiyyət komandasından, 25 nəfər demokratik blokdan) əsaslarla formalaşası Milli Şuranın yaradılmasına rüsxət versin.

Sonrakı hadisələr, Mütəllibovun istefası

Sonra heç də hər şey rəvan getmədi. Ermənilər daha da quduzlaşdılar və Qarabağda kəndləri bir-birinin ardınca işğal etməyə başladılar. Azərbaycan hakimiyyəti aciz durumda idi və ermənilərə müqavimət göstərə bilmirdi. Ordunun yaradılması barədə müzakirələrə vaxt çox getmiş, qızıl həftələr, aylar itirilmişdi. Kəndlərin işğalı Bakıda vəziyyəti çox qəlizləşdirmişdi. Xocalı faciəsi isə bardağı daşıran son damla oldu. Bu soyqırım aktı Mütəllibov hakimiyyətini süquta uğratdı. Gənc dövlət və onun rəhbərliyi dinc əhalini hərbi aqressordan müdafiə edə bilməmişdi. AXC-nin və ictimaiyyətin təzyiqləri qarşısında qalan Mütəllibov istefa verməyə məcbur oldu. AXC-nin könüllü batalyonları cəbhə xəttində vəziyyəti müəyyən qədər dəyişdirdilər, amma bu, yetərli olmadı. Mayın əvvəlində hərbi xəyanət nəticəsində Şuşa işğal olundu. Ondan bir həftə sonra Mütəllibov yenidən hakimiyyətə qayıtmaq istədi, ancaq AXC buna imkan vermədi. Sonradan məlum oldu ki, Mütəllibov hakimiyyətə qayıda bilsəymiş, Moskva erməniləri Şuşadan çıxaracaq, şəhəri Azərbaycana verəcəkmiş. Ancaq hadisələrin axarı başqa istiqamətdə getdi, Laçın da itirildi.

“Arzuolunmaz şəxs”

O vaxtdan Mütəllibov mühacirətdədir. Elçibəy hakimiyyəti dövründə o, bu ölkədə arzu edilməsə də, Əliyev hakimiyyəti vaxtında əməlli-başlı “arzuedilməz şəxs” statusu qazandı, barəsində cinayət işləri qaldırıldı. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir. Bu, təbii ki, siyasi motivlidir. 1991-ci ilin fevralı, Ali Sovetin sessiyası hələ də unudulmayıb.
Əliyev iqtidarı dəfələrlə Mütəllibovu Moskvada həbs etdirib ölkəyə gətirtmək istədi, amma sona qədər buna müvəffəq ola bilmədi. İki dəfə onu saxlasalar da, Kreml eks-prezidenti Bakıya satmaq istəmədi.
(Bu məqalənin mabədi müəllifin “Mütəllibov barədə yazıya sözardı” başlıqlı yazısında olacaq).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR