İnsanlara hürriyət, millətlərə istiqlal!

Diş çöpləri

2758 19.12.2014 08:08 Yazarlar A A

YAP ətrafında bir dəstə süni, dibçək və inkubator sistemi ilə yaradılmış gənclər təşkilatları da fırlanır. Bunlar yırtıcı balıqların böyrünə yapışıb okeanda üzən, yırtıcının yediyinin qalıqları ilə dolanan parazitlər, xırda balıqlardır. Təbiətdə bunların növləri çoxdur, quruda yaşayanları da var. Misal üçün, Afrikada bəzi cupbulu quşlar vardır, onlar timsahların dişlərini təmizləyirlər. Bizim yapist gənclər təşkilatları da bir növ diş çöpü rolunu oynayırlar - rejim hansısa müxalif canlını basıb yeyəndən sonra arada qalan artıqları təmizləyirlər. 
Bu baxımdan, rejimin Azərbaycan Gənclər Fondu adında təşkilat qayırması, hər il yapist gənclər təşkilatlarına çoxlu pullar verməsi təbiidir. Elə bu il də payızda yeni qrant layihələri üçün 2 milyon yarım manata qədər pul ayırdıqlarını bildirdilər, gəncləri səslədilər ki, durmayın gəlin, yaxşı pul var. Təzəlikcə bu qrantların kimlərə, hansı təşkilatlara ayrılması  AGF-nin http://youthfoundation.az ttp://youthfoundation.az saytında açıqlanıb. Mən də bu siyahıya baxıb həzz aldım, dedim, kərəminə şükür pərvərdigarə, bu cür gəncləri olan məmləkət basılmaz! Hətta təəccüblüdür ki, niyə bu cür gənclər olan məmləkətdə indiyə qədər sabun istehsalı tənzimlənməyib, uca millətimiz kürəyini yenə “Hacı Şakir” sabunu ilə sürtür. Niyə axı? Nədən? Ümidvaram baş nazir Artur müəllim bu suala cavab verər, biz isə cənab prezidentdən qrant alan gənclərin bəzilərinə göz ataq. 
Misal üçün, orda Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) kimi əcaib adlı quruma 13 min 200 manat qrant ayrılıb. Ona görə əcaib yazıram ki, məlum deyil qurumun şefi Emin Həsənli burda tərxis olunmuş zabitləri gənclərin maarifləndirilməsinə cəlb edir, yoxsa onları özü maarifləndirir. Pul verilən layihənin adı isə daha əcaibdir: “Gənc zabit gənclərin ali hərbi məktəblərə cəlb olunması”. Əgər gənc zabitdirsə, demək bu, hansısa ali hərbi məktəbdə oxuyub da bə! İkinci dəfə oxutdurmaq istəyirlər? Bəs hamı oxumağa getsə Qarabağı kim alacaq? 
Yaxud “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinə (sədri Rüstəm Əliyev) “Vətəni sevək!” adlı layihə üçün 11.400 manat ayrılıb. Əlbəttə, bu qədər yox, onun yarısını mənə versəydilər vətəni gen-bol sevərdim. 
Ümumiyyətlə, proyektlərin çoxu “Millətimizi, vətənimizi sevək, Qarabağı qoruyaq, dolma bizimdir, yaşasın Sarı gəlin!” tipində vətənpərvər proyektlərdir. Fikrimcə, bu, gənclərimiz haqda mənfi təsəvvürlər formalaşdırır. Elə çıxır onlara pul, qrant verilməsə vətəni sevməzlər, dolma yeməzlər, Sarı gəlini març eləməzlər və sairə. 
Amma proyektlərin bəziləri vətəni sevmək hissindən də yuxarıda cövlan edir. Misal üçün, Gəncədə yerləşən “Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinə 18.900 manat ayrılıb - ”Gəncə Avropa gənclərinin gözü ilə" adlı zarafatcıl layihə üçün. Maraqlı isə odur ki, bu İB-nin sədri Vəliyev Elmir Elmar oğlu adıyla qeydiyyatdan keçib. Belə çıxır ki, Gəncənin icra başçısı Elmar müəllim şəhərdə oğlundan başqa kimsəyə etibar eləmir, ona qrant da alır. Vay-vay... Neftin qiyməti bu qədər düşdümü? Kasıbçılıq bu dərəcədəmi at çapır? 
Hələ bu harasıdır? AGF-nin rəhbər orqanı “Müşahidə Şurası” adlı qurumdur, bunun üzvlərindən biri isə Şahin Seyidzadə isimli şəxsiyyətdir. Və bu şəxsiyyət də “Gəncə-2016" adı altında bir layihə yazıb, 18.600 manat da bu qrant alıb. Yanlış oxumadınız: adam özü-özünə qrant verib! 
Deputat Fuad Muradov da layihə yazıb 23 min manat alıb. Yoldaşlar, siz niyə belə xırdaçı oldunuz? Gözünüz niyə doymur?
İndi söz əlaqədar təşkilatlarındır.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR