İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞ QIZIL, QARA QIZIL...

3144 12.01.2011 09:36 Yazarlar A A

Üstündən 5 il vaxt keçəndən sonra bunu xatırlamaqda məqsəd heç də gənclərimizin səviyyəsi ilə bağlı tənqidi fikir söyləmək deyil. Bu günlərdə facebook sosial şəbəkəsində Ramiz Rövşənin “Vətən” şeirini yaymışdılar. Bir daha oxudum, Vətənimizin bu gününə deyilmiş ən gözəl ağını:

...Adam səni sevməyə utanır, Vətən. 
Üstündə neft ləkəsi
kim yuyacaq bu ləkəni,
Milyonçular ölkəsi, dilənçilər vətəni.
Neftlə getdi bərəkətin,
bərəkət qaçdı səndən.
Neftlə getdi bəkarətin,
borular keçdi səndən.
Qarış-qarış qazılsan da,
sevin, hələ ki, sağsan,
Hələ neftin qurtaranda
ağ günə çıxacaqsan.

Şairlər, yazıçılar adətən zəmanəyə uyğun şeirlər, əsərlər yazırlar. Məsələ ondadır ki, neçə əsr bundan əvvəl yazılanları da oxuyanda sanki günümüz haqda deyildiyi qənaəti yaranır adamda. Yəqin ki, dahi Sabirin “Bir məclisdə 12 kişinin söhbəti”ni çoxunuz oxumusunuz. Vəkilin, həkimin, tacirin, rövzəxanın, dərvişin, sofinin, mollanın, elmin, cəhlin, şairin, əvamın, qəzetçinin etirafları ilə tanış olanda adama elə gəlir ki, nə zəmanə dəyişib, nə insanlar:
Vəkil:
Haqsıza haqlı deyib, bir çox günahlara batmışam.
Həkim:
Dərdi təxşis etməyib, qövm-əqraba ağlatmışam.
Tacir:
Mən halal ilə haramı bir birinə qatmışam.
Molla:
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
...Şair:
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.
...Qəzetçi:
Cəridəm dolmaq üçün mən mətləbi uzatmışam.
Kim deyər ki, bu gün bu peşələrin sahiblərinin böyük əksəriyyəti Sabirin “qəhrəmanları” kimi gəlmirlər öz vəzifələrinin öhdəsindən? Öz marağını güdməyən, prosesləri öz mənafeyi naminə yönəltməyə çalışmayan kimdir? Yəqin ki, Sabir müasirimiz olsaydı ora nazir etirafı da əlavə edərdi. Nazir deyərdi: Büdcəmi artırım deyə, saxta layihələr imzalatmışam. Yaxud da başqa bir məzmun...
Ramiz Rövşən Vətənə xitab edib yazır ki, neftin qurtaranda ağ günə çıxacaqsan. Neft qurtarır qaz çıxır, qazın hələ istismarına başlamamış qızılımız fontan vurur. “Qara qızıl” bir qara dərd oldu canımıza, indi də qızıl çıxıb meydana. 60 min proqnozlaşdırır 67 minə sahib olurlar. Bu bəxt ki, bu hakimiyyətdə var, getdikcə həm qızıl yataqlarının sayı çoxalacaq, həm o yataqlardan çıxan qızıl. Yəqin ki, bir azdan qızılın qiyməti də kəllə-çarxa qalxacaq Azərbaycanda. Bizdə hər şey tərsinədi axı, özümüzdə nə çoxdusa, onu daha baha qiymətə alırıq. Baxın, neft ölkəsiyik, hökumətimiz benzini öz vətəndaşlarına maya dəyərindən 4-5 dəfə baha qiymətə satır, hələ üstəlik, qiyməti qaldırmaq üçün bəhanələr axtarır.
Nə zəmanə dəyişmir, nə insanlar, dəyişən sadəcə tarixdir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR