İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaza bilmədiklərimi boş buraxmadım, belə də ki, imtahanı yola verdik...” - 11 iyun imtahanları necə keçdi? FOTO VİDEO REPORTAJ

890 11.06.2020 18:59 Reportaj A A

İyunun 11-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən daha bir ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirilib.

“Yeni Müsavat”ın əməkdaşları olaraq imtahanın keçirildiyi məkanlardan biri- 39 saylı tam orta məktəbin önündə olub, ümumi prosesi izləməyə çalışdıq.

Əvvəlcədən xatırladaq ki, budəfəki imtahanlar fərqli formatda həyata keçirilir. Belə ki, pandemiya ilə əlaqədar olaraq imtahan iştirakçıları imtahana tibbi maska ilə gəlirlər. Təlimata görə imtahan iştirakçıları imtahan boyunca maskanı çıxarmamalı, ondan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər.

Adıçəkilən məktəbin önündə müşahidələr apardığımız zaman artıq 1 saat idi ki, imtahan prosesi başlamışdı.

Xatırladaq ki, qaydaya əsasən imtahan prosesi saat 11:00-da başlayıb, 14:00-da bitir.

Valideynlərlə söhbətləşəndə onlar bizə bildirdilər ki, imtahan binasına daxil olan şagirdlərin (abituriyentlərin) həm də hərarəti ölçülüb.

Bu isə bəzilərində təşviş yaradıb. Çünki təlimata görə hərarəti 37 dərəcə və ondan çox olan şagird imtahan binasına buraxılmaya bilər.

Məlum olduğu kimi, pandemiya ilə əlaqədar olaraq uzun müddət orta məktəblərdə, hazırlıq kurslarında, eləcə də repititorluq fəaliyyətində ənənəvi dərslərin keçirilməsi dayandırılmışdı. Şagirdlər yalnız onlayn olaraq tele-dərslərə qoşulurdular. Lakin bu bir faktdır ki, bir qisim şagird onlayn dərslərə qoşula bilməyib.

Valideynlərin bir qismi bildirdi ki, bu məsələ imtahan nəticələrinə öz təsirini göstərəcək. Lakin əksər valideynlər övladlarının mütəmadi olaraq tele-dərslərə qoşulduğunu və imtahanlara kifayət qədər yaxşı hazırlaşdıqlarını bildirdilər.

Məsələn, Nərgiz Həsənova imtahan prosesində iştirak edən nəvəsinin mütəmadi olaraq onlayn dərslərə qoşulduğunu vurğuladı:

“Nəvəm bu gün imtahan verir. Bütün imtahan iştirakçılarına uğurlar arzulayıram. Nəvəm bütün onlayn dərslərə qoşulub. Çox savadlı qızdır. Buna görə də bu gün ondan yaxşı nəticələr gözləyirik”.

Qeyd etdiyimiz kimi, reportaj hazırladığımız zaman şahidi olduq ki, imtahan prosesinin başlanmasından hələ 1 saat keçməsinə baxmayaraq, artıq imtahanı tərk edən şagirdlər (abituriyentlər) var.

Halbuki, imtahan prosesi 3 saat davam edir.

İmtahanı tez tərk edənlərdən biri də Rəvan Cavadov idi. Ondan imtahan təəssüratlarını və imtahan prosesindən niyə tez çıxdığını soruşduq.

Qeyd etdi ki, maska ilə içəridə çox otura bilmədiyi üçün imtahanı tez tərk edib:

“Çox sualları bilmədim. Belə də, yola verdik...Ümumilikdə, təəssüratlarım normaldır. Maska ilə adamın ürəyi sıxılır, içəridə çox oturmaq olmur, ona görə də imtahandan tez çıxdım”.

İmtahan prosesini tez tərk edən digər iştirakçı isə bəzi suallara cavab yaza bilmədiyini dedi:

“Riyaziyyatdan zəif olduğuma görə digər fənlərə üstünlük verdim. Amma yaza bilmədiklərimi də boş buraxmadım”.

Kənardan imtahan prosesini izləyən təhsil eksperti Kamran Əsədovun da bugünkü imtahanlarla bağlı təəssüratlarını öyrənməyə çalışdıq.

Təhsil eksperti Kamran Əsədov

Ekspert qeyd etdi ki, yeni formatda keçirilən imtahan prosesi müəyyən qədər şagirdlərdə (abituriyentlərdə) psixoloji gərginlik yaradıb:

“Bəzi şagirdlər maska taxmaq məsələsinə səhlənkar yanaşdıqları üçün imtahana maskasız gəlmişdilər və onlar geri qaytarıldı, maska aldıqdan sonra imtahan binasına buraxıldılar. Həmçinin şagirdlərin imtahan binasına daxil olarkən elektron termometrlərlə onların hərarətlərinin ölçülməsi, müəyyən qədər təşvişə səbəb olurdu.  İmtahan otaqlarında şagirdlərin (abituriyentlərin) məsafəli oturması da onlarda bir qədər psixoloji gərginliyə səbəb ola bilir. İmtahanlarda apardığımız müşahidələr onu göstərdi ki, 20 nəfərə yaxın imtahan iştirakçısı məhz hərarəti bir qədər yüksək olduğu üçün imtahan binasına buraxılmadılar və onların qanunla nəticələri olunacaq. Bu, şagirdlərin təhsil almaq hüquqlarının müəyyən qədər məhdudlaşdırılması deməkdir. Ümumilikdə isə pandemiya dövründə imtahanların təşkilini müsbət qiymətləndirmək olar. Ona görə ki, həm də imtahan keçirilən binaların sayı əvvəlki illərlə müqayisədə daha çox idi. Doğrudur, şagird sayında artım müşahidə edilmir. Lakin imtahan nəzarətçilərinin və rəhbərlərinin sayı iki dəfəyə qədər artırılıb. Bu isə DİM-ə əlavə xərclər yaradıb. Bundan əvvəlki imtahanların nəticələrini nəzərdən keçirdikdə məlum oldu ki, xüsusən də 9-cu sinif şagirdləri riyaziyyat fənnindən olan sualları cavablandırmaqda müəyyən qədər çətinlik çəkiblər”.

Kamran Əsədov imtahan iştirakçılarının imtahanı vaxtından xeyli əvvəl tərk etməsinə də münasibət bildirdi:

“Burada iki məsələni qeyd etmək olar. İlk növbədə şagirdlər mart ayından etibarən ənənəvi tədris prosesindən kənar qalıb və mövzuları unudublar. Buna görə də 1 saat ərzində cavablandıra biləcəkləri sualları müəyyənləşdirib, imtahandan tez çıxıblar. Digər səbəb isə ondan ibarətdir ki, bir qisim şagirdlər sualların cavabını tez tapdıqları üçün imtahanı da tez tərk edir. Həmçinin imtahan iştirakçıları da var ki, onlar auditoriyada maska ilə otura bilmədikləri üçün imtahanı tez tərk etməyə çalışıblar. Lakin şagird və abituriyentlərə tövsiyəm budur ki, sona qədər imtahan prosesində otursunlar, imtahanı tez tərk etməyə çalışmasınlar”.

Xalidə Gəray,
Rafet Şahbazov,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR