“Hər mövsümdə sağlam qidalanma ilə istənilən nəticəni əldə etmək olar”
Hazırda yay mövsümünün ən qızmar günlərini yaşayırıq. Adəti üzrə insanlar daha çox bu mövsümdə ideal bədənə sahib olmaq, arıqlamaq üçün pəhriz saxlamağa, az qidalanmağa üstünlük verirlər. Lakin bəzi ekspertlər məhz yay mövsümündə pəhriz saxlamağın doğru olmadığını qeyd edir. Bu isə onunla izah edilir ki, yayda isti səbəbindən bədən quruyur, daha çox mayeyə ehtiyac yaranır və öz-özlüyündə çəki azalmağa başlayır. Bu səbəbdən pəhriz də saxlanıldıqda bədən tamamilə “üzülür”, immunitet zəifləyir, orqanizmdə fəsadlar yaranır.
Mövzu ilə bağlı pəhriz haqda kitabların müəllifi, tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı “Yeni Musavat”a danışıb. Dietoloq qeyd edib ki, bir çox insanlar pəhriz sözünə çox kritik yanaşır:
“Halbuki hər mövsümdə sağlam qidalanma ilə istənilən nəticəni əldə etmək olar. Beləliklə, yay mövsümünün olması heç nəyi dəyişmir. Əksinə, yayda ifrazat orqanlarımızın sayı artır. Yəni adi hadla ifrazat orqanımız ikidir- bağırsaq və böyrək. Yayda dərilər də buna qoşulur. Dəri vasitəsilə biz tər ifraz etməklə daha çox toksidlərdən azad oluruq. Buna görə də yayda daha çox maye qəbul etmək lazımdır. Beləliklə də bu mövsümdə çəki azaltmaq daha asan və zəruri, məqsədəuyğundur.
Sadəcə, insanlar dieta sözünü yanlış anlayır, bütün günü limon, zəncəfil yeməklə dieta saxladıqlarını düşünür, həddən artıq ac qalır və yaxud az qidalanmaqla kifayətlənirlər. Halbuki sağlam arıqlamağı düşünən hər bir kəs ilk növbədə sağlam qidalanmağı özünə əsas prinsip götürməlidir. Sağlam rasional qidalanmaq qidalanmağın funksiyalarını öyrədir. Bir qidanın özünün orqanizm üçün “n” qədər vacib funksiyaları var ki, onun tərkibindəki vacib maddələrlə orqanizmi bərpa edirik.
Şəxsən mənim dietamda çörək, ət, hətta yağ var. Bunlar kaloridir, amma onların hamısının doğru və yanlış versiyaları var. Məsələn, mayenin də doğru və yanlış olanı var. Çay yanlış, su isə doğru mayedir və sairə".

Leyla Zülfüqarlı
Leyla Zülfüqarlı qeyd etdi ki, bəzən həddən artıq dieta saxlamaq, sağlam olmayan arıqlamaq, bədəni lazımi maddələrdən məhrum etmək anoreksiyaya gətirib çıxarır:
“Buna görə də bütün mövsümlərdə sağlam dieta anlayışı olmalıdır.
Dünyada ən ağır xəstəliklərdən biri xərçəng xəstəliyidir. Mən xərçəng xəstələrinə belə sağlam dieta tətbiq edirəm və nəticələrim də müsbət olur".
Xalidə GƏRAY,
Musavat.com






