Kənd təsərrüfatı bazarlarında yay qiymətləri tədricən özünü göstərməkdədir. Paytaxtın 8-ci kilometr bazarında qiymətlərin bir qədər aşağı düşməsi alıcı sayının da artmasına səbəb olub. Belə demək mümkünsə, bazar pandemiyadan sonra özünün ən parlaq dövrünü yaşayır. Xüsusən də mövsümi meyvə-tərəvəzə tələbat çoxdur, məhsul bolluğu da öz yerində...
Qiymətlərə gəlincə, hər il bu zaman olduğu kimi ömrü qısa olan çiyələk, gilas kimi giləmeyvələrə maraq böyükdür. Çiyələyin kiloqramı 1.50-2 manat arasında dəyişir, ağ və qırmızı gilasın növündən, keyfiyyətindən asılı olaraq qiymətlər 2.50-5 manat arasındadır. Bazarda əriyin 1 kiloqramı 5-6 manata təklif olunur, lakin bu məhsul hələ tam həcmdə bazazra çıxmayıb. Alçanın kiloqramı növündən asılı olaraq dəyişir. Adi alçanın kiloqramı 2 manata, göyçənin qimyəti isə 3-5 manat arasındadır. Ənənəvi meyvələrdən almanın kiloqramı 1.50-3 manat arasınadır. Belə ki, “smirinka”nın kiloqramı 1.50 manata, ən çox satılan “fuje” növü 2 manata, “palmet” isə 3 manata təklif olunur. Bananın kiloqramı 2.50 qəpik, kivi 3 manat, portağal 2.50 manata satışa çıxarılıb.
![]()
Tərəvəzlərdən isə mövsümün fovariti pomidor, badımcan, xiyar, qarğıdalı ən çox satılanlar arasındadır. Bazarda iri ölçülü , nazik qabıqlı Şəmkir pomidoru daha çox satılır, kiloqramı 80 qəpiyə təklif olunur. Badımcan isə hələlik qış qiymətini qorumaqdadır, 1-1.50 manatdan aşağı düşməyib. Xiyarın kiloqramı 50 qəpik, kök 70 qəpik, bibərin 1 kiloqramı 2 manatdır. Yaşıl lobyanın kiloqramı 2 manat olsa da, tələbat yüksəkdir.
Kartofun bu mövsüm çox ucuz olacağını demək olar. İyunun əvvəli olmasına baxmayaraq artıq kiloqramı 40-50 qəpikdən satılır. Soğanın kiloqramı isə 30-40 qəpik arasında dəyişir, Ağdam soğanı bazarda əsas yer tutur. Bu mövsüm sevilən tərəvəzlər arasında sütül qarğıdalı əsas yer tutur. Onun 1 ədədi isə 60-70 qəpiyə satılır.
![]()
Ölkədə kənd təsərrüfatı istiramətində görülən işlər, digər tərəfdən ixrac yaranan məhdudiyyətlər bazarda bolluq yaradıb. Alıcılar qiymətlərin may ayı ilə müqayisədə bir qədər ucuzlaşdığını etiraf etsələr də, yenə də tam yay qiymətlərinin gəlmədiyini bildirdilər.
Onların sözlərinə görə, məhz bu bazara gəlmələrinin əsas səbəbi digər bazar və marketlərdən ucuz olmasıdır. Belə ki, hər məhsulda qiymətlər 30 qəpik-1 manat arasında fərq edir. Lakin bazarda keyfiyyətli məhsulu seçmək , çəkidə aldanmamaq da əsas şərtdir.
![]()
Bazarda əsas problem karantin tələblərinə əməl olunmamasıdır. Məhsullar açıq şəkildə satılır, istənilən müştəri məhsulu əlinə alır, toxunur və dadır. Satıcıların əksəriyyəti maskadan istifadə etmir, piştaxtaların üzərində isə ümumiyyətlə spirtə və dezinfeksiyaedici məhlullara rast gəlinmir.
Alıcı sıxlığı, piştaxtalar arasında məsafənin az olması insanlar arasında daha yaxın təmas olmasına səbəb olur. Lakin satıcılar heç bir halda bazarın qapadılmasını istəmirlər, çünki bura yüzlərlə insanın iş yeridir. Bununla yanaşı karantin tələblərinə, sosial məsafəyə, maskaya əməl edənlər də çox azdır.
Nərgiz LİFTİYEVA,
Musavat.com






