İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxşı rəqqasın memarı

2590 30.06.2020 08:10 Yazarlar A A

“Güvəc qazana dedi: - Üzün qaradır!”

(ata sözü)

Deyir Hesablama Palatası tapıbdır ki, Əbülfəs müəllim mədəniyyət naziri olanda 33 min manata yaxın büdcə vəsaitini Rusiyadan gələcək bir rəqqasa sərf edibdir. Guya rəqqas bu pulla bizimkilərə oynamağı öyrədəcəkmiş, hardasa kvartirant qalacaqmış və sairə.

Pulları ayırıblar, lakin rəqqas ümumiyyətlə gəlməyibdir. İndi idarə axtarır ki, görəsən nazirlik pulu neyləyibdir. İcazə verin bir versiya mən yazım: Bakıda Qara Qarayevə qoyulan əyri heykələ sərf ediblər. Çünki bəstəkara o əcaib pozada (sanki Qara Qarayev bəzi aşıqlardan ilham alaraq boynunun dalında pianino çalır) heykəli qayırmaq üçün böyük fantaziya xərcləri lazım idi. Heykəlin ayağı rəsmən belindən çıxıb, inanmayan Bakının mərkəzində gedib baxsın. Ünlü bəstəkar bəlkə skoliozdan əziyyət çəkirmiş? Bilmirəm.

Əlbəttə, yaxşı rəqqasa yumurtaları mane olmadığı kimi, yaxşı nazirə də əlavə yeyinti mane olmurdu. Hərə bizdə bir cür basıb yeyir. Elə xaricdən gələn-gəlməyən nə qədər əcaib qonaqlar uca millətimizin büdcə vəsaitlərini, vedrələrlə kürülərini, təndirlərlə kabablarını yeyiblər, nə bilim, litrlərlə ayranını içiblər - guya bunun hesabını soruşan var?

Söz vaxtına çəkər, biz təzəlikcə silahlı qüvvələr gününü qeyd elədik, həmin gün mənim yadıma 7-8 il qabaq Bakının mərkəzindəki “Əsgər ölümlərinə son” aksiyaları düşdü. Unutmamısınız ki? Bax, həmin vaxtlar bizim ordunun döyüşsüz itkiləri həddən çox olardı, bəzi illərdə 60-70 nəfərə çatardı. Aksiyanın təsiri oldu, ordu rəhbərliyini dəyişdilər və maraqlıdır ki, indiki nazirə ən yaxşı halda “dilimizi pis bilir” ittihamı irəli sürülür və yanılmıramsa, bunun özü də səhv ittihamdır. Deməli, nazir düzgün işləyəndə, hansısa işləri qaydaya salmaq olur. (Əlbəttə, silahlı qüvvələrə ictimai nəzarət, KİV-in nəzarəti xeyli məhdudlaşdırılıb, bunu da bir qırağa yazaq, ancaq bütün hallarda görünən dağa bələdçi lazım olmur və minlərlə adamın qulluq elədiyi qurumlarda dərin problemlər yaransa onu heç kəs istəsə də axıracan gizlədə bilməz). Məni düşündürən başqa şeydir.

Bax, həmin o əski müdafiə naziri necə oldu ki, o boyda problemlər yaratsa da cəzasız aradan çıxdı? Niyə ona güldən ağır söz deyilmədi? Onun işi ilə yerinə gələnin işi arasında fərq gözə girirsə, niyə adam türməyə girmədi? Bizim evimizi yıxan belə şeylərdir. Yoxsa nə var hər şeyi millətin-filanın üstünə atmağa? Bu dəqiqə ən asan iş budur və özünə xeyli “fan-klub” yığmışdır. Deputatı var, yazarı var, hətta müxalifətçisi var... Hamısı millətdən gileylənir. Deyirlər, millət beynini piy basmış yaltaq ziyalılarını, saxta deputatlarını, hətta öz müdafiəçilərini müdafiə etməliymiş. Əcəb işdir. Bu millət cəbhəyə uşaq göndərir, Rusiyaya işçi göndərir, hələ yaltaq ziyalıları qorumağa da əsgər göndərməliymiş. Yavaş yeyin, boğazınızda qalar. O lətifədəki kimi: “Gedin padşaha deyin, bir də dava başlasa mənə arxayın olmasın”. Arada bir sözü ixtisar elədim, məcburən. Demokratiyadan kitablar yazan adam da deyir, bu millətə demokratiya çoxdur, layiq deyildir və sairə. Demir ki, biz özümüz demokrat olmamışıq heç zaman, hamımız artistlik eləmişik, o səbəbdən millət lazım olan anda ardımızca getməyib. Saxtakarlığımızı, bir medalın başqa üzü olduğumuzu millət yaxşı başa düşübdür. 

Bayaq heykəltəraşın fantaziyalarından yazdım, gündəmdə bu temaya oxşar məzəli xəbər dolaşır: Abşeron rayon memarını korrupsiya idarəsi tutubdur. Abşeron rayonu mərkəzi Xırdalan olmaqla Saray, Mehdiabad, Qobu, Ceyranbatan, Güzdək, Novxanı və sair bu cür bir neçə kənddən ibarətdir. Kəndləri qoyuram qırağa, siz Xırdalanda hansısa memarlıq elminə dəxli olan nəsə bir detal görmüsünüz? Kimin pulu varsa, basıb orada nəyi istəsə tikibdir. Bəs bu “memar” orda nəyə lazım imiş? Pul yığmağa. İndi isə onu əsas vəzifəsinin icrasına görə tuturlar. İnsafsız hərəkətdir. Bunun da günahı kimdədir? Ay sağ ol, millətdədir. Hansınızı Abşerona memar qoysaq, guya pul yığmazdınız?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR