Həkim-mütəxəssislərdən COVID-19-la bağlı proqnoz və tövsiyələr
Koronavirusa yoluxma sayında yenə də yüksək artım müşahidə edilməkdədir. Dünyada artıq, son sutkada 13 min 895 nəfər COVID-19 xəstəliyindən vəfat edib. Bununla da koronavirus infeksiyası səbəbindən ölənlərin ümumi sayı 3 milyon 366 nəfərə çatıb.
İndiyədək dünyada COVİD-19 infeksiyasına 139 milyon 722 mindən çox yoluxma halı qeydə alınıb. ABŞ isə koronavirusa yoluxanların sayına görə dünyada ilk sırada qərarlaşıb - 32 milyon 224 min nəfər. İlk beşliyə daxil olan Hindistanda 14 milyon 291, Braziliyada 13 milyon 758 min, Fransada 5 milyon 187 min, Rusiyada isə 4 milyon 675 min nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Azərbaycanda da virusdan ölənlərin sayında artım var. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib. Ölkəmizdə koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.
Bu günlərdə vaksinasinasiya prossesi davam etdirilir. Bəs görəsən, havaların isinməsi, evlərin, iş yerlərinin tez-tez havalandırılması yoluxmaların azalmasına səbəb olmurmu? Davam edən yüksək yoluxma dinamikasında enmə nə vaxt başlayacaq? Bu yay COVID-19-un yeni mutasiyaları gözlənilirmi?

İlham Bayramov
Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hələ yay indi başlayır. Yəqin ki, yaxın vaxtlarda dəyişiklik olacaq. Havalar isinəndə istər-istəməz virusa öz təsirini göstərəcək. Amma yoluxma sayı o zaman aşağı enəcək ki, düzgün müalicə aparılacaq. Ölüm sayının çox olmasına səbəb də bununla bağlıdır. Bioloq, terapevt, qeyri-ixtisas həkimləri bu işlə məşğul olurlar. Ona görə ağırlaşmalar artır, ölüm sayları çoxalır. Hər adamı televiziyaya çıxarırlar. Tibb bacısı xəstə müalicə edəndə əlbəttə belə olacaq. Protokola baxırlar, edirlər. Poliklinikalarda işləmək sərf etmir onlara. Gedib hər xəstəyə 50 manatdan sistem qoşurlar. Xəstələr peşəkarların əlinə düşsə belə olmaz. Poliklinikalar da çağırışa vaxtında gəlmir. Vaxtında analiz götürülmür, 2-3 gündə virus yuxarı tənəffüs yollarının selikli qişasında qalır, sonra da qana keçir”.
İ.Bayramov onu da əlavə edib ki, yeni mutasiyanın olması barədə əvvəldən demək olmaz: “Onu əvvəldən demək olsaydı, xəstəlik də bitmişdi indiyə qədər. Hərə bir söz deyir, bunlar yalnız fərziyələrdi. Yalnız bunu deyə bilərəm, vaksinasiya 70-80 faiz əhaliyə vurulsa, hamının bu xəstəlikdən canı qurtarar. Yoluxanlar da xəstəliyi klinik, az simptomatikayla keçirərdilər”.
İnfeksionist onu da əlavə edib ki, vaksindən sonra yoluxan olub. Amma xəstəliyi yüngül keçiriblər. O ki qaldı, kiminsə vaksindən sonra ağır keçirməsinə, bu insanların fobiyası ilə bağlı məsələdir: “Vaksindən qabaq da qorxurdular. Həssas adamlardı, nevrozlu xəstələrdi, şikayət edirlər. Mən özüm də vaksin olundum, heç bir yan təsiri olmadı. Düzdür, ürək-damar sistemi, açıq əməliyyat olanlar, stenti olanlar, şəkəri yüksək olanlar, nevroloji problemi olanlara ehtiyatlı olmaq lazımdır. Amma digərlərinə heç bir qorxusu yoxdur. Hər kəs vaksin olunmalıdır. Ümidverici yerimiz yalnız vaksinasiyayadır”.
Bu arada ölkəmizdə Ramazan ayının 4-günüdürü. Oruc tutanlar da peyvənd olunurlar. Nəzərə alsaq ki, virus da bizimlədir, immunitetin aşağı düşməməsi üçün Ramazanda necə qidalanmaq lazımdır?

İbrahim Əhmədov
Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov Ramazan ayında immun sisteminin zəifləməməsi üçün bir sıra tövsiyələr verib: “Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz aminturşular, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patologiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər. İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sistemin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz aminturşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvani mənşəli məhsullar: süd - ağartı məhsulları, balıq, yumurta , ət məhsulları bu qrupda olan komponentlərdir. Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır.
Digər tərəfdən bilirik ki, antioksidant kimi və immun sistemin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusilə də suda həll olan vitaminlər. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki , orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması, digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq".
İ.Əhmədov onu da əlavə edib ki, xroniki xəstəliyi olan insanlar Ramazanda diqqətli olmalıdırlar: "Məsələn, insan şəkərli diabet xəstəsidirsə, aydın məsələdir ki, gün ərzində maye tələbatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir. Yaxşı bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərinin artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək-damar sistemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”






