İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalın icra başçısı yanan yataqxanadan danışdı

861 13.06.2017 08:40 Ölkə A A

İbrahim Mehdiyev: “Əvvəlkindən qat-qat yaxşı vəziyyətdə təhvil veriləcək”


Xəbər verdiyimiz kimi, iyunun 7-də paytaxtın Yasamal rayonu ərazisində Şərifzadə küçəsi 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 3 nömrəli yataqxanasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində 16 məcburi köçkün ailəsinin məskunlaşdığı mənzillər yanıb. Hadisədən bir gün sonra müvafiq dövlət qurumları sakinlərlə görüş keçirərək bütün maddi problemləri həll edəcəklərinə və mənzilləri qısa müddətdə təmir edəcəklərinə dair söz veriblər.


Bəs hazırda proses nə yerdədir? Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu barədə “Yeni Müsavat”a danışıb.


- İbrahim müəllim, yanan yataqxanada yaşayan qaçqınların məskunlaşdırılması ilə bağlı vəziyyət nə yerdədir?


- Bu məsələ artıq həll olundu. Orada yaşayan 16 ailənin hər birinə kirayə evdə qalmaları üçün kompensasiya verilib. Ailə tərkibindən asılı olaraq kirayə mənzillərin pulu ödənilib. İkinəfərlik ailəyə birotaqlı, 3-4 nəfərlik ailəyə ikiotaqlı, 5-6 nəfərə 3 otaqlı mənzillərin kirayə pulu verilir. Zərər dəymiş əmlakların invertarizasiyası üçün sərəncam verildi. O əmlakların dəyəri dəqiqləşdirildi və hər bir mənzil sahibinə ödənildi. Bu insanların bir ay müddətində dolanışığını təmin etmək üçün ərzaq pulu da verilib. Bütün bu proseslər baş nazirin müavini Əli Həsənov tərəfindən razılaşdırılmış şəkildə həyata keçirilib, hər bir ailəyə kompensasiya ödənilib. Həmin məcburi köçkünlər də kompensasiya məbləğindən razı qalıblar. Əli Həsənov həmin əraziyə təcili olaraq briqada göndərib. O mənzillərin hamısı dövlət hesabına tam təmir ediləcək. Yataqxana əvvəlkindən də qat-qat yaxşı vəziyyətdə məcburi köçkünlərə təhvil veriləcək.


- Yataqxana öz əvvəlki profilini saxlayacaqmı?


- Bəli. Necə vardısa, o cür də təmir edilib təhvil veriləcək. Çünki yataqxananın bir hissəsinin profilini dəyişib, digər hissəsini saxlamaq bir qədər doğru olmaz. Olduğu kimi təmir olunacaq. Bu ailələrin öncədən istifadə etdikləri ümumi mətbəx, şkaflar və sair də yenidən təmir olunacaq. Biz həmin ailələri iki dəfə qəbul etdik. Həm hadisə yerində görüşdük, həm də icra hakimiyyətində Əli müəllimlə (Əli Həsənov- L.N.) bir yerdə qəbul etdik, söhbət etdik. Nəticədə komissiya yaradıldı, onların özlərindən də komissiyaya üzv olanlar oldu. Bizim icra başçısının müavini komissiyanın sədri oldu. “Qaçqınkom”dan da nümayəndələr oldu. Əhali ilə razılaşdırılmış şəkildə komissiya yaradıb onların problemlərini həll etməyə çalışdıq.


- Bildiyimiz qədər, həmin yataqxananın sakinləri əsasən məcburi köçkünlərdir...


- Bəli, əsasən Füzuli, Ağdam rayonundan olan məcburi köçkünlər idi. Bir də məshəti türkləri idi. Ümumilikdə 16 ailə idi.


- Təmir işlərini aparan hansı şirkətdir? Bununla bağlı tender keçirildini?


- Onu Əli müəllim özü təyin edib. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan binaları tikən, təmir edən bir şirkətdir.


- Bu cür hadisələr zamanı mətbuat həmin işi görən şirkətin adını soruşduqda, adətən məmurlar demək istəmirlər...


- Mən həmin şirkətin adını bilsəm, deyərdim, ancaq bilmirəm. Çünki bu bizə aid olan məsələ deyil. Onu Əli Həsənov müəyyən edir. Biz həmin ailələrə kirayə mənzillərin ayrılması, pulun ödənilməsi, kompensasiyanın verilməsi və sair işlərlə məşğuluq.


- Kompensasiyaların verilməsi üçün ümumilikdə nə qədər pul ayrılıb?


- Ümumilikdə 70 min manat pul ayrılıb. Lakin təmir işləri buraya daxil deyil.


Azər AYXAN,
Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR