İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaş adamın həyat eşqini zərrə qədər də dəyişmir" - Rəşid Hacılı ilə 55 yaş söhbəti

1831 06.01.2018 19:20 Media A A

Bu günlərdə Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılının 55 yaşı tamam olub. Uzun müddətdir ölkədən kənarda olan Rəşid bəylə yubileyi bəhanə edib, geniş söhbət etdik. Yaş üstünə yaş gəlməsindən tutmuş, xarici ölkəyə köçməsinə, Azərbaycan mediasının durumuna qədər bir çox mövzulara toxunan R.Hacılı ilə müsahibəni musavat.com təqdim edir:

-Rəşid bəy, gec də olsa, sizi 55 yaşınız münasibətilə təbrik edirəm. “5”ləri qoşaladınız, necə deyərlər. Bu “güzgülü yaş”ınızda özünüzü necə hiss edirsiz? Yaş öz sözünü deyir, yoxsa 55-dən qorxmayanlardansız?

- 55 nə yaşdır ki? Gerçəkdən. Qarşıda bu qədər arzular, görmək istədiyimiz şeylər varkən...Yaş adamın həyat eşqini zərrə qədər də dəyişmir. Əgər hansısa xəstəlik, ağrı yormayıbsa insanı. Hansısa ruhi və mənəvi boşluq və ya ağrı bezikdirməyibsə... İnsan 80, hətta 90 yaşında da tam həyat eşqiylə qaynaya bilər. Əksinə hətta 40-50 yaşında da solub gedə bilər. Fiziki və ruhi harmoniya, optimizm bu problemləri aradan qaldırır. Sən həyatdan, insanlardan, ölkəndən, dünyadan, doğmalarından ləzzət alırsansa, onların yaxşı gününü görmək üçün yaşamaq və çalışmaq istəyirəmsə, bu yaxşı günə inanırsansa, yaş heç nə edə bilmir. Ən azı 55-də. Sonrasına baxarıq. Belə suallar adama pıçıldayır ki, “Yaşlanmısız eee, o yan-bu yan eləməyin!”... Təşəkkür edirəm doğum günü təbrikinizə görə. Çox məmnun oldum, gerçəkdən.

- Hazırda haradasız? Azərbaycanda olmadığınızı bilirəm, amma hansı ölkədə yaşayırsız, çalışırsız? Ümumiyyətlə, necə keçir həyatınız?

- Strasburqda. Fransada. Avropanın siyasi mərkəzlərindən birində. Bildiyiniz kimi, mən artıq uzun illərdir Azərbaycanda ifadə azadlığı hüququ sahəsində çalışıram. Təxminən 17 ildir məhz bu sahədə çalışmışam. Jurnalist hüquqları, televiziya və radio sahəsinin tənzimlənməsi, internet üzərindən məlumat və rəylərin yayılması, hər kəsin, o cümlədən jurnalistlərin məlumat və rəsmi sənədlər çatımı sahəsində siyasət və qanunvericilik. Eləcə də məhkəmə və inzibati təcrübə, jurnalist hüquqlarının pozulması sahəsində onlarla cinayət və mülki işlər, Avropa Məhkəməsində çəkişmələr. ....17 ildə çox işlər görüldü. Qanunların və təcrübənin yaxşılaşdırılmasına töhvələr verildi. 15 il öncə Media Hüququ İnstitutunu yaratdıq . Yaxşı komanda topladıq. Tanınmış, effektiv işləyən bir təşkilat qurduq.
Təəssüf ki, hökumətimiz bu sahədəki əvvəllər çızılmış siyasətini və orientasiyasını dəyişdi. Müstəqil vətəndaş cəmiyyəti qurumlarının ölkədə işləməsini sərt şəkildə əngəllədi. İşləmək nəinki qadağan edildi. Hətta çox riskli oldu. Bu səbəbdən, ölkədən kənarda işləməyə qərar verdim. Bu gün əsas etibarilə Avropa Məhkəməsində journalist haqlarıyla bağlı onlarla işlərin sona çatdırmaqla məşğulam. Azərbaycanda İfadə azadlığına yardım edə bilən, əlimdən gələn başqa işlərlə də məşğulam. Hesabat və rəylər, məsləhətlər və s. Təəssüf ki, bu işləri Azərbaycanda Media Hüququ İnstitutunun rəhbəri kimi görmək imkanından mərhumam .


- Sizinlə sonuncu dəfə 2014-cü ilin martında kiçik söhbət etmişdik. O zaman mühacirət etmənizlə bağlı şayiələr dolaşırdı. Sizsə mənə bir layihə çərçivəsində xarici ölkədə olduğunuzu demişdiz. Aradan 4 il keçib və siz hələ də ölkədə deyilsiz. Mühacirət şayiələri yenidən yayıla bilərmi?


Mən Azərbaycandan sonuncu dəfə insan haqları ilə bağlı bir proqramda iştirak etmək üçün  2016-nın əvvəlində,  bir neçə aylıq, çıxmışdım. Sonra bu uzandı və mən daha uzun müddətə Avropada yaşamaq qərarı verdim. Bu əlbəttə ölkədə işləmək imkanlarımın sıfıra enməsiylə bağlıydı. 2014-cü ili yaxşı xatırlatdınız. Mən o zaman da bir neçə aylığa işimlə bağlı ölkədən kənardaydım. Vətəndaş cəmiyyəti institutlarına sarsıdıcı hücumlar 2014-də başladı, bir xeyli davam etdi. Daha sonra bir az səngidi. Mən qayıtdım. Amma uzun zaman qala bilmədim.

- QHT sektorunun çökdürülməsi, QHT nümayəndələrinin kütləvi həbsi məhz sizin gedişiniz ərəfəsinə təsadüf edirdi. Sizinçün də həmin ərəfədə həbs təhlükəsinin olduğu deyilirdi. Doğrudurmu?

2013-cü ildən sonra hökumət asta-asta vətəndaş cəmiyyəti təşkilatlarını boğmağa başladı. Əvvəl qondarma ittihamlarla seçki saxtakarlıqları barədə sərt hesabat hazırlamış Anar Məmmədlini və Bəşir Süleymanlını həbs etdilər. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İnstitutunun fəaliyyətini tam bağladılar. Bundan əvvəl də bir neçə beynəlxalq donor qurumlarının Azərbaycanda fəaliyyəti ilə bağlı cinayət işləri başladılar. Bunun ardınca ölkədə fəaliyyət göstərən bütün vətəndaş cəmiyyəti qurumlarının bank hesablarından istifadəsinə əngəl yaratdılar. Bir sözlə hamını, istər müstəqil, istərsə də hökumətin nəzarəti altında olan QHT-ləri iflic etdilər. Lakin bununla yetinmədilər. 2014-cü ilin iyunundan başlayaraq insan haqları sahəsində hökumətin siyasətini tənqid edən, “ipə-sapa yatmayan” QHT-ləri, hüquq müdafiəçilərini daha sərt cəzalandırmaq qərarına gəldilər. Media Hüququ İnstitutu da onların arasında idi. Hüquq Maarifçiliyi Cəmiyyəti və onun rəhbəri İntiqam Əliyevin, Azərbaycan Hüquqşünaslar Assosiasiyasının və onun rəhbəri Ənnağı Hacıbəylinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun və onun rəhbəri Emin Hüseynovun, İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun və Media Hüququ İnstitunun və mənim barəmdə cinayət işi başladılar. Həm təşkilatların, həm də onların rəhbərlərinin bank hesabları üzərinə həbslər qoydular. Bir neçə başqa fəal və müstəqi QHT-lər və onların rəhbərləri,  o cümlədən Leyla Əliyeva, Zöhrab İsmayılın və bir çox başqalarının rəhbərlik etdiyi təşkilatlar və özləri cinayət ittihamlarıyla üzləşdilər.

Sonrasını bilirsiniz. İntiqam Əliyev, Rəsul Cəfərov qondarma ittihamlarla həbsə atıldılar. Emin Hüseynov İsveçrə səfirliyində sığınacaq alaraq həbsdən qurtuldu. Təşkilatlar, sənədlər, avadanlıqıar yağmalandı, dağıdıldı. Guya vergidən yayınma və başqa qurama ittihamları ilə dünyada insan haqları sahəsində tanınmış təşkilatlar qapadıldı.

Mən o zaman dediyiniz kimi xaricdəydim. Amma bir müddət sonra qayıtdım. Media Hüququ İnstitutunun Bakıda işləyən əməkdaşları sağ olsunlar. Mən olmayan dövrdə təşkilatın bütün işlərini lazımınca idarə etmişdilər. Eyni zamanda mən də, onlar da böyük risk altında idik. Amma həbslər dalğası səngimiş kimi görünürdü. Bununla belə cinayət işləri davam edirdi və "domokl qılıncı" kimi təşkilat rəhbərlərinin üzərindən asılmışdı.

Belə şəraitdə işləmək mümkünsüz idi. Nə də maddi baxımdan təşkilatı saxlamaq mümkün idi. Uzun zamanımız Vergilər Nazirliyinin qərəzli yoxlamalarıyla çəkişmədə keçdi. Cürbəcür əsassız qərarlar yazıldı. Məhkəməyə verdik. Ləğv edib yenidən yazdılar və s. Vergi mühasibat və vergi sənədlərimizdə heç nə tapa bilmirdi. Mənim tanıdığım yaxın təşkilatlada da eyni qaydada işləyirdi vergiçilər. Bütün vergilər tam olaraq ödənilmiş. Vaxtında hesabatlar verilmişdi. Vergilər Nazirliyi sənədlərdə bir şey tapmadıqda son Avropa Komissiyasından müsabiqə yolu ilə əldə etdiyimiz qrantı guya ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədiyimizi “əsas gətirərək” bizim “qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumuzu” iddia etdi.  Tamamilə absurd bir ittiham idi. Birincisi, ona görə ki, bu müqaviləni qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etmişdik. Ədliyyə Nazirliyi də öz məktubunda bunu təsdiqləyirdi. İkincisi, müqaviləni qeydiyyata verməmək qrant fəaliyyətinin sahibkarlıq fəaliyyətinə çevirmir. Göz qabağındaydı ki, bu vəasit qrant layihəsində göstərilən məqsədlərə xərclənib və vergiləri ödənilib.

Bu basqılar öz “bəhrəsini” verdi. Donorların da Azərbaycanda fəaliyyətini qadağan edən qanunun qəbuluyla vətəndaş cəmiyyətinin bütün üzvlərinin hökumətdənkənar vəsaitlərə yolu kəsildi.

Həbs riski QHT rəhbərlərinin çoxuyla bağlı mövcud idi. Amma görünür hökumətdə həbslərin çox olmasının “fayda” yox, yalnız zərər gətirə biləcəyini anlayan şəxslər tapıldı  Bu səbəbdən qanunsuz və ədalətsiz həbslər dalğası dayandı.

Hökumət güclü beynəlxalq basqılarla üzləşdi və gücünü QHT-lərin guya böyük məbləğdə pullar alması və guya maliyyə pozuntularına yol vermələri barədə təbliğatına yönəltdi.

Amma cinayət işi davam edirdi. Elə indi də var. Bağlamaq istəmirlər. Yəqin hamı üzərində bir basqı kimi saxlayırlar . Məsələn Əziz Orucovu bu cinayət işi əsasında məhkum etdilər.

-Cəmi bir ildə QHT sektoru yerlə-yeksan edildi və cəmiyyətdə də belə bir rəy yaratmağa çalışdılar ki, Azərbaycan QHT-ləri “pul silməklə”, astoronomik məbləğdə qrantlar alıb, iş görməməklə məşğul idilər. Necə düşünürsüz, bu damğa hələ də sözügedən sektorun üzərində qalıbmı?


Bunlar hamısı yalana söykənirdi və əsas məqsədi vətəndaş cəmiyyəti qurumlarını gözdən salmaqla vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılmasına haqq qazandırmaq idi.

Azərbaycan QHT-ləri regionda ən aşağı məbləğdə qrant alan təşkilatlar idilər. Məsələn, Gürcüstandan fərqli olaraq bizim QHT-lər daha böyük tenderlərdə iştirak edə bilmirdilər. Səbəblər çox idi. QHT sahəsinin daim basqı altında olması, qanunların işləməsindəki problemlər, təhlükənin hər zaman göz önündə olması QHT-ləri güclü təşkilatlanmadan, peşəkar kadr bazasından, daha açıq və şəffaf idarəetmə imkanlarından məhrum edirdi. QHT-lərin qeydiyyatındakı problemlər bəzilərini rəsmi qeydiyyat olmadan işləməyə vadar edirdi və s.

QHT-lərin idarə etdiyi ümumi vəsaitlər hökumətin ən kiçik qurumlarının idarə etdiyi vəsaitlərin bir damlası ola bilməzdi. QHT-lərin ictimai səmərəli işlər üçün aldıqları qrantları məbləğı indi həbslərə göndərilən və istintaqda üzə çıxan rüşvətlərin ümumı məbləğının heç mində biri qədər deyildi . Məsələn, istintaqda verilən ifadələrdən bəlli oldu ki, Rabitə naziri hər ay 500 min manat aylıq alırmış. Bu ildə 6 milyon manat edir. Azərbaycanda bütün QHT-lər birlikdə bir ildə bu qədər büdcə ancaq alardılar. Onu da ki, , büdcəyə uyğun səliqəylə xərcləmək və donorlara, vergi orqanlarına və auditorlara 2 qat, 3 qat hesabatlar vermək lazım gəlirdi. Yəni burada nə qədər şişirtsən də, gözə iri görünən şar düzəldə bilməzsən.

Damğa qaldımı? Əlbəttə qaldı. Bu ölkədə olan ənənəvi baxışla bağlıdır. Heç kim heç kimin tam doğru, əyintisiz işləməsinə inanmır. Çak-çuksuz, daş-başsız, düppədüz işləməsinə inanmır.

Mən iddia etmək istəmirəm ki, sivil toplum quruluşları tam olaraq aydan arı-sudan duru olublar. Yox. Mən Açıq Cəmiyyət İnstitutunun İdarə Heyəti üzvü olmuşam. Göstəricilər ölkədən ölkəyə fərqli ola bilir . Amma ayrılan büdcələrin xərclənmə səmərəliliyi heç də 100% olmur. Bəzən 50% də ola bilər. Dözümlü hədd səmərəliliyin təxminən 75%-dən aşağı olmamasıdır. Əlbəttə, bu heç də 25%-in kimlərinsə cibinə getməsi kimi anlaşılmamalıdır. 
Amma bütün bunlara əlavə olaraq deyə bilərəm ki, QHT sahəsində vəsaitlərdən səmərəli istifadə faizi hökumətimizin istənilən qurumundan dəfələrlə yüksək olub.

Hökumət üçün sivil toplum quruluşlarını darmadağın etmək çətin olmadı. Bu təbiidir. Avtoritar idarəetmə qarşısında civil toplmun duruş gətirdiyi hallar olmayıb. Çox gərəkli olması ilə yanaşı çox da kövrək strukturlardır. Demokratik siyasi mühit, üstəgəl azad media, üstəgəl liberal iqtisadiyyat, üstəlik də qanunların aliliyi olmayan ölkələrdə leqal sivil toplum quruluşlarını əzmək olduqca asandır.



-Rəşid bəy, Media Hüququ İnstitutunun yetirmələri olan hüquqşünaslar, vəkillər hələ də Azərbaycanda ictimai fəalları, jurnalistləri müdafiə etməklə məşğuldular, onların məhkəmələrində iştirak edirlər. Məntiqlə belə çıxır ki, üzvlərinizə ölkədə fəaliyyət göstərməyə mane olunumur və istəsəz siz də bu fəaliyyətlə məşğul ola bilərsiniz.

Basqılar birinci növbədə sivil toplum təşkilatlarına qarşı idi. Məqsəd onları sıradan çıxarmaq idi. Həm də bu meydanda nüfuz sahibi olan şəxsləri, liderləri. Bu səbəbdən də, məhz təşkilatlar bağlandı. Təşkilat rəhbərləri təqiblərə məruz qaldılar. Təşkilatlarda çalışmış şəxslər bu problemlərlə üzləşmədilər.
İllər keçməsinə baxmayaraq mənim şəxsi bank hesablarım hələ də həbs altındadır. Hər hansı yeni bank hesabı açmaq imkanından məhrumam. Cinayət işi də eləcə. Müraciət etdiyim banklar qadağan olduğunu bildiridilər. Əlbəttə, nəsə etmək hər zaman mümkündür. Amma bizə çızılmış meydan həddən artıq dardır və risklər həddən çox böyükdür.


-Ölkə mediasının hazırkı durumunu necə qiymətləndirirsiz, Rəşid bəy? Vəziyyət ildən-ilə düzəlməyə doğru gedir, yoxsa pisləşməyə?

Son 2 ildə bu sahədə baş verənlərə,  ən böyük hadisələrə qısa nəzər salaq.. ANS-in açıq-aıkar qanunsuz qapadılması. Biz əvvəllər FM dalğasında yayılan xarici radiolarian qapanmasını qınayırdıq. İndi isə ANS də dözülməz oldu hökumətə. Mehman Əliyevin həbsini götürək. Vergilər Nazirliyi onda da “yeyintilər”, “mənimsəmələr” qondarmışdı. Onlar belə saxtakarlıqları yaxşı bacarırlar.

Xaricdən internet üzərindən yayımlanan tənqidçi saytların bloklanması... Hansısa qanunsuz məzmunun olmadığı açıq-aşkar idi. Amma qanunsuz adı atltında blokladılar və bu proses davam edir.  Qanunsuzluğun həddi-hüdudu olmur belə işlərdə.

Bundan başqa Əziz Orucovun həbsini, Kanal 13-ün bağlanmasını. Meydan TV ilə əməkdaşlıq edən bir sıra jurnalistlərin daimi təqiblə üzləşmələrini də qeyd etmək olar.

Reklam bazarında gəlişmə yoxdur. Televiziya və radiolar üzərində siyasi nəzarət daha şiddətli hal alıb. Plüralizm və siyasi debatlar, tənqidi verilişlər yoxdur.
Barmaqla sayılası və yayım dairəsi ölkə əhalisinin çox kiçik kəsimini əhatə edən media qurumlarından başqa ətrafda boz səhra var.

Sosial mediadan alınan informasiyaların dairəsi genişlənmiş görünə bilər. Bloklamaları və bəzi tənqidi jurnalistlərin daim cəza altında yaşamalarını nəzərə alanda burada da vəziyyət optimizmə əsas vermir. Ən vacibi odur ki, peşəkar jurnalizmin yaşaya, çalışa biləcəyi şərait əlçatmaz kimi görünür.

Azərbaycanda potensial həmişə normal olub. Hər hald indikindən dəfələrlə keyfiyyətli media ortamı üçün intellektual, peşəkarlıq potensialımız var. Amma…

Sevinc Telmanqızı, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR