İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım milyardlıq "pul evi": Qoy tikilsin də, evi tikilmiş...

5465 08.02.2021 11:30 Yazarlar A A

Son vaxtlar Mərkəzi Bank üçün tikilməsi nəzərdə tutulan yarım milyard manatlıq yeni bina mövzusu çox müzakirə olunur.

Əksəriyyət indiki durumda bunun izafi məsrəf olduğunu iddia edir. Hər kəs bu rəqəmlə daha nələr etmək, nə qədər qarınları doyurmaq, nə qədər təqaüd vermək, nə qədər evsizin ev problemlərini həll etmək və sair barədə yazır. Bununla da hökuməti, Mərkəzi Bankın rəhbərini suçlayır, bu prossesi az qala vətənə xəyanət kimi qələmə verirlər.

Amma heç kəs əsas məsələni demir. Bildiyiniz kimi "Koroğlu" metrostansiyasından şəhərədək olan ərazidə yeni və möhtəşəm binalar tikilib. Socar, Neft Fondu, Vergilər Nazirliyi, Azərsu, Çinar Plaza və digər yeni tikilmiş binaların səbəbinə Heydər Əliyev prospektinin bu hissəsi Bakının yeni vizit kartına çevrilib.

Etiraf edək ki, bu ərazidən keçərkən hər birimiz qürur hissi yaşayırıq. Xüsusən yanımızda, maşınımızda xaricdən gələn bir müsafirimiz olanda, paytaxtımızın bu prospekti haqqında yaşadığımız qürur daha da böyüyür, bu möhtəşəm əsərlərə bir də dönüb, onların gözü ilə baxırıq...
Şəhərimizin günü-gündən gözəlləşməsi, dünyanın məşhur şəhərləri ilə yarışa girməsi hər bir vətəndaşın ürəyincədi. Şəhərin əsas prospektində həyata keçirilən bu konseptin tamamlanması üçün isə hələ bir neçə belə binanın tikilməsi gözlənilir. İnşa ediləcək binaların bank üçünmü və ya başqa məqsədlər üçün tikilməsi ikinci dərəcəli məsələdir. Əsas məsələ şəhərin yeni oblikidir - obrazıdır!

Xülasəsi, bilməliyik ki, baş plana uyğun olaraq bu yerlər ayrılıb və bu tikintilər də olacaq. Təsəvvür edin ki, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev, Ağamusa Axundov, Musa Nağıyev və digər milyonçular, indi şəhərimizdə fəxrlə ziyarət etdiyimiz tarixi binaları tikərkən sizin indiki məntiqinizlə yanaşaraq o zaman da birilərinin “ bu soxasoxda haramıza yaraşır” iddialarına qulaq asmış olsaydılar, "bahadır" deyib, o binaları tikməsəydilər, pullarını yeyib-içməyə, yaxud lap elə yaxşını fikirləşsək yetim-yesirə paylasaydılar, xeyriyyə işlərinə xərcləsəydilər necə olacaqdı? İndi Bakının o gözəl, əvəzsiz binaları olardımı? O zaman vəziyyət indikindən yaxşımıydı? O zaman da millətin yaşayan nəsillərinin çoxsaylı problemləri vardı. Lakin tarix sübut etdi ki, torpağımızın üstündə tikilən torpaqda qalır, millətə qalır. Bakının neftxudalarının hətta özləri, ailələri üçün tikdirdikləri möhtəşəm saraylar da bu gün millətin, dövlətin sərvəti deyilmi?

Bizim marağımzda olmaldır ki, ölkənin vəsaiti oğurlanaraq, xaricə daşınmaqdansa heç olmasa göz önündə olan tikililərə xərclənsin. Tikilən bizim hamımızın şəhəridir. Deyək ki, etiraz elədiz və Mərkəzi Bankın yeni binası tikilmədi. Guya o yarım milyard pul əhaliyə paylanacaq? Və yaxud əhalinin güzaranının yaxşılaşması üçün hansısa bir layihəyə xərclənəcək? Buna kim əmin ola bilər ki, o vəsaitlə hansısa bir zavod və ya fabrik tikib əhaliyə yeni iş yerləri yaradılacaqdı? İnandırım sizi ki, o binanın tikilib-tikilməməsinin sizin üçün heç bir isti-soyuğu olmayacaq. Heç olmasa tikilsə, gözümüzün qabağında olar. Bilərik ki, yarım milyard hardadı. Tikilsin, nəyin binası olacağına sonra baxarıq. Həm də yanından keçəndə, ya qonaq qarşılayanda qururlanmağa daha bir səbəbimiz də olar.

a069f4b3-f105-4677-830b-eada2d0a47b3.jpg (56 KB)

Ələsgər Süleyman,
"Yeni Müsavat" qəzetinin baş direktoru

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR