İnsanlara hürriyət, millətlərə istiqlal!

Yardımlıdakı yardım qovğası böyüdü - TƏFƏRRÜAT

3651 05.05.2020 08:55 Ölkə A A

Deputatla icra başçısının qarşılıqlı ittihamları “Yeni Müsavat"da; ilginc ittihamlara icra hakimiyyətindən reaksiya

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvəti etməsi ciddi rezonans doğurub. Deputat 4 icra başçısının həbsindən danışarkən bildirib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov da həbs olunmalıdır.

Deputatın ittihamlarından az sonra mətbuatda rayonda aztəminatlı ailələrə yardım paylanılması ilə bağlı xəbərlər peyda olub. Eyni zamanda sosial şəbəkələrdə Sabir Rüstəmxanlıya yönəlik ittihamlar səsləndirilməyə başlayıb.

Yardımlıda nə baş verir? Sabir Rüstəmxanlının həbsini istədiyi icra başçısı kimdir? Başçı şair-deputatı niyə bu həddə çatdırıb ki, onun tutulması üçün açıq çağırış etdi?

“Yeni Müsavat”a açıqlama verən Sabir Rüstəmxanlı dedi ki, ölkədə gedən proseslər ciddi narahatlıq üçün əsaslar yaradır: “Bir rayonda icra başçısı çıxarılır və çox biabırçı faktlar ortaya çıxır. Rüşvət, ölkə qanunlarına hörmətsizlik, öz əyləşdiyi kürsüyə layiq olmamaq kimi məsələlər ortaya çıxır. Bir rayonda baş verdi və düşündük ki, 2-ci rayonda bu təkrar olunmamalıdır. Sonra 2-ci rayonda eyni vəziyyət ortaya çıxdı. Hətta rüşvət alma üsulları da eynidir. Rüşvət alınan idarələr belə eynidir. Sonra 3-cü rayon, ardından 4-cü rayon ortaya çıxdı. Belə məlum olur ki, bu adamlar ölkə başçısının xəbərdarlığından, ölkədə gedən proseslərdən heç bir nəticə çıxarmırlar”.

Deputat deyir ki, bu haqda məlumatlarla tanış olanda oxuyub ki, sırada başqa rayonlar da var və belə rayonlardan biri Yardımlıdır: “Niyə Yardımlı həmin siyahıya düşüb, bunun səbəbini dəqiq bilmirəm. Amma onu bilirəm ki, son vaxtlar müxtəlif saytlarda Yardımlının ayrı-ayrı kəndlərindən camaat dəstə-dəstə icra başçısından, ayrılan yardımların düzgün bölünməməsindən şikayətlər edirlər. Məndən bu haqda soruşulanda bildirdim ki, görünür, növbəti hədəflərdən biri də Yardımlı olmalıdır. Çünki camaat çox narazıdır”.

Deputat Yardımlının kəndlərində tanıdığı şəxslərlə əlaqə saxlayaraq durumla maraqlandığını söylədi: “Dedilər ki, məktəblərin təmiri üçün ayrılan pullar yeyilir. Rayona göndərilən yardımlar rayonda icra nümayəndələrinin evlərinə gedir. O evlərdə əl gəzdirəndən sonra yardımlar paylanılır. Bəzən ehtiyacı olanlar qalır kənarda, ehtiyacı olmayanlara yardım paylanır. Təkcə bunlar deyil. Son illər ölkədə kənd təsərrüfatı ilə bağlı layihələr gerçəkləşdirilir. Müasir heyvandarlığın, baramaçılığın inkişafı, müxtəlif qida məhsullarının tədarükü ilə bağlı tədbirlər həyata keçirilir. Yaxşı, bunun biri gəlsin də Yardımlıya. Yardımlı balaca dağ rayonudur. Sərhəd rayonudur. Bu rayona diqqət ayrılmalıdır. Bütün sadalananların heç biri yoxdur”.

Deputat bütün bu iradları icra başçısına bildirməməsinin səbəbini də açıqlayıb: “Rayona gedəndə icra başçısı ilə görüşmürəm. Təhsil aldığım orta məktəbdə şagirdlərlə görüş keçirmək istəyərkən Ayaz Əsgərov məktəbin direktoruna, Təhsil Şöbəsinin müdirinə tapşırmışdı ki, görüş olmaz. Özü də telefonlarını bağlayıb aradan çıxmışdı. Yalnız Prezident Administrasiyasının və Təhsil Nazirliyinin müdaxiləsindən sonra görüş baş tutdu. Bu cür münasibətdən sonra icra başçısına irad bildirməyim mənasızdır”.

Deputat Hamarkənd, Zenqəran, Dəlləkli, Ostair və digər kəndlərdə aztəminatlı ailələrə yardım çatmadığını bildirdi: “Ostair kəndində mənə müraciət edib yardım verilməməsinə etiraz edənlər olub. Bu məsələləri, tənqidləri deyəndən sonra bu, öz yanındakı işçiləri ortaya salıb yazdırır ki, Yardımlıda hər şey əladır. Azər Xamiyev gedib öz qohumlarının adı ilə yazı yazdırır və məni təhqir etdirir. Bu qədər qulbeçəlik olmaz. Bu adamlar tənqiddən nəticə çıxarmaq əvəzinə, böhtan atırlar”.

Bakupost.az - Sabir Rüstəmxanlı da namizəd olacaq - Dairəsini ...

Sabir Rüstəmxanlı ona qarşı ittihamlardan da danışdı: “O zaman icra hakimiyyətinin başçısı olan şəxslə razılaşdıq ki, rayonda bir ziyalı evi tikək. Tikdim və açılış etdik. Gələn olmadı. Bir müddət VHP-nin qərargahı kimi işlətdim. Masallıda yerləşən və uşaqları ali məktəbə hazırlatdıran bir təhsil mərkəzi müraciət etdi. Binanı verdim tədris mərkəzi kimi işlətsinlər. Hamarkənddə bir məscid tikintisinə başladıq. Şeyxə də, aidiyyəti qurumlara da dedik. Sən bunu etməyəcəksən, gəlib İran edəcək, başqa müxtəlif qüvvələr girəcək kəndlərə. Məscidin özülü də atılmışdı. Sona qədər imkan vermədilər. Ona görə də xeyir-şər evi kimi rəsmiləşdirdik. Azər Xamiyevkimilər ora-bura yazdılar ki, burada məscid tikirlər. Məscid tikmək olmaz? Məscid tikməyə qoymadılar, məcbur qalıb xeyir-şər evi tikdik. İndi kənddə xeyir-şər evi bunlara niyə ağır təsir edir?”

Sabir Rüstəmxanlı Hamarkənd orta məktəbinə göndərilən kitabların kitabxanadan yığışdırılmasından da danışdı: "“Qanun” nəşriyyatının buraxdığı “Dünya ədəbiyyatı klassikası” məktəbə hədiyyə olunmuşdu. Kəndin yaşlı adamları da gedib oradan kitab götürüb oxuyurdular. Azər Xamiyevkimilər gedib məktəbə deyir ki, bu nə kitablardır, yığışdırılsın bu kitablar. Bundansa pul göndərsinlər məktəbin təmirinə. Bunların başı var?"

Sabir Rüstəmxanlı rayonda durumun ağır olduğunu da bildirdi: “İşsizlik baş alıb gedir. Sakinlər rayondan köçüb gedirlər. Gündə 10 manat qazanmaq üçün Qaradağ daş karxanalarında daş atır camaat. Bu insanlar yazıq deyil? Virus məsələsi ailələri param-parça edib. İnsanlar bir tikə çörəyə möhtacdır. Səhərdən axşamadək kabinetə girib oturmaqla iş düzəlməz. Başçı camaatın içində olmalıdır”.

Sizin icra başçınız - Ayaz Əsgərov Yardımlı əhalisinin etimadını ...

Yardımlı İcra Hakimiyyəti ilə əlaqə saxlayıb deputatın ittihamlarına münasibət öyrəndik. Başçı Ayaz Əsgərov ona yönəlik ittihamlara münasibət açıqlamadı. Redaksiyamızla başçının 1-ci müavini Azər Xamiyev əlaqə saxladı.

“İstənilən bir şəxsi rayona yollayın, gəlib yoxlasınlar, araşdırsınlar. Aprelin 23-dən başlayaraq fond tərəfindən 1500 yardım gəlib. Yardımlar aztəminatlı ailələrə paylanıb. Yardım paylamada ağsaqqallar, idarə müdirləri, icra hakimiyyətinin məsul işçiləri, ziyalılar iştirak ediblər. ”DOST" xətti ilə rayonda 250 nəfər ictimai işlərə cəlb olunub. Həmin şəxslər kommunal xidmətlər göstərən idarədə, yaşıllaşdırma, işıqlandırma idarələrində çalışırlar. Elə işçilər də var ki, ərazi nümayəndəliklərinə təhkim olunublar. İş problemi hər yerdə olduğu kimi Yardımlıda da var. İşə götürülərkən şəhid ailələri, ailə başçısını itirənlər nəzərə alınır" - Azər Xamiyev dedi.

Onun sözlərinə görə, icra başçısının  rayonda biznesi yoxdur, özü də kirayədə yaşayır: “10 ildir başçı müavini vəzifəsindəyəm, 3 icra başçısı ilə birgə çalışmışam. Hər 3 başçının dövründə Sabir Rüstəmxanlı deputat olub və heç bir münasibət saxlamayıb. Həmişə mövqeyi belə olub. Sabir Rüstəmxanlı kənddə məscid tikir. Amma kənddə məscid tikmək üçün əsas olmalıdır. Heç bir sənəd olmadan məscid tikmək olmaz. Onun amalı nədir, bilmirəm. Deputat seçkiləri vaxtı rayonda Ziyalılar Evi tikdi. Sonra həmin evi ziyalılara vermədi. Bir müddət sonra çayxana kimi istifadə elədi. Sonradan ”Kaspi" tədris mərkəzinə icarəyə verdi. Bu cür ittihamlarla çıxış eləmək üçün əlində əsası olmalıdır. Biz Milli Məclisə, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik".

Başçı müavini Yardımlıda fondun payladığı yardımlardan əlavə, rayon icra hakimiyyətinin 1000-ə yaxın insana ərzaq yardımı etdiyini söylədi: “Bu gün hamı yardım istəyir. Təbii ki, hamıya yardım etmək qeyri-mümkündür. İmkan daxilində müraciət edən aztəminatlı ailələrin heç biri humanitar layihədən kənar qalmayıb”.

Onun sözlərinə görə, Yardımlıdan olan iş adamları da aztəminatlı ailələrə yardım ediblər: “Hər evə bir tay un verən də olub, 100-ə yaxın sakinə yardım edən də. Hazırkı durumda imkanı olan hər kəs yardıma ehtiyacı olanlara kömək edib. Sabir Rüstəmxanlı deputat olduğu illərdə bir dəfə də olsa bir adamın qapısını açıb hüzüründə, məclisində iştirak etməyib. Yerlimizdir, amma belə çıxışlar edəndə bilmirsən nə deyəsən. O, indiyədək rayonda kimsəyə əl tutmayıb. Onun bu ittihamlarına ən yaxşı cavab gəlib yerində araşdırma aparılmasıdır. Gəlib araşdırsınlar”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR