Bu gün Yaponiya hökuməti ölkənin 47 prefekturasından 39-da koronovirus pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejiminin aradan qaldırılması barədə qərar qəbul edəcək.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu, aprelin 7-dən tətbiq edilən məhdudiyyətlərin ilk yumşaldılması olacaq. Bildirilir ki, hökumət ilkin olaraq vəziyyətin daha sabit olduğu 34 prefekturada fövqəladə vəziyyət rejimini aradan qaldırmağı planlaşdırırdı. Lakin sonradan bu siyahıya “xüsusi diqqət tələb edən” statusuna malik daha beş prefekturanın əlavə olunması qərara alınıb. Yumşaldılmanın əsasən sənaye müəssisələrinin yerləşdiyi mərkəzi Aiçi, qərbi Kioto və cənub-qərbi Fukuoka prefekturalarını əhatə etməsi nəzərdə tutulur.
Bununla yanaşı, fövqəladə vəziyyət rejiminin Tokio və ona yaxın Kanaqava, Saytama və Çiba prefekturalarında davam etdiriləcəyi bildirilir. Məhdudlaşdırıcı tədbirlər, həmçinin Kioto, Osaka, Hyoqo və Hokkaydo prefekturalarını da əhatə edəcək.
Fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı hökumət tərəfindən qərar mütəxəssislərin rəyi nəzərə alınaraq qəbul ediləcək.
Hökumət komissiyasının iclasında çıxış edən İqtisadiyyatın Bərpası naziri Yasutoşi Nişimura bildirib ki, mütəxəssislər qrupunun rəyinə görə, Tokio da daxil olmaqla səkkiz prefekturada fövqəladə vəziyyət rejiminin götürülməsi üçün şərait hələ yetişməyib. Bu zaman xüsusi göstərici kimi son həftə ərzində bu və ya digər regionda yoluxmaların sayı əsas götürülüb. Yüngülləşdirmə yalnız 100 min sakinə qarşı 0,5 yoluxma halı olduğu təqdirdə tətbiq oluna bilər. Bundan əlavə, xəstəxanalardakı boş yerlərin sayı, prefekturanın ümumi səhiyyə sisteminə düşən yükün həcmi və koronavirus testlərinin keçirlməsinin mümkünlüyü kimi göstəricilər də əsas götürülüb.
Eyni zamanda, mayın 21-də mütəxəssislər şurasının və koronavirusa qarşı mübarizə üzrə qərargahın növbəti yığıncaqlarının keçirilməsi planlaşdırılır. Həmin toplantıların yekunundan asılı olaraq, digər prefekturalarda da fövqəladə vəziyyət ləğv oluna bilər.
Fövqəladə vəziyyət rejimi aradan qaldırıldıqdan sonra bu və ya digər obyektlərin fəaliyyəti barədə qərar prefekturaların qubernatorları tərəfindən qəbul olunacaq.
Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16761 nəfəri ötüb. Onlardan 9 mindən çoxunun sağaldığı, 691 nəfərin öldüyü bildirilir. Bununla yanaşı, 250 nəfərin vəziyyətinin çox ağır olduğu qeyd edilir.






