Yaponiya Futbol Federasiyası futbol üzrə 2023-cü ildə qadınlar arasında keçiriləcək dünya çempionatına ev sahibliyinə müraciətdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi iyunun 22-də məlumat yayıb. Bildirilir ki, idman mütəxəssislərinin rəyinə görə ev sahibliyinə namizədlər arasında gələn həftə baş tutacaq səsvermə zamanı Yaponiyanın üstünlük qazanmaq şansı yoxdur. Bununla yanaşı, həmin qərarın qəbuluna koronovirus pandemiyasının təsir etdiyi də qeyd edilir. İlkin plana görə, Yaponiya ərazisində təşkili keçiriləcək oyunlar Tokio ilə yanaşı, Osaka və Kioto şəhərlərini də əhatə etməli idi.
FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək ölkəni iyunun 25-də seçəcək. Həmin yarışlara Kolumbiya ilə yanaşı, Avstraliya və Yeni Zelandiya da birlikdə ev sahibliyi etməyə iddialıdırlar. 2023-cü ildə keçiriləcək çempionatda ilk dəfə 32 yığma komandanın iştirakı gözlənilir.
Qadınlar arasında futbol üzrə dünya çempionatı 1991-ci ildən keçirilir.






