Yaponiya hökuməti ABŞ istehsalı olan “Aegis Ashore” yerüstü raketdən müdafiə kompleksini Akita prefekturasının Aroya hərbi poliqonunda yerləşdirmək planından imtina etmək niyyətindədir.
AZƏRTAC “Yomiuri shimbun” qəzetinə istinadla xəbər verir ki, mərkəzi hökumət yerli əhalinin bu komplekslərin ərazidə yerləşdirilməsi ilə bağlı etirazlarını nəzərə almağa məcburdur.
Bununla əlaqədar qəzetin mayın 6-da yaydığı məqalədə bildirilir ki, Müdafiə Nazirliyinin mütəxəssisləri həmin kompleksləri yerləşdirmək üçün yeni ərazi axtarmalı olacaqlar.
Xatırladaq ki, “Aegis Ashore” yerüstü komplekslərinin 2025-ci maliyyə ilindən başlayaraq hərbi növbəyə çıxarılması planlaşdırılır. Qeyd edilir ki, raketdən müdafiə üzrə komplekslərin ərazidə yerləşdirilməsinə ilk olaraq Akita prefekturasının qubernatoru və Aroya poliqonu yaxınlığında yerləşən bələdiyyələr etiraz ediblər. Onların qənaətinə görə, həmin komplekslərin yaşayış məskənlərinin yaxınlığında yerləşdirilməsi yerli əhalini radarların güclü şüasına məruz qoyacaq.
Yaponiya hökumətinin qənaətinə görə, Akitada yerləşdiriləcək həmin komplekslər bütün ölkə ərazisini ballistik raketlərin hücumundan qoruya bilər. Buna baxmayaraq, yerli hakimiyyət orqanları komplekslərin təhlükəsizliyinə şübhə ilə yanaşdıqlarına görə onların ərazidə yerləşdirilməsinə etiraz edirlər.
Qeyd edək ki, ABŞ administrasiyası artıq iki raket kompleksinin Yaponiyaya satılması barədə razılıq verib. Ümumi dəyəri təqribən 2,5 milyard dollar olan həmin komplekslərin yerləşdirilməsi ilə əlaqədar Çin və Rusiya da öz narahatlıqlarını ifadə ediblər. Bu ölkələrin qənaətinə görə həmin qurğuların ərazidə yerləşdirilməsi regiondakı hərbi balansı poza bilər.






