Yaponiya ABŞ-ın polad və alüminium ixracına rüsumlar tətbiq etməsinə təəssüflənir. Çünki bu, yalnız yapon müəssisələrinə deyil, eyni zamanda, ABŞ ilə Dünya Ticarət Təşkilatı (DTT) arasında münasibətlərə də təsir göstərə bilər.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin "Azərtac"-ın Yaponiyadakı bürosuna göndərdiyi məlumatda deyilir.
Sənəddə yazılıb: “ABŞ Prezidentinin Kanada və Meksika istisna olmaqla, bütün ölkələrə polad və alüminium ixracına gömrük rüsumlarının tətbiqi barədə qərarı təəssüf hissi doğurur. Bu tədbir müttəfiqlər olan ABŞ ilə Yaponiyanın iqtisadi əməkdaşlığına, o cümlədən bütün dünya iqtisadiyyatına təsir göstərə bilər. Biz məsələnin yapon müəssisələrinə, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlanmış müqavilələrə təsirini öyrənərək müvafiq addımlar atmaq niyyətindəyik”.
Bununla yanaşı, Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko da bəyan edib ki, Yaponiya onun rüsumların tətbiqi barədə siyahıdan çıxarılması üçün danışıqlar aparmaq və eyni zamanda, DTT çərçivəsində lazımi tədbirlər görmək niyyətindədir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp polad və alüminium ixracına rüsumların əlavə olunduğunu rəsmi şəkildə elan edib. Həmin tədbirin ABŞ-ın təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirildiyi bildirilir. Bundan sonra polad üçün rüsum 25 faiz, alüminium üçün isə 10 faiz təşkil edəcək.






