İnsanlara hürriyət, millətlərə istiqlal!

Yapon şirkəti Qarasaqqal kəndini palçıqlı kanal suyundan xilas edib

632 15.10.2015 11:37 Son xəbər A A
 “Japan Tobacco International” şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə bir sıra xeyriyyə tədbirlərnə vəsait ayırır. Nümayəndəliyin korporativ məsələlər və kommunikasiyalar üzrə meneceri Əli Verdiyevin sözlərinə görə,  JTI şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi 8 il ərzində könüllü olaraq öz əsas biznes fəaliyyətimizdən kənara çıxan layihələr həyata keçirərək, yerli icmaları dəstəkləyib, onlarla gözəl münasibətlər qurub: “Biz işlədiyimiz ölkələrdə insanların həyat keyfiyyətini artıran effektiv proqramlara vəsait ayırırıq”. 

Azərbaycanda dəstəklədikləri layihələrdən danışan şirkət təmsilçisi deyib ki, JTİ diqqətini iki istiqamətə – insanlara və incəsənətə yönəldir: “Azərbaycanda biz azsaylı tərəfdaşlarla daha effektiv əməkdaşlıq qurmaq yolunu seçmişik. İnsanlar istiqaməti ilə əlaqədar biz Milli QHT Forumu və digər QHT-lərlə işləyirik. Məqsəd ehtiyacı olan icmalara təmiz içməli su təmin etməkdir. Mən qeyd etməliyəm ki, bu sərmayə həqiqətən də, özünü doğrultmuşdur. Biz 2013-cü ildən indiyədək dörd su təchizatı layihəsi həyata keçirmişik və ümumilikdə 15,000-ə yaxın insan içməli su ilə təmin edilib. Bizim Kürdəmir rayonunun Qarasaqqal kəndində həyata keçirdiyimiz su təminatı layihəsi iki mükafata layiq görülüb – Amerika Ticarət Palatasının “Ən yaxşı KSM layihəsi” üzrə Gümüş Mükafat və JTI-ın 2014-cü il üzrə xüsusi “KSM Mükafatı”. İkinci mükafat üzrə bizim layihəmiz şirkətimizdə çalışan insanların əksəriyyətinin səsini qazanaraq 2014-cü ilin ən yaxşı layihəsi seçilmişdi”.

Ə.Verdiyevin sözlərinə, bu layihənin məqsədi Qarasaqqal kəndində yaşayan 1800 insanı təmiz içməli su ilə təmin etmək idi: “Biz bununla bağlı Milli QHT Forumundan təklif aldıqdan sonra real vəziyyətlə tanış olmaq üçün kəndə səfər etdik və gördüklərimizdən heyrətə gəldik: kəndin içindən suyu çirkli üç kanal axırdı və insanlar həmin kanalların suyundan içmək üçün istifadə edirdilər. İçməli su mənbəyi yox idi. Kənd sakinləri infeksion xəstəliklərdən əziyyət çəkir və ya digər yaşayış məntəqələrinə köçməli olurdular. Biz buna cəld reaksiya verərək, Forum və Kürdəmir rayonunun icra hakimiyyəti ilə əməkdaşlığa başladıq və qısa müddətdə kanal suyunu təmizləyərək içməli suya çevirən su təmizləyici qurğunu yerli sakinlərin ixtiyarına verdik. Layihə üzrə iş 2013-cü ilin dekabrında başladı və su təmizləyici qurğu 2014-cü ilin aprel ayında istismara verildi. Biz su qurğusunun vəziyyətini yoxlamaq üçün 2015-ci ilin mayında yenidən kəndə səfər etdik. Bizə dedilər ki, su qurğusu istifadəyə verildikdən sonra infeksion xəstəliklərin sayı azalmış, yerli sakinlərin digər yaşayış məntəqələrinə köçü demək olar ki, dayanmışdır”. 

JTİ nümayəndəsi digər layihələrdən danışaraq deyib ki, insanlarla bağlı sahədə bizim ikinci tərəfdaşımız “Damla” aztəminatlı ailələrə yardım ictimai birliyidir: “JTI-ın dəstəyi ilə “Damla” imkansız, tənha və yaşlı insanlara, habelə əlilliyi olan şəxslərə aylıq ərzaq yardımları göstərir. Layihə çərçivəsində çox əlverişsiz şəraitdə yaşayan təxminən 250 insan ərzaq yardımı ilə təmin ediləcək.

İncəsənət istiqaməti üzrə biz Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi və Yarat müasir incəsənət məkanı ilə əməkdaşlıq edirik. Biz Azərbaycan muğam ifaçılarının müxtəlif ölkələrdə konsertlərini dəstəkləməklə muğamımızın xaricdə təbliğ olunmasına kömək edirik. İndiyədək, JTI Bakı, Paris, Lion, Vyana, Varşava, Moskva, Cenevrə və Astana şəhərlərində belə konsertlərin keçirilməsini dəstəkləmişdir. Biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Milli Xalça Muzeyi ilə biz ilk dəfə olaraq Azərbaycan Xalçası Ensiklopediyasını dərc etdirməyi qərar aldıq və bu istiqamətdə işlərimiz artıq yekunlaşmaq üzrədir. Bu, Azərbaycan xalçaları, onların tarixi və bu günü, ölkəmizin müxtəlif xalçaçılıq məktəbləri və digər məlumatları özündə birləşdirən nəşr olacaq.

Muğam və xalçaçılıq Azərbaycan xalqının unikal incəsənət nümunələridir. Hər ikisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Hər ikisi əsrlərdən keçərək bu günümüzə gəlib çatmışdır. Muğam Azərbaycan incəsənətinin incisidr, xalçaçılıq isə xalqımızın qədim sənətlərindən biridir. Lakin ürəkağrıdıcı haldır ki, Azərbaycan xalçaları bəzən iran və ya erməni xalçaları kimi təqdim olunur. Biz düşündük ki, Azərbaycan xalçalarını bir ensiklopediyada toplamaq və bununla da onlar barədə məlumatlılığı artırmaq çox faydalı olardı. Ensiklopediya əvvəlcə azərbaycan dilində iki cilddə nəşr olunacaq. Daha sonra isə o, ingilis və rus dillərində də işıq üzü görəcək. Məqsəd xalçalarımız haqqında həqiqətləri dünyaya çatdırmaqdır.

Ə.Verdiyev deyir ki, JTİ yapon şirkətidir və yapon mədəniyyətini də dəstəkləyir: “Biz 2012-ci ilin martında tanınmış yapon skripkaçısı Ken Aisonun konsertini təşkil etmişdik. Ötən ilin iyun ayında şirkətimizin dəstəyi ilə Yapon Film Festivalı keçirilmiş, dekabrında isə ənənəvi yapon sənəti olan Kabuki teatrı ölkəmizə səfərə gəlmişdi. Biz yapon mədəniyyətini dəstəkləməkdə davam edəcəyik və bunun üçün daha yaradıcı yollar axtarırıq. Hazırda biz yapon və azərbaycan mədəniyyətlərinin sintezi barədə düşünürük və tezliklə bunu reallaşdıracağıq”.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR