YAP-çı deputatdan sərt Rusiya açıqlaması
Rusiyanın Ermənistanla birgə hərbi birləşmələr yaratmağa qərar verməsinə rəsmi Bakının açıq şəkildə reaksiya verməməsi bir yana, hakim partiyanın da bununla bağlı etirazını görə bilmədik. Düzdür, cəmiyyətin ayrı-ayrı təbəqələrindən şimal qonşumuzun işğalı stimullaşdıran addıma getməsinə münasibət bildirildi, ancaq bu, ciddi milli etiraz səviyyəsinə qalxmadı, olduqca sönük və görünməz miqyasda oldu.
Mümkündür ki, Bakı Rusiyanı qıcıqlandırmamaq üçün daha ehtiyatlı davranır. Azərbaycan bu ərəfədə böyük layihələrin reallaşmasına əngəl ola biləcək addımlar atmağa lüzum görmür. Məsələn, Bakı Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Azərbaycan paytaxtında təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsi ilə bağlı fikirləri təqdir edir.
O da mümkündür ki, Azərbaycan qapalı danışıqlarda narahatlığını şimal qonşumuza çatdırır. Məsələn, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Əli Hüseynli, Arif Rəhimzadə, deputatlardan Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Mümkündür ki, iki günlük səfərdə Rusiya-Ermənistan hərbi əməkdaşlığı da ikitərəfli səviyyədə müzakirə mövzusu olsun.
YAP üzvü, deputat Elman Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hakim partiyanın şimal qonşumuzdan ehtiyatlandığı barədə səslənən fikirlər doğru deyil: “Elə hərbi əməkdaşlıqla bağlı saziş gündəmə gələndən teleproqramlarda elə hakim partiyanı təmsil edən ekspertlər sözlərini deyirlər. XİN-in sözçüsü Hikmət Hacıyev də münasibətini bildirdi. Hakim partiyanın üzvlərindən biri kimi mən ilk gündən mövqeyimi bildirmişəm. Mənim bu məsələ ilə bağlı mövqeyim yeni deyil. Münasibət qarşılıqlı və ikitərəfli olmalıdır. Biz istəyirik ki, düşmənlərimizdən başqa qalan bütün qonşularımızla bütün istiqamətlərdə münasibətlərimiz sıx əməkdaşlıq, tərəfdaşlıq, dostluq, mehriban qonşuluq şəraitində inkişaf etsin. Ancaq çox təəssüf ki, elə coğrafi mövqedə yerləşmişik ki, əsasən də böyük qonşularımızdan, ilk növbədə şimal qonşumuzdan bunu görə bilmirik. Doğrudur, onlar rəsmi qaydada həmişə bunu deyirlər ki, biz sizinlə qonşuyuq, əməkdaşlıq, tərəfdaşlıq edirik, münasibətlərimiz gün-gündən inkişaf edir və s. Bunu da inkar etmək olmaz. Bəli, arada bizim iqtisadi, mədəni, siyasi, diplomatik, hətta hərbi sahədə - təbii ki, bu, Rusiyanın xeyrinədir, onun silah bazarının əsas alıcılarından biri bizik - əməkdaşlıq davam edir. Ancaq bir həqiqət var, heç vaxt Rusiya bizə Ermənistandan yaxın qonşu, yaxın dost olmayacaq”.
E.Məmmədov bunun səbəblərinin tarixi köklərinin olduğunu vurğuladı. Bildirdi ki, erməni tör-töküntülərini xüsusilə İran və Türkiyədən köçürüb onları tarixi Azərbaycan torpaqlarında yerləşdirən, onlara dövlət yaradan, qoruyub-saxlayan çar Rusiyası, Sovet hökuməti olub, indi də Rusiya Federasiyasıdır: “Bu gün də Rusiyanın məqsədi buna yönəlib: Rusiya Azərbaycandan yenə ərazi qopartmaq istəyir. Serj Sərkisyan özbaşına deyil, onu danışdıran qüvvə var, bu, Rusiyadır. Sərkisyanı onlar danışdırır ki, deyir bizim məqsədimiz Dağlıq Qarabağı ya müstəqil görməkdir, ya da Ermənistana birləşdirməkdir. Serj Sərkisyan özbaşına belə qələt eləməz, ona bu sözləri dedirdən qüvvə var. Bu qüvvə də bizim hörmətli şimal qonşumuzdur. Ermənistan Rusiyanın bir quberniyası, forpostudur, Moskvanın Yaxın Şərqə nəzarət etməsi üçün çox mühüm strateji dayaq nöqtəsidir. Rusiya bəlkə də ərazi mübahisəsində olduğu Yaponiyaya güzəştə gedər, ancaq Ermənistanı heç kimə güzəştə getməz. ATƏT-in Minsk Qrupunun üzvü olan üç həmsədr dövlətin heç biri, xüsusilə Rusiya ədalətli mövqe sərgiləyə bilməz və sərgilməyəcək də”.
Deputat şimal qonşumuza ünvanlı mesajını da çatdırdı: “Əgər sən mənimlə mehriban qonşuluq şəraitində yaşayırsansa və bunu bəyan edirsənsə, bu gün fəaliyyəti bir qara qəpiyə dəyməyən ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr dövlətsənsə, səninlə bir yerdə biz MDB-nin üzvüyüksə, bəs, sənin haqqın, ədalətin harda qaldı? Necə olur ki, sən işğalçı ilə bir təşkilatda birləşib imzalanmış sənədə yazırsan ki, bu təşkilatın üzvlərindən hansısa birinə təhlükə olarsa, hamımız onu müdafiə edəcəyik? Növbəti ildə Ermənistanla bir müqavilə imzaladın ki, işğalçının hava məkanını Rusiya qoruyacaq. İndi də başqa bir müqavilə ilə işğalçı ölkənin təhlükəsizliyini qorumaq üçün Ermənistanla birgə qoşun yaradırsan. Bu, nə deməkdir?! Demək, bu, Azərbaycana açıq-aydan meydan oxumaqdır. Bu, o deməkdir ki, əgər sən Ermənistana qarşı bir hərəkət etsən, qarşında məni görəcəksən. Demək bu saziş Azərbaycan torpaqlarının bundan sonra da işğal altında qalmasına şərait yaradır”.
E.Məmmədov xatırlatdı ki, Azərbaycanın özünün tarixi torpaqlarında yaradılmış Ermənistanın bir qarış torpağında da gözü yoxdur: “Əgər Ermənistana qarşı təhlükə yaranarsa, Rusiya bizə qarşı nə isə edə bilər. Bu gün bizim yeganə məqsədimiz torpaqlarımızda 25 ildir kök salmış Ermənistan ordusu və digər cinayətkar birləşmələri, terrorçuları ərazilərimizdən süpürüb atmaqdır. Bu, bizim hüququmuzdur. Rusiya haqsız, ədalətsiz, cinayətkarı, Ermənistanı dəstəkləyən mövqe göstərir. Ancaq bu, bizi fikrimizdən döndərməməlidir. Biz torpaqlarımızı işğalçıdan azad etmək üçün istənilən hasitəyə, o cümlədən hərbi yol əl atmaq haqqına malikik. Necə ki, Rusiya özü Şimali Qafqazda 20 ildən çoxdur anti-terror əməliyyatı adı altında hərbi əməliyyatlar keçirir. Biz də bu hüququ özümüzdə saxlayırıq. Hərbi güc tətbiq edərək ərazimizdəki qeyri-qanuni, digər ölkələrə məxsus silahlı qüvvələri, terror təşkilatlarının üzvlərini torpağımızdan çıxarıb kənara atmalıyıq”.
Cavid TURAN
Musavat.com






