İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP BOYDA PİVƏ BAKALI

1935 18.03.2011 04:44 Yazarlar A A
Korrupsiya və rüşvətlə mübarizənin gedişindən, YAP hökumətinin belə sarsaq hallara amansız münasibətindən ağızdolusu danışan Lətif müəllimə sual verildi ki, sizdən nə vaxtsa rüşvət istəyiblərmi. Bəy əfəndi “əvət” deyincə ayrı sual gəldi: “Verdinizmi o rüşvəti?” Bəy əfəndi “hayır” deyib də buna çox maraqlı izah verdi: “Mən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü olduğumu deyəndən sonra o rüşvəti almadılar”.
Barmağımı da elə bu cavabı eşidən an güdaza verdim. Bu izah Lətif bəyin ağzından çıxanda bərk sevinib barmağımı nə təhər dişlədimsə, az qaldı mayanı qoparam. Rüşvətin kökünü bilmərrə və biryolluq kəsməyin çox sadə üsulunu tapan adam nədən sevinməsin?! O üsul da budur. Dözümlü xalqımızın məmurlara rüşvət daşıya bilən bütün nümayəndələrini Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına üzv yazmaqla rüşvətin kökünü dərhal kəsmək olar. Cibində bu komissiyanın üzvlük vəsiqəsi olan vətəndaşdan rüşvət istəməyə kim cürət edər? Qoy xalq vəsiqəsini cibinə qoyub arın-arxayın yaşasın də. Daha hökumətin sağ qulağını sol əllə qaşımasına, rüşvətxorluğun qabağında hıqqana-hıqqana qalmasına nə hacət?!
Lətif bəyin sözlərindən ilhamlanaraq daha bir səmərələşdirici təklifimi verim. Rüşvət alıb-verməyin ən çox yayıldığı sahələrdən biri də yol polisi-sürücü münasibətləridir. Qoy ölkəmizdəki bütün maşınlar - marşrut avtobusları, taksilər, şəxsi minik və yük maşınları, traktorlar, qısası, hər növ avto QAİ maşını formasında olsun - üstündə zolaq, miqalka, sirena. Sən QAİ işçisinin QAİ işçisini saxlayıb 10-15 manat “hörmət” aldığını görmüsən? Mən - yox. Deməli, bütün maşınlar QAİ maşını kimi olsa, sivil, qüdrətli, müstəqil və hüquqi dövlətimizdə rüşvətin kökü bircə günə xırpadan kəsilər. Birdəfəlik...
Bunu ayrıca deməyə sadəcə məcburam. Lətif bəy Milli Məclis Aparatı dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiridir. Gör bizdə dövlət hansı hüquqi priyomlarla qurulur də. Vətəndaşa ondan rüşvət istəyənin gözünə vəsiqə soxmaq imtiyazı verən vəsiqələr xalqın yarısında var, yarısında yoxdur deyə dövlətimiz də yarımcandır. Vay-vay...
Bunlar heç nədən çəkinmədən, camaat cəhənnəm, tarix və riyaziyyat fənlərindən həya eləmədən AzTV-də belə də dedilər: “Dünən Qubanın filan kəndinə təbii qaz verilmişdir. 1993-cü ildən bəri qaz üzünə həsrət qalan kənd sakinləri bunu dövlətin xalqa qayğısı kimi sevinclə qəbul etmişdir”.
Yaxşı, 1993-cü il hansı ildir? Bəli, YAP-ın gəlib xalqa sitəm eləməyə, nəinki qazını, hətta nəfəsini də kəsməyə başladığı o bəd il. Deməli, 1993-cü ilə qədər o kənddə qaz olub də. Deməli, AzTV-də 1993-dən bəri analoqu olmayan həyasızlıqla söyülən AXC-Müsavat iqtidarı xalqın qeydinə qalırmış də. Amma siz neyləmisiniz? Bəli, gəlib xalqın qazını kəsmisiniz. Əcəb eləmisiniz e. Amma adam ayıbına kor olub elədiyi pis, yaramaz əməldən bərkdən danışmaz. Xalqın qazını özünə heç olmasa səssiz-səmirsiz qaytarın. Daha zurna çalıb özünüzü niyə biabır edirsiniz?!
Utanmasan, oynamaq nədi e, lap elə pivə içməyə nə var?! Müsavat martın 12-də Fəvvarələr meydanında azadlıq tələbi ilə mitinq keçirən gün YAP-ın bərkgedənləri Mübariz Qurbanlı, Kərim Kərimli və Siyavuş Novruzov o həndəvərdəki kafedə oturub pivə içirdi. Stolun üstündəki pivə dolu bakalların şəkli az qala Zimbabvedəki “Yeni Zimbabve” qəzetinə də gedib çıxmışdı.
Amma keçmişin alovlu AMİP-çisi, indinin odlu YAP-çısı Qurbanlı and içir ki, süfrəmizdə pivə olmayıb. Düz deyir. O da digər YAP-çılar kimi qəti yalan danışmır. Stolun üstündəki pivə bakalı isə şəkildə çox dəqiq düşsə də əslində pivə bakalı deyil. YAP-ı dəstəkləyən xalqımız Novruz xonçasına qoymaq üçün 7 versiya irəli sürüb deyir ki, süfrədəki: 1. Küləş tayasıdır. 2. Sarı pişikdir. 3. “K-700" traktorudur. 4. Sarıkök kisəsidir. 5. Boranıdır, dikinə qoyublar. 6. ”Efes" pivə zavodunun istehsal etdiyi təmiz arı balıdır. 7. Yetişmiş xiyardır, saralıb deyə sosiskaya oxşayır.
Lətif bəy vəsiqəsini bir saatlığa mənə versəydi, Oqtay Şirəliyev adına dövlət xəstəxanalarından birinə gedib barmağımı pulsuz sarıtdırardım. Hansı həkimin hünəri nədir məndən pul istəyə?!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR