“Biz bura çox güclü rəqiblə oynamaq üçün gəlmişik”.
Musavat.com xəbər verir ki, bu sözləri “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib. UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah “Qəbələ”nin qonağı olacaq Polşa təmsilçisinin çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.
- “Qəbələ”nin oyunların izləmisiniz?
- “Qəbələ” yaxşı komandadır. Sabahkı matçda hər şey məlum olacaq. Ən əsası uduzmamağa çalışacağıq. Rəqibin oyunlarını izləmişəm. Bu komandada əsasən, Araz Abdullayevi, Ozobiçi və əlbəttə ki, baş məşqçi Roman Qriqorçuku fərqləndirərdim. Ancaq “Qəbələ” komanda oyunu sərgiləyir. Rəqibin cəmi 3 oyununu izləmişik. Əsasən mərkəz müdafiəçilərini qeyd etmək istəyirəm. Təəssüf ki, rəqib ikinci təsnifat mərhələsindən mübarizəyə qoşuldu. Buna görə, onlar barəsində elə də çox məlumata sahib deyilik.
- Sizcə, bu komandalar arasında hansı oyun həlledici olacaq?
- Çox güman ki, Polşadakı oyunda hər şey bəlli olacaq. Çətin ki, ilk oyunda hər şey həll edilsin. Çünki hər iki komanda bərabər səviyyəlidir. Belə qarşılaşmalarda adətən, ilk matçda cütün taleyi həll edilmir.
- “Qəbələ”də əvvəllər polşalı futbolçular, Kapsa və Piterzkeviç çıxış edib. Onlardan məsləhət almısız?
- Kapsa burda uzun müddət öncə oynayıb. O ki, qaldı Piterzkeviçə, onunla şəxsi tanışlığım yoxdur.
- Avropa Liqasında əsas hədəfiniz nədir?
- Hazırda əsas məqsədimiz bu mərhələni keçməkdir. Hər dəfə mərhələ keçdikcə bu iddiamız daha da artacaq.
- Uzun yol sizə necə təsir edib?
- Bunun oyunumuza təsir edəcəyini düşünmürəm. Səyahətimiz uzun olsa da, rahat olub.
- Şansları nə qədər dəyərləndirərdiniz?
- Məncə, şanslar 50/50-di.Hər şey ola bilər.
Məhəmməd Türkmən
Musavat.com
Fotolar müəllifindir






