İnsanlara hürriyət, millətlərə istiqlal!

Yadplanetlilər haqqında yeni iddialar... - ÖZƏL, FOTOLAR

45947 10.07.2014 18:58 Maraqlı A A

Başqa planetlərdə yaşayış varmı? Kainatda Yerdən başqa sivilizasiya mövcuddurmu? Yadplanetlilər bizim yaşadığımız dünyaya gerçəkdən də səyahət edirlərmi? Bu suallar bəşəriyyəti 100 illər boyu narahat edib. Elm, texnologiya inkişaf etdikcə başqa planetlərin tədqiqinə cəhdlər daha da çoxalıb. 

Bu günlərdə NASA tərəfindən yayımlanmış yeni görüntülər də bunu isbat edir. Marsda olan “Curiosity” robotunun çəkdiyi görüntülər mütəxəssislərin diqqətini çəkib. Həmin fotolarda görünən işığın, uçan naməlum obyektə (UNO) aid olduğu deyilsə də bəzi mütəxəssislər bunu təkzib edib. NASA səlahiyyətlisi Justin Maki isə bildirib ki, bu tipli görüntülərlə hər həftə qarşılaşırlar. Lakin şəkildə görünən işığın neçə yaranması ilə bağlı dəqiq məlumatları yoxdur. 


Yadplanetlilər, uçan boşqablar və s. mövzularda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının fəlsəfə elmlər doktoru Ədalət Ətai ilə söhbət etdik. Alim bildirdi ki, 

Azərbaycanda elmin bu sahəsi ilə heç kəs məşğul olmur: “Biz adətən dünyaca məşhur mənbələrə istinadlar edirik. Bəli, Yerdən başqa sivilizasiyalar da var. Başqa qalaktikaların mövcudluğu da istisna edilmir. Lakin texnologiyalar o qədər inkişaf etməyib ki, Yer planetinə tədqiqə gəlsinlər. Biz özümüzü digər sivilizasiyalara büruzə verməyimiz üçün isə Uran planeti qədər burdan uzaqlaşmalıyıq. Yəni güclü siqnallar lazımdır. Eləcə də başqa planetlərin Yeri tədqiq etməsi üçün güclü siqnallara ehtiyacları var. Ki, bu siqnallar hələ alınmayıb”. 


Uçan boşqablar, naməlum obyektlər anlayışlarına da aydınlıq gətirən Ə.Ətai bunları dedi:
“Belə məfhumlar yoxdur. Hamısı Yer alimlərinə məlum obyektlərdir. Hamısının öz izahı var. Bəzən səmada insanların gözünə görünən və adına UNO deyilən görüntülər böyük dövlətlərin yaratdıqları xüsusi qurğulardır. Yaxud Yeri nəzarətdə saxlayan kosmik raketlərin öz trayektoriyasından çıxmış nümunələridir. Nəzərə alın ki, Yer ətrafında 10 mindən çox süni peyk və kosmik raket var. Yalnız kürəvi ildırım deyə bir məfhum var ki, onun təbiəti alimlərə hələ məlum deyil. Onun üzərində araşdırmalar aparılır”. 

Bəs astroloqlar bu barədə nə düşünür? Yad planetlilər varmı? Varsa durumu necə izah edirlər?

Astroloq Firidun Qurbansoy yadplanetlilərin mütləq şəkildə var olduğunu bildirdi:
“Yadplanetlilər əlbəttə var. Əlinizə baxın. 10 barmağınızın heç biri digərinə oxşamır. Yəni bunları yaradan Allah, görün, daha nələr yaratma iqtidarındadır. İnsandan zəif eləcə də insandan güclü məxluqlar var. 


Yer Günəş sistemində həyatın var olduğu yeganə planetdir. Amma qalaktikada minlərlə Günəş sistemləri var. Biz onlar barədə dəqiq məlumatlı deyilik. Amma bu faktlar realdır. Ümumən isə alimlərin bu günədək kəşf etdikləri planetlərdə həyat keyfiyyətləri kifayət qədər olmayıb. Yəni həyat elementlərinin tamamən olmaması deyə anlayış yoxdur. Hətta daş da nəfəs alır. İnsan hər dəqiqə intensiv, sürəkli nəfəs alırsa, daş deyək ki, 3 gündən bir nəfəs alır. Yəni hər yaradılışın özünün həyatı var”.

Yadplanetlilərlə bağlı fikirlərin elmi əsasının da danılmaz olduğunu bildirən F.Qurbansoy bu barədə sadə insanların bilməsini o qədər də vacib hesab etmir:
“Sıravi insanlara həyatda yaxşı yemək, içmək, nəsil artırmaq gərəkdir. Bu şeyləri bilib, ə edəcəklər ki?! Sadəcə kütlələrə vəlvələ salmaq üçün arada bu metodlardan istifadə edirlər”. 

“Bir vaxtlar - Ay fəth olunan dönəmlərdə Yerin bu təbii peyki haqqında əfsanələr dolaşmağa başlamışdı”-deyən, “Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli bu gün də Mars tədqiq olunduqca real nəticələrlə yanaşı, uydurmaların da gündəmə gəldiyini söylədi:

“Bugünkü çəkiliş texnikası ilə hər şey etmək mümkündür, necə ki, bir vaxtlar guya Ayın səthində çəkiliş etmişdilər. Təxminən 10 il qabaq da Marsda Misirdəki kimi Sfinks olduğu “isbat” olunmuşdu. Bu xəbərlərə birmənalı şəkildə nəsə demək mümkün deyil. Marsda çəkiliş aparan həmin o robot çox da uzaqda olmayan həmin işığa yaxınlaşa da bilərdi. Özləri deyir axı hər həftə onu görürlər, elə isə daha da yaxınlaşıb çəksinlər. Həm də oxuyub-bildiyimə görə, belə tədqiqatları dərhal ictimaiyyətə buraxmırlar, bunu çox güman ki, sensasiya xatirinə ediblər”.


Bu vaxta qədər yadplanetlilər haqqında yüzlərlə məqalə və informasiyaya rast gəldiyini deyən, astroloq müşahidələrdə bir qanunauyğunluq olduğunu dedi: “Amma ortada olduqca az dəlillər var. Məsələn, hələ 1978-ci ildə BMT-nin xüsusi siyasi komitəsində məşhur Amerika ufoloqu, professor A.Xaynek çıxış edərək “Naməlum obyektlərin yüksək qalxma sürəti və manevretmə qabiliyyəti belə fikir yaradır ki, onlardan bir çoxu avtomatik və çox güman, məsafədən idarə olunur. Məhz bu cəhət yadplanetlilərin lap yanımızda olmasını ehtimal etməyə imkan verir”- demişdi. Xaynekin fikrincə, bundan əlavə, UNO “sahiblərinin” Yer əhli ilə əlaqə yaratmaq cəhdləri də onların ağıl və zəkasından xəbər verir. Aradan üç il keçdikdən sonra astronom və filosof L.M.Qindilis də Kainatda məqsədəuyğun əqli həyatın axtarışı üzrə Beynəlxalq Tallin simpoziumunda həmin ideyanı irəli sürmüşdü. Simpozium iştirakçılarının əksəriyyəti ona qoşulmuşdu. Hətta, “əsl UNO” termini də qəbul edildi. Başqa sözlə, əsl uçan naməlum obyekt mürəkkəb manevrlər etməyi, havada dayanmağı bacarmalı, habelə təyyarə və gəmiləri müşayiət etməli, onların hərəkətlərinə diqqət yetirməliydi. Yerdə yaşayan adamlar və onların texnikası ilə əlaqə yaratmağa cəhd edən uçan naməlum obyektləri də həmin terminlə müəyyən etmək qərara alınmışdı. Əgər 40 il öncə bu mövzu BMT-də ciddi müzakirəyə səbəb olmuşdusa, sizcə indi hansı həddə olar?

NASA mediaya daha çox yanlış məlumatlar ötür, mən inanıram ki, əsl həqiqətləri ortaya qoymur. Yadınızdadırsa, 2012-ci ilin 21 dekabrında “dünyanın sonu” ilə bağlı yanlış informasiyanı ictimaiyyətə buraxmaqla insanların bədbinləşdirilməsində NASA birbaşa rol oynamışdı”.

Fəridə Abdıyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR