İnsanlara hürriyət, millətlərə istiqlal!

XXI əsrin qəbilələrə bölünmüş Bəluc xalqı və ya İran dövlətinin başağrısı

4058 09.06.2023 17:18 Dünya A A

Bəluclar və peyğəmbərin əmisi Əmir Həmzəni nə birləşdirir? Bəlucların tarixinə qısa baxış...

Bəlucistan - Bəlucların məskunlaşdığı ərazi - Hind çayının aşağı axarlarından Hörmüz boğazına və Sistan və Süleyman dağlarından Ərəb dənizi sahillərinə qədər uzanan seyrək məskunlaşmış səhra yaylasıdır .  Hazırda onlarla qəbilə tayfalarına bölünmüş bəluc xalqı Pakistan, İran, Əfqanıstan, Qazaxıstan,  hətta Türkmənistanın kiçik bir bölgəsində yaşayırlar.

Bəluclara dair ən erkən tarixi məlumatlar 9-10-cu əsrlərdə  ərəb coğrafiyaşünasları tərəfindən verilir. O zaman bəluclar indiki Kirmanda və onun şərqində, Seyistanda yaşayır və  köçəri maldarlıqla məşğul olurdular. Xarici tədqiqatçıların bir çoxu bəlucların vətənini İranın şimalı hesab edir ki, bu da dil və antropoloji məlumatlarla təsdiqlənir. Bəlucilərin  Sasanilər dövründə şərqə doğru köç etməyə başlaması güman edilir. Miqrasiyanın səbəbi məlum deyil, lakin ola bilər ki, Xəzəryanı ərazilərdə qeyri-sabit siyasi və təbii şərait bu köçəri maldar tayfalarının sonrakı bir neçə əsr ərzində köçünə səbəb olub.  Hətta Firdovsinin “Şahnaməsi”ndə adı keçən bəluc tayfaları isə öz mənşələrini daha sonrakı əsrlərə aparıb çıxarırlar. Bəluc əfsanəsinə görə,   onların əcdadları indiki Suriyanın Hələb şəhərindəndir.  Onlar Hələbdə məskunlaşan  Əmir Həmzənin nəslindən olduqlarını iddia edirlər . İddialarına görə 680-ci ildə Kərbəlada Yezidə qarşı döyüşdən sonra (Əmir Həmzənin övladları Hüseyn ibn Əlinin yanında dayanıb döyüşürdülər) Əmir Həmzənin övladları indiki Bəlucistana köç ediblər.    Bəlucların digər bir əfsanəsində isə  deyilir ki, onları indiki vətənlərinə 12-ci əsrdə bir-birindən fərqli tayfaları birləşdirən ilk hökmdar Cəlal Xan gətirib. Bəzi tarixçilər bunun orta əsr Xarəzminin son şahı Cəlaləddin  olduğuna inanırlar.

Orta əsrlərdə Bəlucistanda bəluc quldurları ilə  Qəznəvilər və Səlcuqlar arasıkəsilməz mübarizə aparırdılar. 13-15-ci əsrlərdə Bəluc köçü  indiki Pəncaba doğru hərəkət edirdi.  Bəluclular dalğalar şəklində köç edərək  Sind və Pəncabda məskunlaşaraq Bəlucistan adlanan bölgənin tam olaraq formalaşmasına  səbəb oldular.

 Bölgə uğrunda Səfəviləri ilə Moğol imperatorları mübarizə aparmağa başladılar. 17-ci əsrdə Mir Həsən adlı qəbilə lideri özünü ilk Bəluc xanı adlandırır. 1666-cı ildə Əhmədzai sülaləsi altında Kalat xanlığını quran Mir Əhməd Xan Qəmbərani onun yerinə keçdi. Xanlıqlar dövründə sünni Bəluclar Səfəvilərə qarşı Osmanlı imperiyası ilə əlaqələr qururdular. XVIII əsrin ortalarında Kalat xanlığını idarə edən Nəsir xana Osmanlı Sultanı tərəfindən “Qaziyu'd Din”, “Nasır-ı Millət-i Muhammediye” və “Bəylərbəyi” titullarının verildiyi bildirilir.  Əvvəlcə Moğollarla ittifaqda olan Kalat xanlığı 1839-cu ildə Britaniya  hökuməti ilə müqavilə imzaladıqdan sonra muxtariyyətini itirdi və bölgə faktiki olaraq Britaniyanın nəzarəti altına keçir.  

Bəlucistan bölgəsi uğrunda ingilis və Qacar hökumətinin mübarizəsi 1871-ci ildə Qoldsmit xətti yaradılması ilə nəticələndi və bəlucların yaşadığı torpaqların qərbi və şərqi bir-birindən ayrıldı. Əfqanıstan və Hindistandakı Bəluc bölgələri isə  Əfqanıstan və Britaniya hökumətləri arasında 1893-cü ildə imzalanmış Dürand xətti ilə bölündü. 

1924-cü ildə Pəhləvilər sülaləsini quran Rza şahın dövründə bəluc tayfaları arasında çaxnaşmalar baş verirdi. 1928-ci ildə ingilislərin dəstəyi ilə üsyan edən  bəlucları məğlub  edərək bəlucların lideri Tehrana aparıldı və 1930-cu ildə edam edildi. Bölgənin əhəmiyyətli tayfalarından olan barakzay bəlucları bölgəni tərk edərək  İngiltərənin nəzarəti altında olan bəluc bölgəsində məskunlaşdı.

 

İran molla rejiminin başağrısı –  Bəlucilər nə istəyir və ya bəluc milli kimliyi necə meydan çıxdı?!

Hal-hazırda bəlucilərin yaşadığı Sistan və Bəlucistan əyaləti İranın 31 əyalətindən biridir. Ölkənin cənub-şərq ucunda yerləşən əyalət Əfqanıstan və Pakistanla həmsərhəddir. Sistan və Bəlucistan əyaləti 181.785 km² ərazisi ilə İranın böyük əyaləti ünvanına malikdir. Bu nəhəng sahədə isə çox az, cəmi  2,5 milyon əhali yaşayır ki, bu  əhali sünni müsəlman bəlucilərdən  və şiə sistani farslardan ibarətdir.

 

İran islam inqilabına qədər bəlucların siyasi gücü qacarlar və pəhləvilər dövründə azalmış və 1979-cu ilə qədər heç bir milli hərəkatın görünmədiyi bölgə daha çox mərkəzi hökumət tərəfindən diqqətdən kənarda qalmış, bölgəyə demək olar ki, heç bir investisiya qoyulmamışdı. Bəlucistan sosial imkanlardan məhrum edilmış bir bölgə idi.

Lakin bunu da xatırlatmaq lazımdır ki, 1970-ci illərdə İran da öz hüdudlarından kənarda, Pakistanda müstəqillik tərəfdarı olan bəluc hərəkatlarına qarşı Pakistan  hökumətinin hərbi əməliyyatlarını fəal şəkildə dəstəkləmişdir. 

Belə görünürdü ki, bölgənin siyasi sakitliyi 1979-cu il İslam inqilabından sonra  da davam edəcək. Ancaq vəziyyət birdən –birə dəyişir. Bəluc tayfaları arasında milli-siyasi baxışların alovlanması baş verdi.  Buna yeni rejimin səbəb olduğu məzhəb gərginliyi səbəb oldu.

 Bölgədə şiələrin artan nüfuzu sünni bəlucları  öz şəxsiyyətlərini qorumaq üçün hərəkətə keçməyə sövq etdi. Artıq Bəluc kimliyi və sünni anlayışı  bir-birindən ayrılmaz bir simvol halına gəldi.  Beləliklə İranda bəluculər hərəkatının başlanğıcı qoyulur.

1980-ci illərdə Bəluci Muxtar Hərəkatı Əbdüləziz Mollazadə və kürəkəni Əbdülhəmid İsmailzehi aparırdı.

Əbdüləziz Mollazadənin rəhbərlik etdiyi hərəkat  o zaman İran İslam Respublikası ilə müharibə aparan İraq Səddam Hüseyn rejimi tərəfindən dəstəklənirdi. Bəluci Muxtar Hərəkatının  əsas tələbləri İran bəluclarına  heç olmasa məhdud muxtariyyət verilməsi və iqtisadi güzəştlər idi . 

Müharibə başa çatdıqdan sonra təşkilatın bir çox üzvləri İrandan mühacirət edərək hal-hazırda müasir  bəluci diasporunun yaranmasına da səbəb oldu. Lakin bu hərəkatın tamamilə sönməsini də demək olmaz. Həm də başqa istiqamət üzrə...

Bəluci terror təşkilatı : Cundullah  necə yarandı

İranda sünni müsəlmanların hüquqları uğrunda mübarizə apardığını iddia edən Cundullahın dəqiq yaradıldığı vaxt məlum olmasa da, onun 2003-cü ildə yaradıldığı qəbul edilir.  Təşkilatın onlarla səs-küyə səbəb olmuş terror hadisələri məlumdur.

Məsələn, 2006-cı ilin dekabrında qrup İranın cənub-şərqindəki Zahedan şəhərindən yeddi iranlı əsgəri qaçırmışdı. 2007-ci ilin fevralında qrup Zahedan yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 11 SEPAH üzvünü öldürüb. 2008-ci ilin dekabrında İranın Saravan şəhərində birləşmiş polis və narkotik bölməsinin qərargahına intiharçı avtomobillə hücum həyata keçirib, 4 zabiti öldürüb, çoxlu sayda zabiti yaralayıb. O, 2009-cu ilin mayında İranın Zahidan şəhərindəki Əmir əl-Möminin məscidində 25 nəfərin ölümü və ən azı 125 nəfərin yaralanması ilə nəticələnən intiharçı hücumun məsuliyyətini öz üzərinə götürüb. İkinci partlayış isə dini liderlərin, qəbilə başçılarının və ağsaqqalların toplantısını təşkil edən İslam İnqilabı Keşikçiləri Korpusunun zabitlərinə yönəlib. Hücum nəticəsində 50-yə yaxın insan, o cümlədən SEPAH-ın bir neçə yüksək rütbəli zabiti, xüsusən də SEPAH-ın quru bölmələri komandirinin müavini, general Nur-Əli Şuştəri və SEPAH-ın komandiri həlak olub.

 Cundallahın həmin dövrlərdə ən güclü lideri 2010-cu ildə İran hökuməti tərəfindən edam edilmiş  Əbdül Məlik Riji idi. 

Hazırda qrupun Taliban və əl-Qaidə ilə əlaqələrin olduğu güman edilir. Təşkilat 2010-cu ildə İranda Aşura mərasimləri zamanı 100-dən çox adamın ölümüylə nəticələnən terror hücumları həyata keçirdi. İran hökumətinin bu qrup üzvlərinə qarşı tədbirlə olduqca sərt olaraq, adətən edamla yekunlaşdığı bildirilir. Həm də Tehran  davamlı olaraq Pakistan və ABŞ başda olmaqla bir çox qərb dövlətlərini hökumətini Cundullaha verdiyi dəstəyə görə tənqid edir.   Baxmayaraq ki, 2009-cu ildə ABŞ Cundullah təşkilatını terrorçu təşkilat kimi tanımışdır.

İranın bəluc problemini həll etmək üçün səyləri


İran hazırda özünün ən geridə qalmış və eyni zamanda ən gərgin bölgəsini inkişaf etdirmək üçün sosial-iqtisadi-mədəni tədbirlər həyata keçirir. Hökumət artıq məzhəb üzərindən getməyərək, bəluc kimliyini saxlamaqla yeni irançı tərəfdarları qazanmağa çalışmaqdadır.

 Hökumət Bəlucistanın sünni ldin xadimi, beynəlxalq aləmdə məşhur olan Mövləvi Əbdülhəmid İsmayılzehlə sıx əlaqələr saxlamaqdadır. Baxmayaraq ki, İsmayılzeh İran hökumətini sıx-sıx insan hüquqları, hicab və qadın məsələləri haqqında tənqid etməkdədir.

İran hökuməti Qərbi Asiyanı Çin və Hindistanla birləşdirən dəmir yolu şəbəkəsində halqaya çevrilməli olan Kirman-Zahidan-Çaxbahar dəmir yolunun tikintisi planlaşdırır. Əfqanıstanın Bamiyan əyaləti ilə Sistan-Bəlucistan əyalətindəki Çaxbahar limanını birləşdirən dəmir yolunun tikintisi də  planlar arasındadır. 

Hökumət Sistan-Bəlucistanın şiə və sünni icmalarını barışdırmaq və ixtilafları aradan qaldırmaq üçün tədbirlər görməyə çalışır.

 Bundan əlavə, bəlucların İran dövlətinə sıx bağlılığını təmin etmək üçün,  onları İran silahlı qüvvələrinin sıralarında xidmət etmək istəyini təşviq edir və bu məqsədlə orda hərbi təlim mərkəzləri də açmaqdadır.   Lakin bəluc siyasi liderləri İran hökumətini Bəlucistanın sahil bölgələrində yeni şəhərlər salmaq və şiə vilayətlərindən mühacirləri bu şəhərlərə gətirərək  bəlucları öz ölkələrində azlıq vəziyyətinə salmaqda və bəluc torpaqlarını şiə mühacirlərə verməkdə,  Çin, Rusiya və Hindistanla imzalanmış müqavilələrdə bəlucların iştirakına imkan verilmədi haqqında etiraz səslərini ucaldır.

Bəluc probleminin sonu olacaqmı – bəlucların Qordi düyünü?!

Hazırda İranın Sistan və Bəlucistan bölgəsində  bəluc kimliyi və muxtariyyətini dəstəkləyən 3 əsas qrup vardır.  

1. Dini mərkəzli: Mövləvi Əbdülhəmid İsmayılzehinin rəhbərlik etdiyi sünni elm və mədrəsə dərnəkləri
2. Müxtəlif qeyri-qanuni silahlı qruplar: Cindullah və terror təşkilatları
3. Dünyəvilik tərəfdarları - Bəlucistan Milli Həmrəylik Partiyası

Bütün bunları nəzərə alaraq bəlli olur ki,  Bəluclular hələ uzun illər yaşadıqları coğrafiyada çətinliklərlə yaşayacaq, həm də onlara bəla yaradanlara problem yaradacaqlar.  Bəluc problemi işində ABŞ, Hindistan, İran, Əfqanistan, Pakistan düyün vurduğu Qordi düyününə bənzəyir ki, bu düyünü açacaq şəxs və ya hadisə hələ ki, yoxdur.

 

 Tarix üzrə Fəlsəfə doktoru Günay Hüseyn Əsgərli

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR