İnsanlara hürriyət, millətlərə istiqlal!

Xudavəng məbədinə gedən yolumuzu kəsən “sülhməramlılar”  

3021 25.05.2023 17:07 Yazarlar A A

Ermənistanın müdafiə naziri Suren Papikyan “Rus NATO-su”nun Minskdəki iclasına qatılmaqdan imtina etdi. Erməni tərəf məlumat yayıb ki, guya nazir Nazirlər Kabinetinin iclasında iştirak etdiyi üçün Belarusa gedə bilməyib. Ay dəcəllər, siz uşaq başı aldada bilərsiniz, amma əsrlər boyu təəbəlik etdiyiniz ağalarınız belə nağıllara inanmaz!

Rusiya-Ermənistan münasibətlərinin nə qədər “səmimi” olduğunu bilməyən yoxdur, üz-üzə gələndə “səndən yoxdur”, “bir dənəmsən”, ayrılan kimi... Hakim “Mülki Müqavilə” partiyasının fraksiyasının katibi Artur Hovhannisyan deyib ki, Papikyanın KTMT-yə üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə iştirak etməməsinin Ermənistan-KTMT münasibətlərinə heç bir aidiyyəti yoxdur. Yenə yalan! Sonra da deyir “Təfərrüatlar mənə məlum deyil, əminəm ki, bu məsələ ilə bağlı heç bir siyasi şərh yoxdur. Hesab edirəm ki, bunlar müdafiə nazirinin digər işləri ilə, digər texniki məsələlərlə bağlıdır”.

pashinyan.jpg (48 KB)

Ermənistan Nazirlər Kabinetinin iclasında iştirak bu qədərmi vacib məsələymiş? Əgər vacib idisə, gərək ilk növbədə baş nazir Nikol Paşinyan ayağını kənara atmazdı. Ermənistanın KTMT-dən çıxması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda Papikyanın ortalıqda görünməməsi təəccüblü deyil. Digər tərəfdən, aprelin 10-nu xatırlayırsınızmı? Suren başının dəstəsini də götürüb həvəslə Brüsselə getmişdi, iki günlük səfərə. Gorusda Dığ təxribatı baş verdi və həm Azərbaycan, həm də Ermənistan itkilər verdi. Papikyan da səfərini yarımçıq qoyub, başılovlu geri qayıtdı. Heç şübhəsiz, bu təxribat Ermənistandakı, həmçinin ordudakı “5-ci kolon”un əli ilə törədildi. Papikyanın burnundan gətirdilər Avropanın aparıcı paytaxtına səfər etməsini. İstisna deyil ki, Suren də acığa düşüb, KTMT-nin Minsk toplantısını boykot edib.

Bildirilir ki, Ermənistanı Minskdə KTMT Müdafiə Nazirliyi Şurasının iclasında təşkilatın Birləşmiş Qərargahında ölkənin müdafiə departamentinin nümayəndəsi Artak Tonoyan təmsil edir.

KTMT ölkələrinin Müdafiə Nazirlikləri Rəhbərləri Şurasının iclasında sıradan birisinin iştirakı Rusiyanı şantaj xarakterlidir, “bax, bir gün gedərik”-mesajıdır. Ermənistan şantajda mahirdir axı...

Budur, Papikyanın saymadığı Rusiya Müdafiə naziri Sergey Şoyqu Ermənistanın könlünü almağa çalışıb. Əvvəlcə deyib ki, Qərb üçün əsas məsələ uzunmüddətli perspektivdə Cənubi Qafqazın təhlükəsizliyini və rifahını təmin etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Ardınca “Buna misal olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası deyilən, lakin hərbçilərin və xüsusi xidmət orqanlarının əməkdaşları da daxil olduğu missiyanı göstərmək olar. Düşünürəm ki, onların həqiqətdə orada nə etdiklərini izah etməyə ehtiyac yoxdur. Bu baxımdan, KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”.

Suren_Papikyan_1.jpg (107 KB)

Neçə vaxtdır Ermənistan KTMT-dən dəstək istəmirmi? Hələ 2016-cı il Aprel döyüşlərindən bəri... Amma Azərbaycanın kəskin mövqeyi və bu qurumdakı ölkələrlə ikitərəfli münasibətləri erməni planına mane olur. Lakin Avropa İttifaqının missiyasının Ermənistanda iki illik müddətə yerləşdirilməsi Rusiyanı ciddi şəkildə əndişələndirib. Odur ki, nəhayət, “balans” yaratmaq niyyətinə düşüblər. Hansı ki, onsuz da Rusiyanın Ermənistanda azı 5 min nəfərlik hərbi bazası var. Üstəlik, Rusiya Ermənistanın sərhədlərinə cavabdehlik daşıyır. Amma əgər Ermənistan və Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi indiyədək həllini tapmayıbsa, İrəvanın aqressiv siyasəti nəticəsində, bu halda KTMT missiyası gəlsə də, harada dayanacaq? Sərhəd dəqiqləşsin ki, sonra orda kimsə “darğalıq” eləsin. Sadəcə Avropa İttifaqının missiyasından da narazı qalan Ermənistan hər iki tərəfi şantaj etməklə rəqabət mühiti qazanmaq, qazanmaq istəyir...Nə Dığda, nə də Zodda baş verən hərbi toqquşmalar zamanı Aİ müşahidəçiləri gözə görünmədi, ermənilər onlardan da yanıqlıdır.

Belə görünür ki, Rusiya nəhayət,  növbəti hərbi qüvvələrini göndərmək istəyir regiona, “sülhməramlı” adı ilə. Amma Qarabağdakı “sülhməramlı”lar yarıtdı, indi də “filin erkəyini” yollamaq istəyir Şoyqu. Şimal qonşumuz narahatdır, Nikol Paşinyan deyir Azərbaycanın 86.6 min kv.km-lik ərazisini tanıyıram. Üstəlik, Azərbaycanın da 29,8 min kv.km-lik Ermənistanın ərazi bütövlüyünü tanıdığını söyləyib. Belə olacaqsa, onda Rusiyanın bölgədə hərbi varlığına nə ehtiyac qalacaq? Deməli, iki il sonra Qarabağdakı, daha sonra da Ermənistandakı hərbi qüvvələrin gedişi barədə  Bakı və İrəvanda qəti tələblər səslənə bilər. Odur ki, yeni “KTMT libasında” bölgəyə soxulmaq lazımdır. Düzdür, Rusiya sülhdən danışır, amma araya daha çox girməyə çalışır ki, Ermənistanla Azərbaycan arasında yaxınlaşma baş verməsin. Necə ki, Qarabağa hərbi qüvvələr yeritdi, Şuşa tərəfə gedib, Azərbaycandan iş istəyən erməni qadını belə geri qaytardı, təmaslara imkan vermədi, ötən iki il yarımda. Rus hərbçiləri olmasaydı, erməni və azərbaycanlılar arasında birgəyaşayışa çoxdan start verilmişdi, Rustam Muradovun, Andrey Volkovun, indi də Aleksandr Lentsovun rəhbərlik etdiyi dəstələr imkan vermir... 

1685012859_b32081d6-4bb0-49f6-9d.jpg (54 KB)

Budur, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya hərbçiləri Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etməsinə mane olub! “Sülhməramlılar deyir ki, bu ərazi bizimdir, sizin buraya keçməyə ixtiyarınız yoxdur. Nə vaxt icazə versələr, keçəcəyik”, - Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari deyib.

Nə haqla? Siz kimsiniz və müvəqqəti olduğunuzu doğrudanmı anlamırsınız?! Qarabağda 10 minlik erməni terrorçu ordusunu bağrına basan, onların karvanlarına sarvanlıq edən rus hərbi kontingenti bizim müqəddəs ünvanlarımıza girişimizi yasaqlayacaq qədər azğınlıq edirsə, deməli, onlara “get” deməyin tam zamanıdır!

İki il ərzində erməni “zəvvarları” daşıdılar Qarabağdakı alban kilsələrinə, indi bizim, o məbədlərin əsl sahiblərinin yolunu kəsirlər! Papikyanın belə saya almadığı Şoyqunun əsgərləri bununla nə demək istəyirlər?! Yəqin ki, dövlətimiz bu kimi özbaşınalıqlarla bağlı qətiyyətli sözünü deyəcək. Bunu da yazaq Lentsovun “siftəsi” kimi. Laçın Nəzarət Buraxılış Məntəqəsini açacağını zənn edən general izahat verməlidir...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR