İnsanlara hürriyət, millətlərə istiqlal!

Xudafərin körpüsü: Azərbaycanı birləşdirən bu rəmzi abidə cəbhədə bizə hansı üstünlüyü qazandırdı? - İki rəy

4792 18.10.2020 21:47 Gündəm A A

Azərbaycan Prezidenti İlham Əliyev 18 oktyabr Müstəqillik günündə xalqa növbəti qələbə müjdəsini verdi. “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”,-deyə Prezident tvitter səhifəsindəki müraciətində bildirilir.  

Bu tvitin ardınca torpaqlarımızı erməni terrorçularından təmizləyən Azərbaycanın qəhrəman hərbçiləri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport verdilər. Bu, hər bir azərbaycanlının ürəyini qürurla dolduran növbəti qalibiyyət xəbəri oldu. Xudafərin körpüsünün Azərbaycan xalqının və dövlətinin taleyində, həyatında müstəsna dərəcədə önəmi var. Tarixən o taylı-bu taylı Azərbaycanı, hazırda isə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında rabitə yaradan bu körpünün üzərində bayrağımızın dalğalanması tarixi bir hadisədir. Əsrlərlə yaşı olan Xudafərin körpüsünün erməni işğalından azad edilməsi həm də şərəf məsələsiydi ki, Azərbaycan ordusu bunu bacardı! Təsadüfi deyil ki, Xudafərinin azad edilməsi əməliyyatını və bayrağın ucaldılması mərasimini çoxsaylı güneyli qardaş və bacılarımız da Arazın o tayından göz yaşı və sevinc içərisində izləyirdilər. Cəbrayıl rayonunun bu məntəqəsinin işğaldan təmizlənməsi bir çox cəhətlərinə görə olduqca əhəmiyyətlidir.
 
Ceyhun Məmmədov: “Xudafərin və Qumlaq Cəbrayılın son kəndləridir, ondan sonra Qubadlı və Zəngilan başlayır”
 
Bu barədə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Ceyhun Məmmədov  Musavat.com-a bildirib ki, Xudafərin körpüsünün Azərbaycan üçün tarixi əhəmiyyəti danılmazdır: “Bu abidənin Azərbaycan tarixində xüsusi önəmi var. Qədim dövrdə Azərbaycanın şimalından digər istiqamətə aparan əsas yollardan biri Xudafərindən keçib. Müasir dövrə gəldikdə, İranla Azərbaycan arasındakı razılığa əsasən, orada su elektrik stansiyası inşa olunurdu, bununla bağlı saziş var idi. Amma son dövrlərdə həmin bölgənin işğal altında olmasına görə, Azərbaycan bunu tam həyata keçirə bilmirdi. Eyni zamanda su ehtiyatları baxımından da çətinliklər yaşanırdı. Çünki Araz çayının Xudafərinə yaxın hissəsində su bəndi tikilmişdi. Suvarma baxımından da həmin su bəndinin xüsusi əhəmiyyəti var. Orda bəndin tikilməsi nəticəsində bizim bəzi rayonlarda çətinliklər yaranmışdı. Bundan sonra o çətinlik aradan qalxacaq. Bu ərazinin işğaldan azad olunması əhalinin suvarma işinə də öz töhfəsini verəcək”.

Deputat Ceyhun Məmmədov: Orta məktəblərdə şagirdlərə peşə təhsilinin  istiqamətləri haqqında geniş məlumat verilsin

C.Məmmədov qeyd edib ki, 18 oktyabrda Azərbaycan əsgərinin bayrağımızı ucaltdığı Xudafərinin yaxınlığında vaxtilə sovet əsgərlərinin hərbi hissəsi yerləşirdi: “Sovet dövründə də orda sərhəd var idi, hərbi hissə mövcud idi. Həmçinin sovet dövründə,  müstəqilliyin ilk illərində əsas gediş-gəliş Xudafərin istiqamətindən idi. Razılıq əldə olunmuşdu ki, orada bənd, su elektrik stansiyası tikiləcək. Bu tikintilərlə əlaqədar hələ sovet dövründə gediş-gəliş var idi. Sonrakı dövrdə mətbuatda bu məsələ müzakirə olundu ki, bir neçə əlavə yol inşa olunub, bunu dəqiqləşdirmək lazımdır. İndi o ərazini əsgərlərimiz nəzarətə götürüb və yəqin ki, tikinti-quruculuq işləri həyata keçiriləcək”. Millət vəkili qeyd edib ki, Xudafərin körpüsünün yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndir: “Ondan sonra Qubadlı başlayır və daha sonra Zəngilan rayonu gəlir. Uzun illər bizim vətəndaşlar, o cümlədən, cəbrayıllılar İran ərazisinə keçərək üzü Cəbrayıla doğru həsrətlə baxırdılar. Cəbrayıl deyəndə də ilk yada düşən yerlərdən biri Xudafərin idi. İran sərhədindən Xudafərin kəndi açıq-aydın görünürdü. Bizim insanlar  da İran tərəfə keçəndə oradan Xudafərin körpüsünə və kəndinə baxaraq, həsrət hissi ilə oranı seyr edirdilər. Sosial şəbəkələrdə şimallı-cənublu insanlarımızdan bəhs edən, həm sevinənlər, həm ağlayanlarla bağlı videokadrlar çoxdur. Elə İranda yaşayan azərbaycanlılar da sevinclə  bizim əsgərlərimizin Xudafərini azad etməsini paylaşırlar. Bu xəbər ildırım sürətilə  bütün sosial şəbəkələrdə yayıldı. Deyilənə görə, ermənilər orada dağıntı işləri həyata keçiriblər. Evlər, bağça, məktəblərlə yanaşı, tarixi abidələrin də dağılması barədə məlumat var. Yəqin ki, orda işləyəcək komissiya ətraflı məlumat hazırlayacaq. Vaxtilə orada tarixən iki körpü olub. Körpünün biri, hansı ki, bayrağımız sancıldı, yaxşı vəziyyətdədir. Amma digər körpünün bir hissəsi uçub, yəqin ki, onun bərpası istiqamətində də addımlar atılacaq”.

C.Məmmədov dedi ki, körpünün yaxınlığında yerləşən Xudafərin kəndi kiçik bir kənd olsa da, strateji əhəmiyyəti olan nöqtədə yerləşir: “Xudafərin kəndinin yaxınlığında Qumlaq adlanın kəndimiz yerləşir. Bizim digər kəndlərimiz kimi, onların hamısı erməni vandalları tərəfindən dağıdılıb, bəzilərinin heç izi də qalmayıb. Ermənilər bu vandalizmi bizim bütün kəndlərimizdə həyata keçiriblər. Cəbrayılın, Qarabağin hər guşəsi bizimçün əzizdir. Amma bizim tariximizi özündə əks etdirən, Azərbaycan tarixində mühüm əhəmiyyəti olan ünvanlardan biri Xudafərindir. Bu ərazidən Qubadlıya getmək olur. Xudafərin və Qumlaq Cəbrayılın son kəndləridir, ondan sonra Qubadlı, daha sonra Zəngilan başlayır. Bildiyiniz kimi, Naxçıvana aparan yol da həmin ərazidən keçərək, gedirdi. Vaxtilə Naxçıvana və Ermənistana gedən dəmir yolu da oradan keçirdi”.

Deputat qeyd etdi ki, Cəbrayıla, Xudafərinə getməyi səbirsizliklə gözləyir: “Biz Azərbaycan tarixinin ən şərəfli, ən şanlı dövrlərindən birini yaşayırıq. Çünki  200 ilə yaxın dövrdə biz itirə-itirə gəlmişik. Ermənilər elə bilirdilər ki, bu dəfə də torpaq itkisi ilə  barışacağıq. Amma onların gözləntisinin əksinə oldu, dövlət və millət olaraq ayağa qalxdıq, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızın azadlığı uğrunda əməliyyata  başladı. Çox şükür hamı birdir, hamının daxilində yanğı, sevgi var ki, tezliklə bütün torpaqlarımızı azad edək. İnşallah növbəti qələbələrimizi səbirsizliklə gözləyirik”.

Azad İsazadə: “Rusiya bazarı Azərbaycan üçün yeganə silah mənbəyi idi”
 
Azad İsazadə: “Xudafərin körpüsü böyük strateji əhəmiyyətə malikdir; Qarabağın 5-6 simvolu içərisində Xudafərin də yer alır”
 
Hərbi ekspert Azad İsazadə isə bizimlə söhbətində bildirdi ki, Xudafərin körpüsü böyük strateji əhəmiyyətə malikdir: “Bura həm Azərbaycan-İran münasibətləri baxımından olduqca əhəmiyyətlidir, həm də Qarabağ üzrə gedən döyüşlərdə bu məntəqənin düşməndən təmizlənməsi Qubadlı və  Zəngilana doğru irəliləməyimiz üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ordusu bir az da irəliləsə, Qubadlı və Zəngilandadır”.

Ekspert Xocavəndin önəmi barədə digər bir mühüm məqama diqqət çəkdi: “Qarabağın 5-6 simvolu varsa – birincisi sözsüz ki, Şuşadır – o simvolların içərisində Xudafərin də yer alır. Azərbaycan-İran münasibətləri baxımından da strateji əhəmiyyət kəsb edir. İran o ərazidə su elektrik stansiyası tikib. Elə bu il ərzində neçə dəfə o barədə mətbuatda qalmaqallı məlumatlar çıxıb, ancaq Tehran təkzib edib ki, bu, Azərbaycan-İran su elektrik stansiyasıdır və Ermənistana aidiyyəti yoxdur. Bütün bu suallara da aydınlıq gətirilməsi  baxımından Xudafərin önəm kəsb edir. Üstəlik, Xudafərin tarixi-mənəvi baxımdan müstəsna əhəmiyyətə malikdir”.

A.İsazadə bildirdi ki, İranla sərhəd boyunca Xudafərindən irəli gedərkən ermənilər tərəfdən ciddi müqavimət olmayacaq: “Amma dağlar tərəfdə müqavimətlə rastlaşacağıq. Yəqin ki, daha çox Hadrut-Qubadlı istiqamətində müqavimət olacaq. Bəlkə də heç Zəngilan istiqamətinə hərəkət olmayacaq. Çünki Qubadlıya yollar açıqdır, istər Hadrutdan, istərsə Cəbrayıldan. Biz Qubadlını tam azad edəndən sonra Zəngilan mexaniki olaraq bizim nəzarətimiz altına keçir”.

Ancaq hərbi ekspert ehtiyatlı olmağı da vacib sayır. Hesab edir ki, Ermənistandan Zəngilana çəkilməsi nəzərdə tutulan yolu diqqətdən qaçırmaq olmaz. Həmçinin sovet dövründə də Zəngilandan Ermənistana dəmir yolunun, magistralın olduğunu diqqətə almaq gərəkdir: “Bu mənada Ermənistandan Zəngilana kömək gələ bilər. Odur ki, o istiqaməti tam boş saxlamaq da düzgün deyil. Düzdür, Ermənistanın ehtiyatda o qədər də qüvvəsi yoxdur. Həm də, əsasən, Qarabağın mərkəzi hissəsini qorumağa çalışacaqlar. Amma arxadan zərbə vurmaq üçün o istiqamətdən də istifadə oluna bilər”.

Təbii ki, ekspertimizin dediyi kimi, necə quduz, alçaq bir düşmənlə üz-üzə dayandığımızı unutmamalıyıq. Odur ki, qələbələrimizə sevinməklə yanaşı, heç zaman ehtiyatı əldən verməməliyik. Uşaq qatili olan terrorçular son nəfərinədək məhv edilməsə, yaxud torpaqlarımızdan qovulmasa, arxayınlaşmaq olmaz.

Zəfərlərimizin davamı gəlsin, inşallah!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR